İlham Əliyev Moskvaya qalib ölkənin Ali Baş Komandanı kimi səfər etdi
Bizi izləyin

Qarabağ

İlham Əliyev Moskvaya qalib ölkənin Ali Baş Komandanı kimi səfər etdi

“Üç ölkə başçısının görüşü 10 noyabr üçtərəfli bəyanatının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Moskva görüşünün əsas nəticəsi yaxın zamanda Dağlıq Qarabağın inkişafı ilə bağlı planı təqdim etməli olan birgə işçi qrupun yaradılması oldu.

“Ermənistan tərəfinin post-müharibə dövründə müxtəlif istiqamətli təxribatlarını nəzərə alsaq, Moskva görüşündə Nikol Paşinyan bir çox suallara cavab verməli idi. Elə bu səbəbdən də Ermənistan baş nazirinin üzünü bürümüş həyəcan, çıxışı zamanı səsindəki titrəmələr açıq-aydın hiss olunurdu. Onun əksinə olaraq, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın paytaxtına qalib ölkənin Ali Baş Komandanı kimi səfər etmişdi. İstər üçtərəfli görüşdə, istərsə də mətbuat konfransında o, özünə əminliyini ifadə edərək münaqişənin artıq arxada qaldığını bəyan etdi.

Görüşdə müzakirə olunan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən əsas məsələ Naxçıvan dəhlizi və kommunikasiyaların bərpası ilə bağlı idi. Maddədəki “Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisində həyata keçirilən beynəlxalq daşımaların” ifadəsi söhbətin məhz Naxçıvan dəhlizindən getdiyini təsdiqləyir. Belə ki, Laçın dəhlizindən beynəlxalq daşımaların keçməyəcəyi və bu dəhlizin yalnız humanitar əlaqələr üçün nəzərdə tutulduğu məlumdur. Odur ki, kommunikasiyaların bərpası, o cümlədən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizin açılışı ilə bağlı işçi qrupun yaradılması xüsusi əhəmiyyət kəsb edir. Prezidentin də qeyd etdiyi kimi, kommunikasiyaların bərpası regionun inkişafına böyük dinamika gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Kommunikasiyaların bərpası bütün regionun mənafeyinə cavab verir və bu da regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranmasına, yeni nəqliyyat kommunikasiyalarının reallaşdırılmasına gətirib çıxaracaq. Digər tərəfdən isə Naxçıvan dəhlizinin açılması ilə Ermənistan üçün həyati əhəmiyyət daşıyan kommunikasiya əlaqələri Azərbaycan üzərindən keçəcək ki, bu da Ermənistanın bizdən asılılığına gətirib çıxaracaq.

Beləliklə martın 1-dək işçi qrup Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan və Ermənistan ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini təqdim edəcək”.

Politoloq qeyd edib ki, digər xüsusi əhəmiyyət kəsb edən əsas məsələlərdən biri də həmin görüşdə Dağlıq Qarabağın statusu, əsirlərin geri qaytarılması və bir sıra digər məsələlərin müzakirə olunacağı ilə bağlı gözləntilər idi:

“Paşinyan hələ görüşdən qabaq Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və xüsusi təyinatlılarının Xocavəndin Tuğ kəndində canlı ələ keçirdiyi 62 erməninin buraxılmasını tələb edir və Naxçıvan dəhlizinin açılması üçün bunu şərt kimi irəli sürürdü. Azərbaycan isə həmin şəxslərin əsir yox, terrorist olduqlarını və 10 noyabr bəyanatından sonra bölgəyə gəldiklərini, deməli, bəyanatda nəzərdə tutulan maddələrin onlara şamil edilə bilməyəcəyini vurğuladı. Göründüyü kimi, görüşdə Paşinyanın bu şərtinə məhəl qoyulmayıb, yalnız dəhlizlərin açılması məsələsinə qərar verilib. Dağlıq Qarabağın statusu məsələsinin müzakirə predmeti olmaması da 11 yanvar görüşünün tamamilə Azərbaycanın diktəsi altında baş tutduğunu deməyə əsas verir.

Sadalananları erməni mətbuatı da məhz elə bu prizmadan şərh edir. Ermənistan KİV-də üçtərəfli görüşün nəticələri uğursuz adlandırılıb. Düşmən tərəfi daha çox məyus edən Dağlıq Qarabağın statusunun görüşdə müzakirə edilməməsi olub. Erməni portalları görüşün Azərbaycan Prezidentinin qələbəsi ilə yekunlaşdığını yazıb. “İşıqlı Ermənistan” Partiyasının sədri, deputat Edmon Marukyan isə Moskvada imzalanan yeni razılaşmanın yalnız Azərbaycanın maraqlarına uyğun olduğunu və müzakirələrin yenə də rəsmi Bakının gündəliyi çərçivəsində aparıldığını qeyd edib.

Bütün bu sadalananlar bir daha dünən imzalanan bəyanatın Azərbaycanın lehinə olduğunu, Ermənistanın irəli sürdüyü təkliflərin isə qəbul edilmədiyi həqiqətini ortaya çıxarır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm