Yeni qanun gəlir: onların "BAZARI" BAĞLANACAQ
Bizi izləyin

Qırmızı.az

Yeni qanun gəlir: onların "BAZARI" BAĞLANACAQ

“Yeni qanunda dini qurumların ianənin bank hesabı qəbul etməsi birinci növbədə inanclı vətəndaşların bütünlüklə mənafeyinə hesablanmış bir qərardır. Söhbət inanclı insanlardan gedir. O insanlar ki, həqiqətən də vətəninə, dövlətinə, bayrağına sevdalıdır. O insanlar ki, İslamın gətirdiyi qaydalarla, onun təməl prinsipləri ilə ömür sürürlər. Təbii ki, bu, çox uğurlu bir qərardır”.

Bunu Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli yeni qanun layihəsi haqqında danışarkən deyib.

S.C.Əzimbəyli bildirib ki, digər tərəfdən, xüsusi olaraq koronavirus pandemiyası ilə mübarizə apardığımız, bütün dünyanın onunla mübarizə apardığı həssas bir dövrdə insanlarımızın rahat, hüzur içərisində nəzir-niyazlarını yerinə yetirmək istiqamətində yerində verilmiş bir qərardır:

“Eyni zamanda, Azərbaycanda dini icmaların üzərində şəffaflığın təminatı üçün bu qərarın qəbul olunması vacibdir. Bu qərar Azərbaycan dini mühitində, xüsusən də icmalarda şəffaflığın təminatı üçün çox uğurlu nəticələrə səbəb olacaq. Mən buna inanıram. Mən bilirəm ki, ölkəmizin hüdudlarından kənarda minlərlə Azərbaycan dövlətçiliyinin bütövlüyünə xidmət göstərən, İslamın gətirdiyi qaydalara sevdalı olan iş adamlarımız var. Hamıya şamil etmədən, açıq şəkildə söyləyirəm ki, bəzən onlar ianələri axundlara, mollalara, imamlara bu şəkildə göndərirdilər. Artıq ianələrin bank hesabları ilə göndərilməsi şəffaflığın təmin olunmasında və həmin insanların dini duyğularının istismar olunması istiqamətində çox uğurlu bir islahatdır. Mən bir mənəviyyat adamı və ziyalı olaraq bu islahatları dəstəkləyirəm”.

Qarabağ Seyid Ocaqlarının rəhbərinin sözlərinə görə, çox qısa zamanda həmin qanuna əlavə müddəaların salınması din-dövlət münasibətlərinə böyük töhfə verəcək:

“Burada yad təsirlərin yayılmasına rəvac verə biləcək şəbəkələrin, yad dövlətdə oturub hər an öz düşüncə və fikirlərinin yayılmasına rəvac verənlərin bazarlarının bağlanması üçün çox vacib qərardır. Eləcə də Azərbaycanda həqiqi milli məfkurəyə, həqiqi milli şüura malik gerçək inanclı insanların bu məsələdən şad olacağına əminəm. Təbii ki, bu qanun kimlərinsə “bazarına” mənfi təsir göstərəcək. Bu da normaldır. İdeoloji baxımdan gecikmiş olsa da, doğru qərardır. Azərbaycan dövlətçiliyinin bütövlüyünü, milli maraqlarını istəyən, vətən sevdalılarının maraqlarına hesablanmış bir qanun layihəsidir. Bu qərarın qeyd-şərtsiz həyata keçirilməsi ilə bağlı hüquqi əsaslarla söykənən nəzarət mexanimzinin olacağına inanıram. Bu da dövlətçiliyimizin möhkəmlənməsinə, din-dövlət münasibətlərinə əlavə bir güc verəcək”.

Seyid Camal Əzimbəylinin fikrincə, bu layihə Azərbaycan dövlətinin, dövlətçiliyimizin bütövlüyü üçün vacib olan missiyadır:

“Yeni qanun layihəsi bu istiqamətdə atılan addımların işartılarıdır. Çünki din müqavimət gücüdür. Bəzən dinin bu müqavimət gücündən məharətlə istifadə edənlər dövlətin dayaqlarının zədələnməsinə səbəb olurlar. Milli-mənəvi irsimizin qorunması üçün bu mexanizm köklü şəkildə işlənilməlidir. Bu islahatlar da Azərbaycanın dini mühitində aparılmalı idi. Qardaş Türkiyənin Diyanət İşləri Başqanlığı var. Həmin təşkilatın tərkibində müəyyən qurumlar mövcuddur. Həmin şuralar mövcud təyinatları gerçəkləşdirirlər. Bizdə testlə universitetə qəbul olunduğu kimi işə qəbul edilirlər. Bu cür paralellik uyğundur. Bundan başqa, müsahibə yolu ilə qəbul olunma qaydası var. Axundlar da məscidlərə bu cür qəbul oluna bilərlər. Türkiyədə də imamlar, onların naibləri müsahibə mərhələsindən keçirlər. Onların dövlətçiliyə bağlılıqları, milli-mənəvi dəyərlərə sadiqliyi nəzərdən keçirilir və bundan sonra təyinatları verilir. Bu da türk dövlətinin qüdrətli olmasına, islami doğruların insanlar arasında yayılmasına gətirib çıxarır. Düşünürəm ki, bu mexanizm Azərbaycanda da planlı şəkildə həyata keçirilə bilər. Din mühitindəki boşluqların doldurulmasında yeni qanun layihəsinin qəbul edilməsi bir stimul olacaq. Xeyirli, uğurlu olmasını diləyirəm. Düşünürəm ki, daha böyük təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var. Bu işdə qanunun qəbul olunmasında Azərbaycan dövlətçiliyinin bütövlüyünü namus və şərəfinin mühafizəsi kimi qəbul edən həqiqi din adamları, həqiqi fikir adamlarının da dəvət olunmasını, bu müzakirələrdə iştirakını arzulayıram”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm