Qırmızı.az
Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ: əgər qarşısı alınmazsa... - ŞOK PROQNOZ
6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Kür çayında suyun səviyyəsinin son günlər sürətlə azaldığı müşahidə olunur. Çayın Salyan, Neftçala, Sabirabad ərazisindən keçən hissəsində vəziyyət daha ciddi hal alıb. Bu isə böyük narahatlıq doğurur. Çayın Salyan rayonu ərazisindən keçən hissəsində vəziyyət daha da mürəkkəbləşib. Qış aylarında sululuq dövrünün olmasına baxmayaraq, son günlər çayda suyun səviyyəsi sürətlə aşağı düşür. Təkcə 4-5 gündə çayda suyun səviyyəsi 80 santimetrə yaxın azalıb. Bu da əhalinin ciddi narahatlığına səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, bu ilin yanvar ayından fevralın 7-dək Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Zərdabda suyun səviyyəsi 91 sm, Şirvanda 32 sm, Salyan məntəqəsində 60 sm, Neftçalanın Bankə qəsəbəsində 7 sm azalıb. src="/storage/files/upload/2a9ac1aaeb3a3f716df77c0659b429f5d47b4395.jpg" style="width: 954px; height: 623.28px;" class="fr-fic fr-dib fr-fil">Onun sözlərinə görə, hazırda ölkə üzrə çaylarda azsulu dövr müşahidə olunur. Çünki dağlıq ərazilərdə yağıntılar əsasən qar şəklində yağır. Çaylarda adətən suyun həcmi yazda - aprel ayından başlayaraq iyun ayınadək çoxalır. Bu zaman isə gursululuq dövrü müşahidə olunur: “Aprel-may aylarında temperatur artacaq, dağlıq ərazilərdəki qar əriyəcək. Üstəlik, bu dövr yağıntılar da çox olur. Yağıntıların və əriyən qarın hesabına çaylarda nisbətən su artır. Çaylarda suyun səviyyəsinin aşağı düşməsi mövsümü xarakter daşısa da, bir məqamı nəzərə almalıyıq. İqlim dəyişmələri səbəbindən nəinki Azərbaycanda, regionda, hətta bir çox ölkələrdə yağıntıların qeyri-bərabər paylanması, yağıntılı, qarlı, şaxtalı günlərin azalması müşahidə edilir. Bu isə ölkənin su ehtiyatlarına, o cümlədən Kür çayında sululuğa mənfi təsir göstərir”.
Həsən Əliyev adına Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Coğrafiya kafedrasının müdiri Məhəmməd Abduyev Publika.az-a bildirib ki, su ehtiyatlarının azalması təbii prosesdir və bu, davam edir. Ancaq konkret olaraq bunun nə qədər müddət davam edəcəyini proqnozlaşdırmaq isə çətindir: “Ona görə ki, təsərrüfat sahələri inkişaf edir, əhali artır, istehlak sahələri, sudan istifadə çoxalır. Ancaq təəssüflər olsun ki, su ehtiyatları artmır. Bu, yalnız bərpa olunan ehtiyatlardır. Onun da mənbəyi ilk növbədə atmosfer yağıntılarıdır. Yer səthinə düşən yağıntının miqdarı azaldıqca axın da azalır. Bunun şirin su ehtiyatlarına ciddi təsirləri olur. Kür mənbədən mənsəbə, xüsusilə Azərbaycan ərazisində tənzimlənmiş çaydır. Bu çayda artıq təbiilik qalmayıb. Buna görə də çayın yuxarı hissəsində suyun azalıb-artacağı birbaşa olaraq Mingəçevir su anbarının idarə edilməsindən asılıdır. Əgər su anbarında suyun səviyyəsi çoxalacaqsa, çayın aşağı hissəsinə buraxılacaq suyun səviyyəsi də artacaq. 2010-cu ildən bu günə qədər Mingəçevir su anbarı su ilə dola bilmir. Daşqınlardan sonra anbarın səviyyəsi 15 metrə qədər aşağı düşüb. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları da mənbəyini su anbarından götürür. Onlara nasoslarla su vurulur. Bu isə vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Azalma təkcə Kür çayında yox, digər çaylarda da var. Nəzərə alsaq ki, onlar kiçikdir və üzərlərində heç bir su anbarı yoxdur”.
M.Abduyev qeyd edib ki, Kürdə suyun səviyyəsində keçdiyi ölkələrin də təsiri böyükdür. Buna görə də Kürün suyundan istifadə onun keçdiyi bütün ölkələr tərəfindən razılaşdırılmalıdır: “Kür mənbəyini Türkiyədən götürür, daha sonra Gürcüstandan keçir. Bu ölkələr də Kürdən istifadə edirlər ki, bu da birbaşa olaraq çayda suyun səviyyəsinə təsir edir. Tranzit ölkələr sudan istifadə haqqında qayda və qanunlara əməl etmirlər. Müəyyən qaydalar hazırlanmalıdır və tranzit ölkələr çaydan istifadə edərkən buna mütləq əməl etməlidir”.src="/storage/files/upload/16722b8122c2d1e052add5202c41ff16a9bff592.jpg" style="width: 762px; height: 899.337px;" class="fr-fic fr-dib fr-fil">
Alim əlavə edib ki, təbii amillər daha çox iqlim dəyişmələri ilə bağlıdır. Ancaq bununla yanaşı, Kürün suyunun azalmasında antropogen fəaliyyət daha çox rol oynayır.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan alimləri Kür çayının suyunun azalmasının səbəblərini araşdırıb.
Əraziyə səfər edən tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər. Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir göstərir: “Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb. Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay yatağının dibi ilə yuxarıya doğru irəliləyib. Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ gəlib”.
Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış, ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Xüsusilə də lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması, Kür çayının deltasında balıq yetişdirmək üçün geniş imkanların olmasına baxmayaraq, Kür-Araz ovalığının daxili hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq gölməçələrinin yaradılması, Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının tikilməsi ilə çayın aşağı axınında suyun azalması, qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması, antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin dəyişməsi və s.
Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə Kür ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət çəkəcəklər.
Məhəmməd Abduyev hesab edir ki, su qıtlığından maksimum dərəcədə itkisiz çıxmaq üçün ölkəmizdə əlavə su mənbələrinin yaradılmasına ehtiyac var: “Çayların dağlardan axan hissələrində, hansı ki, əkinçilikdə istifadə olunmur və yamacları sıldırım olan dərələrinin qarşısını kəsmək yolu ilə həmin çayların üzərində su anbarları tikmək olar. Qarşıdan yaz ayları gəlir, havanın temperaturunun yüksəlməsi ilə qarlar, buzlaqlar əriməyə başlayacaq. Bu zaman çayların suyunun böyük əksəriyyəti gursululuq dövrünə keçid edəcək. Bu, həm də hövzədə yığılan qarın miqdarından asılıdır. Əgər yuxarı hissədə, çayın mənbəyində qarın qalınlığı böyükdürsə, ərintidən də çox su əldə olunacaq. Təəssüflər olsun ki, bu anbarlarımız olmadığına görə, o suların əksəriyyəti boş yerə axır. Ancaq biz onun qarşısını ala və anbarlar qura bilsək, bitkilərin suya tələbatı, eyni zamanda sudan istifadəyə tələbatın çox olduğu vaxtlarda həmin sudan istifadə etmək olar. İlk növbədə bunları nəzərdə saxlamaq lazımdır”.
Mütəxəssisin sözlərinə görə, sudan ənənəvi üsulla istifadə etmək su qıtlığına səbəb olan amillərdəndir: “Əksər bölgələrdə əkin sahələrinin suvarılması selləmə-suvarma metodu ilə aparılır. Ancaq dünyada yeni metodlar var. Məsələn, çiləmə, süni yağış yağdırma, damcı və s. bu kimi üsullardan daha çox istifadə etməliyik. Təsərrüfatda istifadə olunan suların yenidən təmizləndikdən sonra istehsala, istifadəyə qaytarılması təmin edilməlidir. İstifadə olunan kommunal məişət suları təmizlənərək ən azından parkların, bağların və digər yaşıllıqların suvarılmasında istifadə oluna bilər. Belə olduğu halda mövcud su ehtiyatlarına nisbətən qənaət etmiş olarıq”.
AMEA rəsmisi bildirib ki, bu problem təkcə ölkəmizdə deyil. Azərbaycan kimi keçid iqlim qurşağında yerləşən tropik və subtropik ölkələrdə də getdikcə bu problem artacaq.
Məhəmməd Abduyev istehsal sahələri və istehlakçıların artması fonunda yeni təsərrüfat sahələrinin istifadəyə verilməsi ilə bağlı suyun mövcud kəmiyyətinin azalmasının müşahidə olunacağını qeyd edib. O, ölkəmizdə suyun miqdarı ilə bağlı statistikaya da aydınlıq gətirib: “Azərbaycan dünyada su ehtiyatları ilə zəif təmin olunan ölkələr siyahısındadır. Regionda da bu ehtiyatlarına görə geri qalır. Son illərdə, xüsusilə də iqlim dəyişmələri ilə bağlı olaraq Azərbaycanın su ehtiyatları orta hesabla 30 faizə qədər azalıb. Bu, müxtəlif regionlarda fərqlidir. Azalma da özünü son bir neçə ildə çox aydın şəkildə göstərir. 2020-ci ildə Kürdə suyun səviyyəsinin enməsi bir neçə rayonda içməli su problemi yaratdı”.src="/storage/files/upload/82bc496b4aabd63f093e008d6a45c905427e06c0.jpg" style="width: 862px; height: 637.88px;" class="fr-fic fr-dib fr-fil">Ölkəmizin su ehtiyatlarının dünya ölkələri ilə müqayisəsinə gəlincə, Beynəlxalq Təbii Resurslar İnstitutunun statistikasına istinad etmək yerinə düşər. Belə ki, Azərbaycan öz yerli su ehtiyatlarına görə qonşu ölkələrdən xeyli geri qalır. Gürcüstanda daxili su ehtiyatları ilə təminat 85%, Ermənistanda 82% olduğu halda, Azərbaycanda bu göstərici cəmi 28 faizdir. Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 faizi isə qonşu ölkələrin ərazisində formalaşır.
Qlobal iqlim dəyişikliyi ilə əlaqədar Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-cı ildə quraqlıqla üzləşəcək ölkələrin siyahısını tərtib edib. 33 ölkənin adı keçən siyahıda Azərbaycan 18-ci yerdədir. Mövcud vəziyyət torpaq və su resurslarının deqradasiyasına şərait yaradır. Ona görə də indidən bu haqda düşünmək, hərəkətə keçmək və su ehtiyatlarını mütləq şəkildə zənginləşdirmək lazımdır.
src="/storage/files/upload/30c8e9a7549cf3683385160ad1a1a8fad8c0243a.jpg" style="width: 887px; height: 846.151px;" class="fr-fic fr-dib fr-fil">
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov bildirib ki, istiləşmə ölkəmizdə kənd təsərrüfatı sahəsinə böyük zərbə vura bilər: “Azərbaycanın suya olan tələbatı transsərhəd dövlətlərdən gələn çayların hesabına ödənilir. Su qıtlığı isə böyük problemdir. İstiləşmə Azərbaycanda kənd təsərrüfatı sahəsinə, eyni zamanda bu sahə ilə əlaqəli sektorlara böyük ziyan vura bilər. Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək. 70-80 ildir ki, çayların sululuğu, Kürün suyunun qalxması və quruması ilə bağlı bir sıra tədqiqatlar aparılıb. Azərbaycanda içməli suyun 2/3-si transsərhəd suların hesabına formalaşır. Kürdə suyun səviyyəsinin enməsi təkcə Azərbaycanın problemi deyil, bu, eyni zamanda çayın keçdiyi ölkələr üçün də həyəcan təbili olmalıdır. Qışın sərt keçməməsi və dağlarda qarın miqdarının az olması Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu suların kənd təsərrüfatı üçün həddindən artıq istifadə olunması da buna təsir edən amillərdəndir. Hazırda Gürcüstanda kənd təsərrüfatı Azərbaycan qədər inkişaf etməyib, əhalisi də azdır. Əgər əhali çox olsaydı və kənd təsərrüfatı inkişaf etsəydi, ümumiyyətlə, Kürdə su quruyardı”. src="/storage/files/upload/cd1a549a8b3a61c1068f2e4144daf322bbc32fd3.jpg" style="width: 747px; height: 502.98px;" class="fr-fic fr-dib fr-fil">Mütəxəssis problemdən çıxmaq üçün həll yolları təklif edib. Onun sözlərinə görə, ilk növbədə Kürdə antropogen təsirlər minimumlaşdırılmalı və içməli su strategiyası ilə layihələrin sayı artırılmalıdır: “Yağışlı havaların miqdarı çox olduqca Kürün suyunun miqdarı da çox olur. Bir ara ölkəmizdə quraqlıq keçdi, hamıya bunun nəticəsi maraqlı idi. Bu, təbii qanunauyğunluqlardır. Ancaq suyun səviyyəsinə antropogen təsirlər var. İşğaldan azad olunan ərazilərdə yüksək səviyyədə, müasir texnologiyalardan istifadə olunmaqla su elektrik stansiyaları və anbarlar inşa olunur. Düşünürəm ki, Kiçik Qafqaz regionunda su problemi yoxdur, ən çox su qıtlığı şimal rayonlarında və Aran zonasında yaşanır. Həll yolu olaraq, ölkəmizdə su anbarlarının sayı 2 dəfə artırılmalıdır. Hər regionun su tələbatını ödəmək üçün həmin ərazidə qurulan anbarların suyundan istifadə olunmalıdır. Bu istiqamətdə işlər davam etdirilməlidir. Şimal bölgəsində yay aylarında kənd təsərrüfatı məhsulları əkib-becərmək mümkün olmur. Hətta həyətyanı sahələri belə su ilə təmin etmək müşkülə çevrilir. Pirallahı ərazisində dövlətimiz tərəfindən Xəzər dənizindən istifadə edərək şirin su mənbələri yaradılıb. Düşünürəm ki, Xəzərin şimal hissəsində də həmin bölgələrin su ehtiyacını qarşılamaq üçün bu cür su mənbələri yaradıla bilər. Çalışmaq lazımdır ki, Kürün suyu Xəzər dənizinə az axsın. Bunun üçün də Kür hövzəsində su anbarlarının sayı artırılmalıdır”.
İqlim dəyişikliyi suya qənaəti aktuallaşdırır. Bəzi ölkələrdə artıq su sərfiyyatının qarşısını almaq üçün müəyyən yollara əl atılır. Bir sıra nümunələri təqdim edirik:
Yaponiyada və Norveçdə tullantı suları, o cümlədən dəniz suyu şirinləşdirilərək əhalinin istifadəsinə verilir. Yaxın Şərq ölkələrində artıq maarifləndirmə xarakterli paylaşımlardan az istifadə olunur. Bu tip yazılar dərsliklərə salınaraq tədris olunur. Kiçik yaşlı uşaqlar bu istiqamətə yönəldilir və bu istiqamətdə uğurlu nəticələr əldə olunub.
İngiltərənin ən böyük su şirkəti olan “Thames Water” 2010-cu ildə ilk duzlu sutəmizləyici qurğular layihəsini Londonda işə salıb. 270 milyon funt sterlinq sərmayə yatırılan layihə su çatışmazlığı dövründə Birləşmiş Krallıqda 400 000 evin və ya 1 milyon insanın su ehtiyacını qarşılamaq məqsədi daşıyır.
Sinqapurda isə su israfının qarşısını almaq və əhalini müntəzəm su ilə təmin etmək üçün tullantı sularının təkrar emalına üstünlük verilir. Ancaq bu metodun daha çox enerji sərf etməsi ölkədə bununla bağlı alternativ üsullara ehtiyac yaradır.
Su istehlakı və təhlükəsizliyilə bağlı araşdırmaları ilə tanınan “Waterwise” şirkətinin idarəçisi Ceykob Tompkins ölkələr üzrə gündəlik su sərfiyyatını hesablayıb.
Məlumata görə, İngiltərədə adambaşına orta gündəlik su istehlakı 150 litr, Almaniyada 125, Fransada 110, Danimarkada 100 litrdir. Dişləri fırçalayarkən kranı bağlamaq kimi sadə bir üsulun da böyük su qazandıracağını ifadə edən Tompkins heyrətləndirici hesablama aparır. Məlum olur ki, normal kran dəqiqədə 6 litr su axıdır. Gündə 2 dəfə diş fırçalaması zamanı açılan krandan 24 litr su axır. Bundan əlavə, hər kəs 2 dəqiqə duş vaxtı suyu kəsərsə, gündə 373 olimpiya hovuzunu doldurmaq üçün kifayət qədər su qənaət olunur. Hazırda Avstraliya və Kiprdə su verilişi hər gün müəyyən saatlarda məhdudlaşdırılır.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.src="/storage/files/upload/9abf1e2ed09f9dfeffe3ffd76b025e8cb8495197.jpg" style="width: 930px; height: 588.876px;" class="fr-fic fr-dib fr-fil">
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO