SELFİE
Bizi izləyin

Digər

SELFİE

O, dinc dövrdə müdafiə naziri, müharibə vaxtı kültür bakanı işləyə bilər.

İndi nə hərb, nə sülhdü. Yazıçılar Birliyinin katibliyi və «525-ci qəzet»in baş redaktorluğu bəs eləyir.

***

Səkkizin yarısı Zahir həyətdəydi, doqquza işləmiş canlı yayımda camaat tamaşamıza durmuşdu, növbəti qonaqlar ləngidiyindən bir saat danışası olduq, sözlər ağzımızda mürgüləyirdi, həmkarımsa arada aparıcı qıza kompliment deməyindən də qalmırdı, nəhayət, gözümün acısını da götürüb studiyadan çıxdım, sürücü bu dəfə bizi Sabir heykəlinin yanında düşürəsi oldu, "Torqovı"nı iki dövrə vurandan sonra adını oxuya bilmədiyim bir restoranda nəsə daddıq, ordan sahildəki oteldə kitab təqdimatına dəyəsiydi, çörək yeyib aradan çıxmağa utandığımdan böyrünə düşəsi oldum, çatan kimi iki sayta müsahibə verdi, face üçün şəkillər çəkdi, sonra rəyasətə dəvət aldığından məni tək buraxıb məmurlara qoşuldu, bir də baxdım ki, mikrofon önündədi. Yazıçılar Birliyinə çatanda onu qapıda gözləyən iyirmiyə yaxın gənci görüb otağına dəvət elədi, hal-əhval, tanışlıq, oyan-buyan, qəzetə tərpənəsi olduq, “letuçka” ardından Tahir müəllimin restoran qonaqlığı: yemək, içmək, zarafat, şeir dedi, arada müğənniyə qoşulub oynadı da, birə işləmiş evə çatanda birinci təzyiqimi ölçdürdüm, iki gün başım yastıqdan qalxmadı, sonra öyrəndim ki, gecə saat üçdə anası zəng vurub, Müseyib müəllimin nasazlığından gileylənib, o da maşını xodduyub düz Masazıra, səhər də qayıdıb evə, üzün-başın qırxdırıb, çimib, efirdəkindən də qəşəng kostyumunu geyib, gəlib Birliyə - təxminən onun yarısı qapısı açıq olub...

***

...Bəs bu nə qəm nəğməsidi –

ağaclar ağı deyir,

Bəs o qara bulud niyə tabuta bənzəyir –

keçir damların üstündən?!

***

Planımda gənclərin “Dərgidə kitab”ını çıxarmaqdı. Bir də AYB-nin gənclər üzrə katibinin. Şeirlərini al dillə alıb oxudum. Bu, onun üçüncü nəfəsi olmalıdı şeirdə. Yeniyetmə, cavan vaxtları, bir də indi. Telefonuna mesaj yazdım: “Sən özünü necə gizləyə bilmisən?..”

***

"Face"də çox aktivdi. Həyatda olduğu kimi. Kompleksi nə gəzir? Bir də gördün tıxacın, “QAİ”nin, quşun, tələbələrinin şəklini çəkir. Son şeirlər onun öz şəklidi. Klaviaturayla çəkib. R. M-in selfiesi...

***

Sərhədlər çoxdan itib aramızda, ən birinci də zarafatla həqiqətin sınırı. Biz “gömrüyü” adlayıb o üzə keçmişik. Başqa ölkədə yaşayan iki mühacir kimi. Amma elə şeylər var ki, orda sərhədi qorumuşuq. Top-tüfəngsiz, ortalığa fişəng tullamadan. Sakit və səbirlə...

***

Ancaq onun ağlına gələrdi ki, Laura Cəbrayıllının kitab təqdimatında mənə söz versin. Yaxud "Natəvan" klubunda Anar müəllimə lappadan qayıtsın ki, Ağsəs bezib bu eyni adamların çıxışlarından, bəlkə, onu dinləyək, görək özü nə deyir?..

***

Əgər əlli yaşı əlli metr olsa və qumun üzərində bir cızıq çəkilsəydi, onun iki ayağının və bir başmağının yeri qalardı: qocalmaq istəmirəm. Son şeirlərinin mayası budu. Hər şey təzə sətirdən, abzasdan başlayır...

***

Mənsum İbrahimov, mən və o. Üçümüzü bilirsiz həm də nə birləşdirir? İyirmi ilə yaxındı mobil nömrəmizi dəyişmirik. Deputatlığa namizəd olanda fikirləşdim ki, Milli Məclis onu əlimizdən alacaq. Dəyişiklik, nədənsə, birinci nömrədən başlayır. Sonra başqa nömrələr gəlir. O seçilmədi və dəyişilməzliyi ilə seçildi...

***

Bir neçə il qabaq da ondan yazmışdım: “Qapısı açıq Məcid”. Essemi xatırladıram ki, söhbətin kimdən getdiyi ayan olsun...

***

O, məni Ağsəs çağırır, mən ona bu yazıda Məcid deyəcəm. MƏCİDİN QAPISI AÇIQDI: “Nərimanov” metrostansiyasının yaylı qapıları “525-ci qəzet”in baş redaktorunun kabinetinə açılır.

Azərbaycan Yazıçılar Birliyinə aparan yollar həm də gənclər üzrə katibin otağından keçir.

İnşallah, sevimli Ağcabədi camaatı gələn növbəti deputat seçkilərində rayonun alaqapısından birbaşa onun Milli Məclisdəki otağına adlayacaq. Rəşad Məcidin bircə qələminin qapısında növbədi: yazmadığı şeir və hekayələrin növbəsi. “10 sentyabr”dan sonra ondan 364 hekayə gözləyirəm, çünki adi təqvimdə 365 gün var, ədəbi təqvimdən danışsaq, Məcid gərək qələmi yerə qoymaya...

...Qarabağda, Ağdamda tək-tük dördmərtəbəli daş evlərin birinin ikinci mərtəbəsində böyüyən balaca uşaq balkondan baxanda həyətdə ağacı görürdü, ağacdan bir az yuxarıda dağı görürdü, dağdan bir az yuxarıda göyü görürdü, göydən bir az yuxarıda Allahı görürdü, gecə yatağına girəndə yuxu görürdü, yuxuda da həmin balkonuydu, həmin ağacıydı, həmin dağıydı, həmin göyüydü, həmin Allahıydı, həmin yuxuydu gördüyü... uşaq balkondan ağaca, ağacdan dağa, dağdan göyə, göydən... yoxa çıxdı. Daşladığı darvazaların qulağı batdı, dalaşdığı tay-tuşları əsgər getdilər, sevdiyi qızlara nişan taxdılar, uşaq üzə çıxmadı.

Universitetin jurnalistika fakültəsində, “Elm və həyat”ın korrektor otağında həm də ona oxşayan bir oğlan peyda oldu. Yetdiyinə yetdi, üzünə açılmayan qapıları daşladı, şeir yazmağa başladı, nə başladı. Balkon yadına düşdü yazdı, ağac yadına düşdü yazdı, göy yadına düşdü yazdı, həm də oxşadığı uşaq yadına düşdü yazdı, bircə Allahı xatırlaya bilmədi. Oğlan böyüdükcə, oxuduqca, yazdıqca Allahı unutmağa başlamışdı. Allah bir də onun yadına balkondan gördüyü dağdakı ağacı düşmənlər kəsəndə düşdü. Qayıdıb təzədən həmin uşaq oldu, həmin uşağa oxşadı, həmin uşağı oxşadı. Baxdı ki, uşağın saçı tikan kimidi. Buyğur şeiri boşladı, publisistikaya başladı, nə başladı. Azadlıqdan yazdı, müstəqillikdən yazdı, ağacdan yazdı, dağdan yazdı, sonra istədi yazdıqlarına baş çəksin, gördü: azadlıq var, müstəqillik var, Qarabağ yoxdu, Ağdam yoxdu, Qarabağda, Ağdamda tək-tük dördmərtəbəli daş ev yoxdu, balkon yoxdu, ağac yoxdu, göy yoxdu, qorxdu, birdən Allah da olmaz, qəddin dikəldib qəddinə baxdı, cəddin çağırıb cəddinə baxdı, gördü, yox: Allah Var! Var! Var!

Təqvimə baxdı: sentyabrın onuydu...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm