Netanyahu postundan gedəcəkmi? - İsrail seçkilərinin detalları və ssenarilər
Bizi izləyin

Nida Təhlil

Netanyahu postundan gedəcəkmi? - İsrail seçkilərinin detalları və ssenarilər

Netanyahu postundan gedəcəkmi? - İsrail seçkilərinin detalları və ssenarilər

İsraildə Knesset seçkilərinin ilkin nəticələrinə görə Benyamin Netanyahunun liderlik etdiyi blok (“Lukid”, “Dini Sionizm”, “Yəhudi Gücü”) liderdir. İkinci yerdə İsrail Ordusunun keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun (Gadi Eisenkot) rəhbərlik etdiyi “Yaşar” (“Doğru”) partiyası və onun ətrafında birləşən qüvvələr yer alır.

Netanyahu qələbəsini elan etsə də, əsl proses bundan sonra başlayır. İsraildə hər zaman olduğu kimi, bu dəfə də heç bir partiya-blok hökuməti təkbaşına formalaşdırmaq üçün 120 yerlik Knessetdə lazım olan 61 mandatı əldə edə bilməyib. Seçkinin yekun nəticələri açıqlandıqdan sonra qaydalara görə, İsrail prezidenti hökuməti formalaşdırmaq üçün Knesset üzvlərindən birinə mandat verməlidir. Növbəti 28 gündə hökumət qurulmasa, o zaman, prezident ya bu mandatı başqa namizədə verir, ya da parlamentin öhdəsinə buraxır. Koalisiyanın qurulması mümkün olmasa, seçkilər yenidən keçirilir. KoalisiyanıN qurulması aylarla çəkə bilər, eyni zamanda, keçmiş təcrübə seçkilərin yenidən keçirilməsi və bunun tez-tez təkrarlanmasının mümkünlüyünü də göstərir.

Koalisiya hökumətinini qurulmasında üç mümkün ssenari görünür.

Birinci ssenari: seçkinin qalibi olan iki tərəf – sağçı Netanyahu və mərkəzçi Ayzenkot blokları anlaşır.

Nəzəri olaraq mümkün görünən bu variantın praktiki reallaşmasında çətinliklər var. Çünki Ayzenkotun rəhbərlik etdiyi cəbhə iki halda bu varianta razı ola bilər: biri ultra sağçıların kənarlaşdırılması, digəri baş nazir postunun götürülməsidir.

Seçkidən öncə keçirilən rəy sorğularında iqtidar və müxalifətin səsləri arasında müəyyən fərqlər olsa da, İsrail cəmiyyətində çoxluq Ayzenkotun baş nazir olmasının tərəfdarıdır. İsraillilər keçmiş Baş Qərargah rəisini daha praqmatik siyasətçi kimi qəbul edir, digər tərəfdən, oğlunun Qəzza müharibəsində ölməsi onun reytinqinə müsbət təsir edib.

Lakin partiyasının ən çox səsi toplaması ilə mövqeyini gücləndirən Netanyahu postunu vermək niyyətində deyil. Baş nazirlikdən getməsi onun məsuliyyətə cəlb edilməsi riskini də artırır. Digər tərəfdən, seçkidən sonra “İsrailə sağçı, millətçi qüvvələr rəhbərlik etməlidir” açıqlaması Netanyahu ilə rəqib qüvvələr arasında ideoloji ziddiyyətlərə diqqət çəkir.

Bu halda hər iki blok kiçik partiyalarla anlaşmağa çalışacaq.

İkinci ssenari: ərəb partiyaları ilə koalisiyanın qurulmasıdır.

İsrail əhalisinin 20 faizini təşkil edən ərəblər bu seçkidə ciddi aktivlik nümayiş etdirdi, nəticədə Hadaş (Sülh və Bərabərlik üçün Demokratik Cəbhə), Taal (Ərəb Hərəkatı İslahat Uğrunda) və Balad (Milli Demokratik Alyans) partiyalarının yer aldığı “Birgə Ərəb Siyahısı” və Raam (Birləşmiş Ərəb Siyahısı) partiyası uğur əldə etdi (son məlumata görə 15 faizə yaxın səs qazanıblar, bu rəqəm dəyişə bilər).

Netanyahu və Ayzenkot blokları ərəb partiyaları ilə koalisiya quraraq, mütləq çoxluğu təmin edə bilər, hərçənd, bu qüvvələr arasında siyasi-ideoloji ziddiyyətlər dərindir.

- Birgə Ərəb Siyahısı Fələstin münaqişəsinin dayandırılmasını və “iki dövlətli həll” variantını dəstəkləyir;
- Raam-ın lideri Mansur Abbas digər ərəblərdən fərqli olaraq, Qəzza məsələsi haqda çox danışmır və onun daha öncə hökumətdə yer alması yeni koalisiyada iştirakının mümkünlüyünü ön plana çıxarır. Hərçənd, Raam təxminən 5 faizə qədər səs toplayıb (bu rəqəm dəyişə bilər). Netanyahu blokunun Raamla anşalaraq, mütləq çoxluğu əldə etməsi şansı müəyyən qədər olsa da, Ayzenkotun bu şansı zəif görünür.

Birgə Ərəb Siyahısı ilə koalisiya qurulması isə siyasi-ideoloji ziddiyyətlərə görə qeyri-mümkün variantdır. Ümumilikdə siyasi qüvvələr ərəb partiyaları ilə koalisiyaya isti yanaşmır.

Üçüncü ssenari: Ultraortodoks (Haredilər) yəhudiləri təmsil edən “Tövratın Birləşmiş Yəhudiliyi” və “Şas” partiyaları ilə koalisiyanın qurulmasıdır.

Bu, hansı tərəfin haredilərin istəyini qəbul etməsinə bağlıdır. Ultraortodokslar gənc tərəfdarlarının hərbi xidmətə çağırılmamasını istəyirlər. Daha öncə Netanyahu hökumətində yer alan bu qüvvələr məhz hərbi xidmət məsələsində fikir ayrılığına görə koalisiyadan ayrıldı. Onların hərbi xidmətə getməməsi İsrail cəmiyyətində narazılıq yaradan əsas mövzulardandır. Ayzenkot bloku bu məsələdə haredilərin istəyini qəbul etmir, Netanyahu bloku isə loyal mövqe sərgiləsə də, ictimai narazılıq maneələr yaradır.

Hər üç ssenari İsraildə koalisiya hökumətinin qurulmasını çətinləşdirir. Bu seçkilərin yekun nəticəsi, xüsusilə Netanyahunun hakimiyyətdə qalıb-qalmaması həm də Yaxın Şərqdəki proseslər – İran və Qəzza müharibəsi fonunda müzakirə edilir və “İsrailin xarici siyasəti dəyişəcəkmi” sualını ön plana çıxarır.

Sualın mümkün cavabı region üçün o qədər də ürəkaçan deyil. Çünki Netanyahunun rəqibləri də Qəzza və İran məsələsinə İsrailin təhlükəsizliyi kontekstində yanaşır, hətta bəzən daha sərt mövqe sərgiləyirlər. Misal üçün, Ayzenkot Netanyahunun İranın nüvə proqramını dağıtmaq istiqamətində zəiflik göstərdiyini düşünür. Bu, hər iki variantda – Netanyahunun postunda qalması, yaxud getməsi halında regionun müharibədən xilas olmayacağını deməyə əsas verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm