Qarabağ
Şuşa məşhur kurort şəhərləri ilə rəqabətə girə biləcəkmi? - Turistləri gözləyən yeniliklər
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Eko Turizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, işğaldan azad olunmuş ərazilərdə hansı turizm fəaliyyətlərinin qurulması, hansı əməliyatlar aparılması, hansı yeniliklərin gətirilməsi və bunlardan necə istifadə edilməsinə dair peşəkarlarla birlikdə hazırda tədqiqatlar aparılır.
Publika.az ekspertlə işğaldan azad olunmuş ərazilərin turizm potensialı haqqında müsahibəni təqdim edir.
- Samir bəy, Şuşada “Xarıbülbül” otelinin açılması turizmin inkişafında hansı töhfələr verəcək? Ölkənin digər kurort mərkəzlərindən nə ilə fərqlənəcək?
- Mayın 12-də prezident və ailəsi Şuşada açılan Xarıbülbül” otelini ziyarət etdilər. Otel 49 komfortlu otaqdan ibarətdir, əlavə olaraq yaşayış korpusu və kotecləri var. Müasir üslubda və lazım olan bütün avadanlıqla təchiz olunmuş binadır. Belə bir otelin tez bir zamanda inşa edilməsi və açılması onun göstəricisidir ki, Şuşa şəhərinin və ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdə turizm potensialının yaradılmasına və gerçəkləşdirilməsinə həm dövlət, həm dövlət başçısı, həm də müvafiq qurumlar tərəfindən xüsusi diqqət verilir. Cənab prezidentin otelin qəbul və xidmət şöbəsində çalışan əməkdaşları arasında maraqlı bir söhbət oldu. Dövlət başçısı oteldə yaradılan şəraitlə tanış olan zaman qeydiyyat şöbəsində çalışan xanımın Şuşadan olduğunu bildirildi. Ölkə başçısı Şuşadakı oteldə şuşalı birinin çalışmasını müsbət qiymətləndirdi. Prezident bildirdi ki, işçilərin əslən Şuşadan olmasına dair tapşırıq verib. Oteldə əslən şuşalıların çalışması çox vacib məsələdir. Bu, onu göstərir ki, belə turizm obyektlərinin inşa edilməsi o regionun, xüsusilə Şuşa şəhərinin iqtisadi inkişafına da təkan verir, yeni iş yerləri açılır.
- Ümumiyyətlə işğaldan azad olunmuş ərazilərin turizm potensialını necə qiymətləndirirsiniz?
- Qarabağ bölgəsinin zəngin turizm potensialı və turizm ehtiyatları var. Həm Şuşa şəhəri, həm də bizim digər işğaldan azad olunmuş ərazilərimiz daxili və xarici turistləri qəbul etməyə hazır olacaq. Hazırda bir neçə tədqiqatçı ilə birlikdə həmin ərazilərin turizm ehtiyatlarını öyrənirik, tədqiq edirik, yekunda təbii ki, hansı turizm fəaliyyətlərinin məqsədəuyğun olmasına, hansı əməliyatlar aparılmasına, hansı yeniliklər gətirilməsinə və bunlardan necə istifadə edilməsinə dair nəticələr əldə edəcəyik. Vəziyyət onu göstərir ki, həm təbii, həm də antropogen tərəfindən yaradılmış turizm ehtiyatları ilə zəngin olan ərazilərdir.
Çox arzu edərdik ki, Qarabağı ekoturizm mərkəzi kimi görək. Bununla bağlı bir çox istiqamətlərdə işlər aparılır. Görülməli işlər çoxdur, infrastruktur işləri davam etdirilir. Artıq 3 beynəlxalq hava limanlarının inşası həyata keçirilir, yollar tikilir, elektrik, qaz və su ilə təmin olunması sahəsində işlər aparılır. Minalardan təmizlənmə prosesi də davam edir. Son nəticədə turizm dissinasiyasının təhlükəsizlyi təmin edə biləcək, digər tərəfdən komfortlu bir şərait yaradılacaq, həm də turizm infrastrukturu inkişaf edəcək.
- Xarici vətəndaşların diqqətini cəlb etmək üçün hansı işlərin görülməsi planlaşdırılır?
- Turizm infrastrukturu bir çox işlər tələb edir. Burada tək otellər deyil, eyni zamanda digər turizm obyektləri də yaradılmalıdır. Fürsətdən istifadə edərək üzümü sahibkarlara tutub həmin ərazilərə investisiyaların cəlb olunmasına diqqətlərini çəkmək istərdim. Bu ərazilər biznes baxımdan da zəngindir. Düşünürəm ki, yaxın gələcəkdə geniş turizm əməliyyatları yaradılacaq. Bu, bir tərəfdən turizm üçün maraqlıdır, digər tərəfdən yaddan çıxartmayaq ki, bu işlər ideoloji yük də daşıyırlar. Mənfur düşmən bu 30 il ərzində orada bir çox məhv etmə işləri aparıb. Çalışıblar ki, ümumiyyətlə azərbaycanlıların izlərini silsinlər, arxeoloji və tarixi memarlıq abidələrini öz adlarını çıxartsınlar. Qarabağ bölgəsi təbiətlə yanaşı, bizim müxtəlif tarixi dövrlərimizə aid olan memarlıq inciləri ilə zəngindir. Bunların bərpa olunması nəzərdə tutulub. Turizm infrastrukturunun qurulması üçün cığırlar yaradılmalı, bu cığırlar nişanlanmalı, elektron xəritələr, eləcə də müxtəlif digər məlumat daşıyıcılar hazırlanmalıdır. Turistlər üçün müxtəlif dayanacaq və piknik yerləri, təbiət müxtəlif aktiv turizm fəaliyyətləri ilə məşğul olmaq üçün imkanlar yaradılmalıdır. Düşünürəm ki, bu işlər irəlidədir, ilk növbədə biz ümumi infrastruktur işlərini bitirməliyik. Bundan sonra təbii ki, turizm maşurutları və imkanları da yaradılmağa başlanacaq.
- Dağların başında yerləşən bu şəhəri dünya səviyyəli turizm bölgəsinə çevirmək nə dərəcədə mümkün görünür?
- İşğaldan azad olunmuş bölgələrdə turizm fəaliyyətlərinin qurulması biznes maraqları ilə yanaşı, ideoloji yük də daşıyır. Burada tək daxili turistlər deyil, beynəlxalq turizmi və xarici məkanları seçən xarici turistlər də nəzərdə tutulur. Biz gələn xarici turistlərə nə qədər gözəl, düzgün, maraqlı, səmərəli, bacarıqlı turistik imkanlar təqdim etsək, tarixi memarlıq və mədəniyyət abidələrini bərpa etsək və onların düzgün tarixini açıqlasaq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına bir o qədər nail ola bilərik. Ümumiyyətlə turizm bu işlərin görülməsində, hansısa bir ölkə mədəniyyəti və tarixinin, mentalitetinin və mətbəxinin, irsinin və adət-ənənələrinin tanıdılması üçün çox zəruri bir vasitədir. Biz bu yolla dünyanın hər bir yerindən turist cəlb edib Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dünyaya çatdıra biləcəyik. Çox arzu edərdik ki, Qarabağda daha geniş ekoturizm fəaliyyətləri inkişaf etdirilsin. Hesab edirəm ki, belə də olacaq. Ərazinin zəngin tarixi var, bundan başqa mədəni irsimizə aid olan nümunələrlə zəngindir. Bunlardan bacarıqla istifadə edərək və bu istiqamətdə strateji planlar quraraq turizmi bu ərazilərdə ən yüksək səviyyədə inkişaf etdirəcəyik.
Son illərdə Azərbaycanın tanıdılması üçün bir çox işlər görülüb. Həm Bakı şəhərində, həm də digər turistik bölgələrdə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlər vasitəsilə biz Azərbaycanı kifayət qədər dünyaya tanıtmışıq. Azərbaycanı təkcə işgüzar turizm məkanı kimi yox, ekoturizm məkanı kimi də tanıda biləcəyik. Tək mən yox, ümumiyyətlə komandalarımızda və assosiasiyalarda toplanan peşəkarlar dünya turizm təcrübəsini araşdırır, öyrənir və Azərbaycana gətirir. Lakin qeyd etməliyəm ki, Qarabağın və Şuşa şəhərinin gözəlliyi, təbiət mənzərələri, landşaftı çox fərqlidir. Az ölkələrdə belə bir imkanlar var. Biz bundan mütləq istifadə edəcəyik. Bu gün mənzərəli hansısa turizm məkanlarının adını çəkəndə bir neçə ölkənin xüsusiyyətlərini nümunə göstəririk. O ölkələr daha çox öz təbiətləri ilə tanınıblar. Biz onlardan da fərqli və daha gözəl məkanlara sahibik. Bu, Allahın bizə bəxş etdiyi imkanlardır. Həm Otellər və Restoranlar Assosiasiyasında, həm də Ekoturizm Assosiasiyasında bütün həmkarlarımız ümid edir ki, Qarabağı yeni bir ekoturizm dissinasiyası kimi dünyada tanıda biləcək və bu yolda əlimizdən gələni edəcəyik.
Aytən Məftun
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO