Bunu dinimizə və dəyərlərimizə hörmətin əlaməti kimi qəbul edirik - Əliyevdən dünyaya MESAJ
Bizi izləyin

Nida Təhlil

Bunu dinimizə və dəyərlərimizə hörmətin əlaməti kimi qəbul edirik - Əliyevdən dünyaya MESAJ

Bunu dinimizə və dəyərlərimizə hörmətin əlaməti kimi qəbul edirik - Əliyevdən dünyaya MESAJ

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın multikulturalizm ənənələri, dini və etnik dözümlülük, İslam dünyası ilə münasibətləri və dini irsin qorunması ilə bağlı mühüm məqamlara toxunub. Dövlət başçısı Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi və təşkilata sədrlik edəcəyini bildirərək bunu ölkəmizin siyasətinə, dininə, ənənələrinə və dəyərlərinə göstərilən hörmətin əlaməti kimi qiymətləndirib.

Millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın İslam dünyasında fəal mövqeyi, dini irsin qorunması və işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası ölkəmizin bu sahəyə xüsusi diqqətinin göstəricisidir.

Deputatın sözlərinə görə, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında fəal iştirakı və 2027-ci ildə təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin İslam dünyasındakı mövqeyini bir daha nümayiş etdirir.

Qeyd edək ki, Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın ev sahibliyi edəcəyi tədbirin əhəmiyyətini belə vurğulayıb:

“Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik”.

Vüqar Bayramov qeyd etdi ki, Azərbaycanda İslam dəyərlərinə hörmətlə yanaşılır və onların qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Onun fikrincə, ölkəmizin həm dünyəvi dövlət olması, həm də İslam irsinin qorunmasına xüsusi önəm verməsi dinlərə və dini dəyərlərə münasibətdə balanslı yanaşmanı ortaya qoyur.

Millət vəkili vurğuladı ki, Azərbaycan dünyəvi dövlət olaraq müxtəlif dinlərin nümayəndələrinin öz inanclarını yaşatması üçün lazımi imkanlar yaradır. Eyni zamanda, müsəlman ölkəsi kimi İslam dininin və onun tarixi-mədəni irsinin qorunması da mühüm vəzifələrdəndir.

Yeri gəlmişkən xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu xatırladaraq bu ənənələrin ölkənin inkişafında rolunu xüsusi qeyd edib:

“Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk”.

Dövlət başçısı cəmiyyətdəki həmrəyliyin Azərbaycanın sabit inkişafı üçün əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdirlər və bir ailə kimi yaşayırlar. Prezidentin sözlərinə görə, qarşılıqlı hörmət və anlaşma ölkəmizin mühüm dəyərlərindəndir.

Vüqar Bayramov şərhinin davamında bildirdi ki, Azərbaycanın bu yanaşması işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpasında da özünü göstərir. Ermənistanın uzun müddət işğal altında saxladığı ərazilərdə dağıdılmış məscidlərin yenidən qurulması və bərpası İslam irsinin qorunmasına verilən önəmin bariz nümunəsidir.

Millət vəkili qeyd etdi ki, hazırda həmin ərazilərdə bərpa olunan məscidlərin bir neçəsində artıq cümə namazları və digər namazlar qılınır. Bu, dini abidələrin yalnız fiziki olaraq bərpa edilmədiyini, eyni zamanda, onların dini-mənəvi həyatdakı funksiyalarının da yenidən təmin olunduğunu göstərir.

Prezident İlham Əliyev forumdakı çıxışında işğal dövründə Azərbaycanın dini və tarixi abidələrinin dağıdılmasına da diqqət çəkib. Dövlət başçısı Ermənistanın Qarabağda 65 məscidi dağıtdığını bildirib:

“Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır”.

Bu məsələyə toxunan deputat vurğuladı ki, məscidlərin bərpası və dini irsin qorunması Azərbaycanın həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmiz həm İslam dəyərlərinə sahib çıxır, həm də müxtəlif dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə töhfə verir.

"Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakı və dini-mədəni irsin qorunması istiqamətində gördüyü işlər ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir", - deyə Vüqar Bayramov fikrini yekunlaşdırdı.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm