Müəllim öz andına sadiq olmağı bacarmalıdır - Ekspert
Bizi izləyin

Qırmızı.az

Müəllim öz andına sadiq olmağı bacarmalıdır - Ekspert

“Cəmiyyətdə müəllim-şagird münasibətləri həmişə aktual olub və bu, indi də davam etməkdədir. Ötən illərə nəzər salanda müəllimin valideyndən sonra 2-ci himayədar hesab olunduğunu görürük. Hətta valideynlər öz övladlarını müəllimlərə həvalə edəndə bildirərdilər ki, “Əti sizin, sümüyü bizim” olsun. Ancaq indi vəziyyət o qədər dəyişib ki, məcazi mənada deyilən bu deyim ümumiyyətlə, öz əhəmiyyətini itirib. Valideynlər uşaqlara adi səs tonunu belə qaldıran müəllimi az qala “topa” tutsunlar. Doğrudur, heç kəsin, həmçinin müəllimin də ixtiyarı yoxdur ki, qarşısında olan şəxsi hansısa formada alçaltsın. Amma ömrünü gələcək nəsillər uğrunda şam kimi əridən, hətta tələbələrinə ailəsindən daha çox vaxt ayıran, onları doğma övladları qədər sevən, vicdanlı, peşəkar, qayğıkeş bir müəllim məgər valideynin əvəzi demək deyilmi? Sözsüz ki, hər bir valideyn övladının olan səhvlərini deyir, onu danlayır, tənbeh edə bilir. Niyə bu tərbiyəvi üsul müəllimlərə qəbahət sayılsın?”

Bu fikirləri Publika.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, müəllim nüfuzunu ilk növbədə özü qazanmalıdır: “Bu, ilk təəssüratdan başlamış ömrün sonuna qədər yüksələn xətlə davam edən, son dərəcə məsuliyyətli bir prosesdir. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn müəllim nəsilləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. Ona görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur. Müəllimin dəqiqliyi də onun nüfuzunu qoruyub saxlamaqda mühüm amildir. Dərsə gecikən, cədvəlini qarışdıran müəllim şagirdlərindən dəqiqlik tələb edə bilərmi? Əlbəttə ki, yox. Müəllimin pedaqoji ustalığı da onu nüfuzunun dayaq nöqtələrindəndir. Dərs müəllimin biliyini nümayiş etdirmə məkanı deyil, daha çox şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. Müəllim ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlamalıdır ki, öyrənənlər müsbət nəticəyə sevinə bilsinlər. Bütün müəllimlər yaxşı bilirlər ki, müəllimin özünə dumanlı görünən informasiya şagird üçün zülmət olur. Yaradıcı müəllim xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir. Müəlliminin professional səriştəsinə heyran olmayan şagirddə kifayət dərəcədə motivasiya yaratmaq da mümkün deyil. Motivasiya özü də müəllim nüfuzunun yaranması və qorunub saxlanmasına xidmət edir”.

Ekspert əlavə edib ki, müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır: “Ev tapşırığını yerinə yetirməyən bir sinif və iki müəllim təsəvvür edək. Müəllimlərdən birincisi ev tapşırığının yerinə yetirilmədiyini biləndə ən azından şimşək kimi çaxıb sinfi lərzəyə salır, həm öz qanını qaraldır, həm də dərsin ritmini alt-üst edir. İkinci müəllim isə tapşırığın yerinə yetirilməməsinin səbəbini səmimiyyətlə soruşub, keçdiyi mövzunu yenidən, daha sadə formada, həmin ev tapşırığından nümunələr verərək izah edir, onu şagirdləri ilə birlikdə tamamlayır. Şagirdlər də, müəllim də müsbət əhval-ruhiyə ilə dərsə davam edirlər. Valideynlərlə əlaqə, onların pedaqoji maariflənməsinə yardımçı olmaq da müəllim nüfuzuna böyük təsir göstərir. Müəllim işinin müasir dövrdə çətinliyini yaxşı başa düşən, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, işi-peşəsi məktəb və müəllimdə yerli-yersiz nöqsan axtaran, vasvası valideynlərə də rast gəlmək olur. Ona görə də valideynləri planlı şəkildə, sinif rəhbərinin köməyi ilə dərslərə dəvət etmək, müəyyən şagirdlər haqqında onlarla üzbəüz söhbət etmək məktəb və müəllim haqqında təəssüratların aydınlaşmasına gətirib çıxarır. Hazırda ən ciddi problem çətin idarə olunan şagirdlərin cəzalandırılması ilə bağlıdır. Müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Hüquqi baxımdan bu, cinayət hesab olunur. Nəinki müəllim, nə şagirdin həmyaşıdı, nə də onun valideyni bu hüquqa sahibdir. Diqqəti dərsdən yayınan, eləcə də nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var. Mən düşünürəm ki, bunun üçün səriştəyə əsaslanan təhsilə keçid baş tutmalıdır. Müəllim bilməlidir ki, bu cür situasiyalarda necə davranmalıdır. Məsələn, mənim öz üsullarım vardı. Mən dərsdə zəif şagirdlərin, diqqəti yayınan, dərsə qulaq asmayan, oxumayan şagirdin müəllim tərəfindən zor tətbiq edilməsinin həmişə əleyhinə olmuşam. Görürdüm ki, şagird riyaziyyatdan zəifdir, amma gözəl rəsm çəkmək qabiliyyəti var. Mən ona keçdiyim dərsin sxemini qurmasını, şəkillə çəkməsini, bu üsulla məsələ qurmasını tapşırırdım. Deyirdim ki, dərsin sonunda onun bacarığını lövhəyə asmaqla nümayiş etdirəcəm. Hətta onun üzərində dərs quracam. Uşağı dərsə maraqlandırmağın müxtəlif üsulları var. Müəllim çalışmalıdır ki, şagirddə bu yollarla dərsə maraq oyatsın. Pedaqoq bilməlidir ki, uşağı döyməklə, ona cəza verməklə şagirddə dərsə maraq oyanmayacaq. Bu, ola bilər müəllimin uşağa qarşı hirsini soyutsun. Amma nəticədə uşaqda bir dəyişikliyə nail ola bilməyəcək. Biz əməkdaşlıq pedaqogikasından danışırıqsa, bu zaman sinifdə müəllimin şagirdinə əl qaldırması absurddur. Mən çox təəssüf edirəm ki, bizim ali təhsil müəssisələrində müəllim kimi yetişən kadrlar ancaq öz ixtisaslarını öyrənirlər. Riyaziyyat müəllimi hazırlanırsa, ona ancaq riyaziyyatın bütün bölmələri tədris olunmaqla kifayətlənirik. Bu, belə olmamalıdır. Müəllimə həm də sinifdaxili idarətmə üsulları öyrədilməlidir”.

K.Əsədov vurğulayıb ki, Qərbdə müəllim kimi hazırlanan kadrlar ilk kursdan məktəblərə göndərilir: “Onlar müəllimliyi birinci kursdan sonadək məktəbdə öyrənirlər. Praktiki olaraq müəllim kimi yetişdirilirlər. Bizdə isə müəllimlər ancaq öz ixtisasları üzrə nəzəri biliklərə yiyələnirlər. Ali məktəbi qurtarıb 6 ay praktikadan sonra parta arxasındakı şagirdə müəllimlik edirlər. Hansı ki, Qərbdə artıq müəllimlərə sinifdaxili səmərəli fəaliyyət göstərmək üsulları öyrədilir. Bizdə isə müəllimin sinifdaxili davranış səriştəsinə demək olar ki, fikir verilmir. Hansı ki, o səriştələr müəllimə ilk kursdan öyrədilməlidir. Bu səriştələr aşılanarsa, müəllim sinifdə diqqəti dərsdə olmayan, zəif oxuyan, nadinc şagirdin diqqətini dərsə cəlb etməyi bacaracaq. Təəssüf edirəm ki, bizdə bu məsələ arxa planda qalıb. Nəticədə isə hələ də ümumtəhsil müəssisələrində müəllimin şagirdi döyməsi faktlarına rast gəlinir.

Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş Müəllimlərin etik davranış qaydaları da var. Bu qaydaların 4.1.3 bəndində qeyd olunub ki, müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.8 bənddə isə bildirilir ki, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.1.9 bəndə görə, müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Hətta bu qaydaların 4.4.3. bəndi müəllimin valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalı olduğunu özündə ehtiva edir. Bütün bunlarla yanaşı, müəllim öz andına da sadiq olmağı bacarmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm