19 mindən çox şagird buraxılış imtahanı verdi
Bizi izləyin

Qırmızı.az

19 mindən çox şagird buraxılış imtahanı verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 13-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Publika.az DİM-ə istinadən xəbər verir ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahan Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında və Mingəçevir şəhərində təşkil edilib.

Bu gün, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, eşitmə pozulmaları və danışma, görmə əngəlli şagirdlər üçün xüsusi məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan veriblər. Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.

İmtahanda 27 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 98 imtahan binası, 1495 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 250 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 180 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 98 bina nümayəndəsi ayrılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 imtahan iştirakçısında mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Martın 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin aprelin 8‑dək elan olunması nəzərdə tutulur.


xxx

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Xətai, Abşeron, Pirallahı rayonlarında, xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov adasında yerləşən məktəb), həmçinin Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Publika.az">Publika.az xəbər verir ki, bugünkü imtahanlarda 19 min 418 şagirdin iştirakı gözlənilir. Saat 10:45-də buraxılış rejimi başa çatır. İmtahanlar saat 11:00-da başlanır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

İmtahana aşağıda qeyd olunan sənədləri gətirmək tələb edilir:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini DİM-in saytından martın 2-dən etibarən çap edib götürə bilirlər.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

Şagirdlər imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları DİM-in saytında yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm