Qarabağ
Məzarları dağıtdılar, qoç başlarını apardılar - Professor erməni vandallığından DANIŞDI
Ermənilərlə qonşu olmağın acılarını 200 ilə yaxın bir dövrdür ki, yaşayırıq. Ata-babalarımız tarixi ərazilərimizə sığınan bu yersiz, yurdsuz topluluğa qucaq açıblar. Yedirib, içiriblər. Əvəzində isə ermənilər bir az özlərinə gələn kimi bu yaxşılıqların əvəzini qəddarlıqları ilə çıxıblar.
Tarixi abidələrimizi dağıdıblar. Məzarlıqlarımızı yox etməyə çalışıblar. Ən yaxşı halda bizim tariximizi özününküləşdirməyə can atıblar. Tarixi Azərbaycan, indiki Ermənistan ərazisində məhv edilən müsəlman türk əhalisinin məzarlıqları, ev-eşikləri azmı dağıntılara məruz qalıb. Burada dağıntı yüngül ifadədir, onların demək olar ki, hamısı silinib. Ən yaxşı halda saxtalaşdırılıb.
Hətta onlar bunu “özlərinə” qarşı da ediblər. Necə? 1978-ci ildə ermənilər Qarabağda – indiki Tərtər rayonu ərazisində özlərinə İrandan gəlmələrinin 150 illiyi şərəfinə abidə ucaltmışdılar. Daha sonra Dağlıq Qarabağda ərazi iddialarına başlayanda elə özləri tərəfindən dağıdılıb. Onlar özləri ucaltdıqları bu abidəni dağıtmaqla əsl həqiqəti – gəlmə olduqlarını gizlətməyə başlayıblar. Çünki əks halda onlar bu ərazilərdə “aborigen”, qədim xalq olduqlarını sübut edə bilməyəcəkdilər...
1988-ci ildən sonrakı mərhələdə isə qədim alban kilsələrini mənimsəyiblər. Dini abidələrimizi, məzarlıqlarımızı təhqir etməyə davam ediblər.
Tarix elmləri doktoru, professor, AMEA-nın akademiki Sona Tohidi Publika.az-a açıqlamasından deyib ki, bütün dövrlərdə ermənilərin əzəli Azərbaycan ərazilərində tarixi, mədəni abidələri dağıtmaqda bir məqsədi olub: “Məqsəd ondan ibarət idi ki, bu ərazilərdə müsəlman türk əhalisinin izlərini silsinlər. Qəbiristanlıq həmin ərazilərdə yaşayan əhali haqqında ən etibarlı mənbədir. Özü də məzarlıqlar elmdə həmişə birinci qaynaq hesab olunur. Hətta qəbirüstü abidələri oxuyan, araşdıran, bu işlə məşğul olan xüsusi elmi sahə var. Bir ərazinin, məkanın tarixini öyrənmək üçün onun qəbiristanlığından başlayırlar. Ermənilər də bunu gözəl bilirlər. Ona görə də ilk növbədə erməni vandalizmi qəbiristanlıqları dağıdıb. O ərazilərdə yaşayan yerli əhalinin tarixini silməyə çalışıblar. Ən yaxşı halda həmin abidələri özününküləşdirməyə cəhd göstəriblər”.
Sona Tohidi onu da əlavə edib ki, ermənilər Qarabağda və Zəngəzurda təkcə abidələri dağıtmayıblar. Daha doğrusu, “işlərini” bununla bitmiş hesab etməyiblər: “Bilirsiniz ki, bizim qədim yaşayış məskənlərimizdə qoç, buğa və müxtəlif fiqurlu daş abidələr olub. Hətta xalqımızın, oradakı əhalinin izlərini silmək üçün həmin abidələri götürüb aparıblar. Bir hissəsini də dağıdıblar. Çünki onlar bizim xalqa məxsus abidələrdir”.
Xanım professorun sözlərinə görə, ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra köçürüldükləri Azərbaycan ərazilərində “təmizləmə işlərinə” başlayıblar:
“Orada özlərinə “iz” salmaq istəyiblər. Burada qədimdən yaşadıqlarını göstərmək üçün yerli əhalinin abidələrini dağıdıblar. Yerli əhalinin oradan qovulmasını, mal-mülklərinin əllərindən alınması proseslərini həyata keçiriblər. Xüsusən 1918-ci ildə onlar Zəngəzurda və Qarabağda, eləcə də Azərbaycanın müxtəlif yerlərində yerli əhalini qırmaqla məşğul idilər. Çünki özlərinə və gələcək Ermənistan dövləti üçün fundament hazırlayırdılar. Əraziləri boşaldırdılar. Hətta mən 1918-ci ildə Qarabağ və Zəngəzurdakı qırğınlarla bağlı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini hazırlamışam. Əhali ilə ən ağır rəftar, mülki əhali ilə ən ağır döyüşlər, mülki əhalinin qırğınlarının ermənilər tərəfindən təşkili məhz həmin ərazilərdə olub”.
Tarix elmləri doktoru deyib ki, bu qırğınları təşkil edənlər, vəhşilikləri törədənlər Osmanlı dövlətindən köçürülüb bu ərazilərə gətirilən ermənilər idi: “Zəngəzuru öz vəhşi yürüşlərinə məhkum etmişdilər. Kəndləri ev-ev dağıdıblar. Məzarlıqları siliblər. İnsanları qırıblar. Onların bir çoxu hələ o vaxt gəlib Aran Qarabağda məskunlaşmışdılar, Cümhuriyyət qurulandan sonra bu qırğınların qarşısı alındı, sonra yenə də başladılar. 1988-ci ildən sonra da abidələrimizi, məzarlıqlarımızı dağıtdılar. Onların etdiyi vəhşiliklər barbarlıqdan başqa bir şey deyil”.
Tural Turan
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır