“Bizcə, yox!“ - MÖVQE
Bizi izləyin

Qırmızı.az

“Bizcə, yox!“ - MÖVQE

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Azərbaycan mediasının problemlərindən bəhs edən yazı yazıb. Publika.Az xəbər verir ki, "Hər hadisə qəzet mövzusu, hər insan telekanalın qonağı ola bilərmi?" sərlövhəli yazı senzuranın ləğvinin xatırladılması ilə başlayır:

"Azərbaycanda mətbuata senzura nəzarəti 14-il əvvəl - 6 avqust 1998-ci ildə ləğv edilib. Ölkəmizdə mətbuat və söz azadlığı yaranıb, informasiya toplamaq sərbəstliyi təmin olunub. Daha nə dövlət, nə də qeyri-qurumlar mətbuatın fəaliyyətinə müdaxilə edə bilirlər. Hansı qəzet və jurnal nədən, necə istəyir yazır, hansı özəl telekanal nə sayaq verilişlər verir, bunu özü müəyyənləşdirir. Nəyi, hansı prinsipi əsas tuturlar, bu da qəzet və kanal rəhbərlərinin öz işidir".

Baş redaktorun fikrincə, hər bir qəzet sahibi və redaktor istəyir ki, qəzetindən mümkün qədər çox satılsın: "Qəzetlərin yaxşı satışına nail olmağın bir yolu var: oxucu marağını dolğun ödəyən yaxşı qəzet buraxmaq! "Yaxşı qəzet" anlayışını isə hərə bir cür başa düşür. Kifayət qədər biliyi və qəzetçilik təcrübəsi olmayanlar bunun bircə yolunu tanıyırlar: hay-küylü, qalmaqallı və sensasiyalı qəzet nəşr etmək! Bəs həyatda sensasiyalı hadisələr baş vermirsə, onda necə olsun?

Bir sıra müstəqil və müxalifət qəzetləri bunun "yolunu" tapıblar. Onlar yazılara "qışqıran" sərlövhələr qoymaqla, manşetə "şok" xarakterli ifadələr yazmaqla, üstəlik faktları təhrif edib şişirtməklə süni "sensasiya yaradıcılığı" üsulunu seçiblər. Təbii ki, bu yolla oxucunu bir neçə dəfə aldatmaq mümkündür.

Tükü-tükdən seçən oxucu isə sonradan belə yalana getmir. Qəzetlər isə "oxunaqlı olmaq üçün" əllərinə keçən faktları saf-çürük etmədən, mahiyyətinə varmadan dərhal öz səhifələrinə çıxarırlar. Bunların böyük bir qismini kriminal xəbərlər təşkil edir. Belə xəbərlərin çap və elektron mediada çoxluğu həm də onların əlçatan olmasıdır. Hüquq-mühafizə orqanları internet saytlarını və jurnalistlərlə əlaqələrini elə qurmuşlar ki, heç kəs çətinlik çəkmədən gün ərzində baş verən hadisələr barədə informasiyanı asanlıqla əldə edə bilir.

Ancaq nə bu asanlıq, nə də sensasiyalılıq kriminal xəbərlərin seçim edilmədən qəzet səhifəsinə çıxarılmasına əsas verir. Burada məsuliyyət qəzetçilərin və televiziyaçıların üzərinə düşür. Çünki hüquq-mühafizə orqanları informasiyanı internet saytlarında yerləşdirməsələr, yaxud jurnalistlərə verməsələr, "cinayət faktının gizlədilməsi" kimi qiymətləndirilə bilər.

"Oğul ananı döyərək öldürdü", "Övlad ata qatilinə çevrildi", "Qardaş qardaşını qətlə yetirdi" - bu tip xəbərləri qəzet səhifəsinə çıxarıb sensasiya kimi hallandırmaq olarmı? Bizcə, yox! Hər dəfə belə xəbərlə rastlaşanda ətim ürpəşir və "Allah şeytana lənət etsin!" - deyirəm! Niyə?

Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailədaxili münasibətlərin xüsusi yeri var. Ana müqəddəsdir, ata etiraz edilməyən nüfuz sahibidir, kiçik qardaş böyük qardaşı eşitməlidir, bacı "evin qonağı" olduğundan ona güzəşt və mehribanlıq göstərilməlidir və s. Bəlkə də bu, demokratik prinsiplərə ziddir. Amma bizim xalqı və milləti başqalarından fərqləndirən dəyərlərdir. Əsrlərdən üzü bəri qoruyub saxlamışıqsa, bu gün niyə itirməliyik?

Qoy gənc nəsil heç ağlına da gətirməsin ki, anaya əl qaldırmaq, ataya bıçaq çəkmək, qardaşla əlbəyaxa dava etmək olar! Dəlinin yadına daş salırıq? Hansı ailədə söz-söhbət, narazılıq, hətta bəzən fikir ixtilafı olmur? Bunu silahla həll etmək lazımdır? Belə hadisələr qatil övladın və qardaşın peşmançılığı və iztirabları, tövbəsi fonunda problem xarakterli araşdırma yazılarının, yaxud bədii ədəbiyyatın mövzusu olmalıdır. "Ana yeni doğulan körpəsini zibil qabına atdı"- bu xəbər kimə nə verir? Biz ananın kimliyini, doğmasını atmasının səbəblərini bilmirik! Hadisəni qınamaq, həm də gələcəkdə təkrar olmasın deyə, belə halda ananın anonimliyi saxlanılmaqla körpəni usaq evində yerləşdirmənin ən qısa və asan variantının reallaşdırılmasına nail olmaq daha humanist yoldur. Onsuz da qatil ədalət məhkəməsinin, daş ürəkli ana isə taleyin əli ilə cəzalanacaq! Amma gəlin cavanlara "belə yolların" mövcudluğunu göstərməyək!

Azyaşlılarla bağlı zorakılıq cinayətlərinin, həddi-büluğa çatmamışların özlərinə qəsd etmələrinin (hətta bəzən bunun "texniki" tərəfini "izah" etməklə) informasiya kimi qəzet səhifəsinə çıxarılmasının əleyhinəyik. Xüsusən zorakılığa məruz qalmış yeniyetmənin və qadının adının çəkilməsi (bəzən hətta ünvanının göstərilməsi) yolverilməzdir. Elə informasiyalar var ki, onları "səxavətlə" ictimailəşdirməklə, əslində, "adiləşdiririk". Onlar əlahiddə, görünməmiş bir hal kimi qəbul edilməlidir!

Özəl televiziya kanalları sensasiya tipli süjetlərə daha çox meyillidirlər. Oğrunu, dələduzu ekranda göstərmək lazımdır. Qoy kimsə tanıyaraq daha bir cinayət faktının üstünün açılması üçün polisə müraciət etsin. Amma cənazənin çəkilməsi, hər evə mavi ekran vasitəsilə "meyit qoyulması" hansı ağıllının ağlına gəlmiş vərdişdir. Daha çəkiliş qrupları yas çadırlarını göstərməklə kifayətlənmirlər. Şəhid getmiş əsgərin tabutunu (həm də əzizlərinin ətrafına yığışıb göz yaşı tökdüyü məqamda) çəkib göstərməyi sanki "sənətkarlıq" sayırlar. Dərdli insan ağlayanda özünü unudur, sifəti əyilərək qəribə şəklə düşə bilir. Belə ağlayanın iri planda ekrana "yerləşdirilməsinə" nə deyəsən? Bu onu göstərənə və baxana nə verir?"

Televerilişlərə ekspert və qonaq dəvəti məsələsinə toxunan baş redaktor yazır: "Əsas problem ekranda görünməyə, oradan söz deməyə mənəvi haqqı olanların verilişlərə dəvət olunmasındadır! Bu gün Azərbaycan teleməkanının baş qəhrəmanı şou əhlidir! Artıq tamaşaçılar onlardan bezib və təəssüf ki, bu səbəbdən üzünü əcnəbi kanallara çevirib. Bütün tip verilişlərə gedən, ginekologiyadan tutmuş geosiyasətə qədər hər məsələ barədə "rəy" söyləyən "qonaqlar" da gülüş hədəfinə çevrilib. Onlar özlərini müdrik göstərmək istədikləri halda gülünc təsiri bağışlayırlar. Bu barədə çox danışıldığından təfərrüata varmırıq".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm