Nida Xəbər
Cənubi Qafqazda tarixi ədaləti bərqərar edən Vaşinqton zirvəsi
Ötən il avqustun 8-i Cənubi Qafqazın geosiyasi tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə tarixi səfəri, Vaşinqtonda Azərbaycan-Ermənistan sülh prosesinin mühüm nəticələrinin rəsmiləşdirilməsi və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar regionda uzun illər davam edən qarşıdurmanın başa çatdırılması istiqamətində prinsipial dönüş yaratdı. Eyni zamanda, səfər Azərbaycan-ABŞ münasibətlərində də yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisəyə çevrildi. Bu, illər ərzində formalaşdırılmış siyasi strategiyanın və Azərbaycanın yaratdığı yeni reallığın sülh gündəliyinə çevrilməsinin məntiqi nəticəsi idi. Prezident İlham Əliyev də avqustun 8-ni “dövlətlərarası münasibətlərimizdə tarixi gün” adlandıraraq bildirmişdi ki, baş verənlər “bütün regiona çox müsbət təsir göstərəcək”.
Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü hərbi-siyasi müstəvidə bərpa etdikdən sonra qarşı tərəfə revanş deyil, sülh təklif etdi və müharibədən sonrakı mərhələnin gündəliyini müəyyənləşdirdi. Bakı yalnız müharibənin başa çatmasını deyil, Azərbaycan-Ermənistan münasibətlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu da konkret şəkildə ortaya qoydu.
İki il sonra - 2022-ci ilin martında isə Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürdü. Bu prinsiplər dövlətlərin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, ərazi iddialarından imtina edilməsini, güc tətbiqindən və bu xarakterli hədədən çəkinməyi, dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, həmçinin nəqliyyat və kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Sonrakı illərdə aparılan danışıqların və əldə olunan nəticələrin konseptual əsasını da məhz bu beş prinsip təşkil etdi. Prezident İlham Əliyev həmin təşəbbüsün müəllifliyini xüsusi vurğulayaraq demişdi: “Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı”.
Beləliklə, Azərbaycan sülhün hansı siyasi və hüquqi çərçivədə qurulmalı olduğunu da müəyyənləşdirdi. Bu baxımdan Vaşinqton Zirvəsinin siyasi mahiyyətini bu hadisədən əvvəl baş verən proseslərdən ayrı təsəvvür etmək mümkün deyil. Həmin görüş Azərbaycanın illər ərzində irəli sürdüyü gündəliyin beynəlxalq səviyyədə növbəti mühüm təsdiqi oldu.
Dövlətimizin başçısı ötən il avqustun 8-də Vaşinqtonda Azərtac-a müsahibəsində həmin prosesi xatırladaraq deyib: “Azərbaycan məhz o vaxt gələcək baxışlarını ortaya qoydu. Yəni ki, bu boşluq çox davam edə bilməz. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi olmalıdır və onun təşəbbüskarı qeyd etdiyiniz kimi, biz olmuşuq. Biz o təşəbbüsü irəli sürəndən sonra yenə də heç yerdən cavab gəlmədi. Onda biz məlum əsas beş prinsipi ortaya qoyduq və bunun üzərində sülh sazişinin mətnini də biz hazırlamışdıq”.
Bu prosesin beynəlxalq müstəvidə inkişafında ABŞ ilə münasibətlərin dinamikası da mühüm rol oynadı. ABŞ-Azərbaycan münasibətlərində əvvəlki administrasiya dövründə yaranmış gərginlikdən fərqli olaraq, Donald Trampın prezident seçilməsi ilə Vaşinqtonun regiona və Azərbaycana yanaşmasında yeni siyasi xətt formalaşmağa başladı.
Co Bayden administrasiyası dövründə Vaşinqtonun Azərbaycana münasibətində yaranan gərginlik və ikitərəfli əlaqələrdə əvvəlki dövrlərdə əldə olunmuş nəticələrə xələl gətirən yanaşmalar münasibətlərin inkişafına mənfi təsir göstərdi. Baydenin prezidentliyindən əvvəlki siyasi fəaliyyətində də Azərbaycana qarşı müəyyən sərt mövqelər və sanksiya təşəbbüsləri müşahidə olunmuşdu. Onun administrasiyasının regiona yanaşması isə Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları və ölkəmizin regiondakı aparıcı rolunu lazımi səviyyədə nəzərə almamaqla müşayiət edildi.
Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun xarici siyasətində yeni yanaşmalar ön plana çıxdı. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Tramp beynəlxalq münasibətlərdə sülh gündəliyinə xüsusi əhəmiyyət verdi. Bu yanaşma ABŞ-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşmədi və iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsinin formalaşması üçün imkan yaratdı.
Əslində, Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında siyasi dialoq Vaşinqton görüşü ilə başlamamışdı. Trampın prezident seçilməsindən əvvəl də iki siyasi xadim arasında münasibətlərin inkişafı, məktublaşmalar və qarşılıqlı siyasi mesajlar bu dialoqun əsasını formalaşdırmışdı. Vaşinqton Zirvəsi məhz həmin siyasi təmasların və qarşılıqlı etimadın daha yüksək səviyyəyə yüksəldiyi mərhələ kimi çıxış etdi.
2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə mühüm sənədlər imzalandı. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalandı. Vaşinqtonda əldə olunan razılaşmalar uzun illər davam edən qarşıdurmadan sonra tərəflər arasında yeni münasibətlər modelinin əsas konturlarını müəyyənləşdirdi. Birgə Bəyannamədə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının vacibliyi təsdiqləndi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılması nəzərdə tutuldu.
Vaşinqtonda əldə edilən razılaşmalarla paralel olaraq, Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafı üçün də mühüm siyasi qərarlar qəbul edildi. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılaşma iki ölkə münasibətlərinin yeni mərhələyə keçidinin mühüm göstəricisi oldu. Bununla yanaşı, ABŞ tərəfindən “907-ci düzəliş”in tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi də ikitərəfli münasibətlərdə yeni siyasi atmosferin formalaşdığını göstərdi. Beləliklə, 8 avqust Vaşinqton səfəri həm Azərbaycan-Ermənistan sülh gündəliyində dönüş nöqtəsi, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni əməkdaşlıq çərçivəsinin formalaşdığı mühüm mərhələ kimi çıxış etdi.
Vaşinqton prosesində ABŞ Prezidenti Donald Trampın iştirakı və siyasi dəstəyi xüsusi əhəmiyyət daşıdı. Tramp özü Vaşinqton görüşünü tarixi sülh sammiti adlandıraraq Azərbaycan və Ermənistan liderlərini prosesə verdikləri dəstəyə görə təbrik etdi. Prezident İlham Əliyev də Trampın rolunu dəfələrlə xüsusi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, sülh sazişinin razılaşdırılmış mətninin ABŞ Prezidentinin iştirakı ilə paraflanması sənədin geriyə dönüş ehtimalını əhəmiyyətli dərəcədə aradan qaldırır. İki lider arasında sonrakı diplomatik yazışmalar da bu siyasi dialoqun davam etdiyini göstərdi. Prezident İlham Əliyev 2025-ci ilin dekabrında Trampın sülh səylərini yüksək qiymətləndirmiş, 2026-cı ilin iyulunda isə dövlətimizin başçısı Trampı “Sülh adamı” adlandıraraq onun prosesdəki əvəzsiz rolunu bir daha qeyd etmişdir. Beləliklə, Vaşinqton prosesində Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi ilə ABŞ Prezidentinin siyasi dəstəyi bir araya gəldi və uzun illər nəticəsiz qalan prosesin mühüm mərhələsi gerçəkləşdi.
Vaşinqton Zirvəsinin ən mühüm nəticələrindən biri də regionun nəqliyyat xəritəsini dəyişə biləcək TRIPP (“Trump Route for International Peace and Prosperity”) layihəsinin gündəmə gətirilməsi oldu. Bu layihənin əhəmiyyəti yalnız bir nəqliyyat xəttinin yaradılması ilə məhdudlaşmır. TRIPP Cənubi Qafqazın Şərq-Qərb nəqliyyat sistemində rolunu artırmaq, Azərbaycanı yeni regional bağlantıların əsas mərkəzlərindən birinə çevirmək və regionun iqtisadi potensialını genişləndirmək imkanına malikdir. Bu baxımdan kommunikasiyaların açılması yalnız nəqliyyat imkanlarının genişlənməsi deyil, həm də Azərbaycan və Ermənistan arasında qarşılıqlı iqtisadi maraqların formalaşması və regionda davamlı sülh üçün yeni əsasların yaradılması deməkdir.
Avqustun 8-dən sonra Cənubi Qafqazda yaranan mənzərə yeni status-kvonun formalaşdığını göstərir. Azərbaycan 2020-ci ildə hərbi-siyasi reallığı dəyişdirdi, sonrakı mərhələdə isə həmin reallığın siyasi və diplomatik nəticələrinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atdı. İşğala və qarşıdurmaya söykənən köhnə status-kvo artıq tarixə çevrilib. Onun yerini suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, kommunikasiyaların açılması və regional əməkdaşlıq prinsiplərinə əsaslanan yeni siyasi reallıq tutur.
Azərbaycanın bu prosesdəki mövqeyi təkcə hərbi qələbə ilə məhdudlaşmadı. Prezident İlham Əliyev müharibədə Qələbədən sonra yaranmış hərbi-siyasi üstünlüyü ardıcıl diplomatik siyasətlə möhkəmləndirdi və Ermənistanı yeni reallığı qəbul etməyə, sülh gündəliyinə uyğunlaşmağa məcbur etdi. Ermənistanın əvvəlki illərdəki revanşist yanaşmalardan geri çəkilməsi, sülh sazişinin mətninin razılaşdırılması və yeni regional əməkdaşlıq gündəliyinə qoşulması məhz bu reallığın nəticəsi kimi qiymətləndirilə bilər. Bununla da, Azərbaycan həm müharibədə qalib ölkə, həm də sülh gündəliyinin əsas müəllifi kimi çıxış etdi.
Beləliklə, Cənubi Qafqazda formalaşan yeni status-kvo öz-özünə yaranmayıb. Onun siyasi əsaslarını müəyyənləşdirən, Azərbaycanın yaratdığı reallığı sülh gündəliyinə çevirən və regionun gələcək inkişaf istiqamətlərini formalaşdıran əsas siyasi xətt Prezident İlham Əliyevin strategiyasıdır.
Ötən il avqustun 8-i Azərbaycan dövlətinin Zəfər salnaməsində xüsusi yer tutur. Bu tarix bir daha göstərdi ki, hərbi-siyasi qələbəni davamlı sülhə çevirmək üçün yalnız güc deyil, uzaqgörən siyasi iradə, dəqiq diplomatik strategiya və milli maraqlara söykənən ardıcıl siyasət də tələb olunur. Vaşinqton Zirvəsi məhz bu iradənin beynəlxalq səviyyədə təsdiqi oldu. Azərbaycanın yaratdığı yeni reallıq diplomatik müstəvidə möhkəmləndirildi, tarixi ədalət sülh gündəliyi ilə tamamlandı və Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin siyasi konturları müəyyənləşdi.(Azərtac)
-
Digər10:11Azərbaycanı etibarlı qardaş ölkə kimi yüksək qiymətləndiririk! - Pakistan Prezidenti
-
Region09:52Paşinyan Azərbaycanı təbrik etdi
-
Region09:32Hakopyan Bəxtiyardan razıdır: Ölkəmizdə qalsınlar, sayımız artsın!
-
Nida Xəbər 09:20Cənubi Qafqazda tarixi ədaləti bərqərar edən Vaşinqton zirvəsi
-
ABŞ08:15Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu yayımladı
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto






.jpg)





















.jpg)








