Müəllim və təyyarəçinin inqilabı: "Qarabağ"dan statusu alan, futbol dünyasını lərzəyə salan klub - FOTOLAR
Bizi izləyin

İdman

Müəllim və təyyarəçinin inqilabı: "Qarabağ"dan statusu alan, futbol dünyasını lərzəyə salan klub - FOTOLAR

Bu günlər Avropa və dünya futbolunun dilində bir klub var - "Budo-Qlimt"! Bu komanda Avropanın əsas futbol turniri olan Çempionlar Liqasında 6 oyundur nəinki proqnozları, həyatla, elmlə bağlı bütün qanunları alt-üst edir. 5 matçdır ki, Avropa nəhəngləri Norveç təmsilçisinin əlində əsir-yesir olub.

"Borussiya Dortmund"la 6-cı tur matçındakı heç-heçə ilə (2:2) başlayan uğurlu seriya qələbələrlə taclanıb. Mən sayım siz də baxın. Liqa mərhələsində evdə "Mançester Siti" (3:1), səfərdə "Atletiko" (2:1), pley-offda "İnter" (ev 3:1, səfər 2:1), indi isə 1/8 finalda "Sportinq" (3:0) "sarılar"ın qarşısında aciz qalıb. Mövsümün ilk yarısında Çempionlar Liqasının sürpriz komandası "Qarabağ" hesab edilirdisə, Norveç təmsilçisi qış fasiləsindən sonra bu statusu Azərbaycan təmsilçisinin əlindən almağı bacarıb.

Nə qədər qəribə görünsə də, müasir futbolda milyardların və böyük ulduzların hökmranlıq etdiyi bir dövrdə, Şimal qütb dairəsindən gələn bir komanda Avropanın yaşıl meydanlarında əsl inqilab edir. Söhbət təkcə öz ölkəsinin deyil, bütün qitənin diqqətini çəkən, futbol aləminin "A-ha" qrupuna çevrilmiş "Budo-Qlimt"dən gedir.

Bilməyənlər üçün qısa qeyd edim ki, "A-ha" Norveçin dünya miqyasında ən məşhur pop-rok qrupudur. Onlar xüsusilə "Take On Me" mahnısı ilə tanınıblar.

İndi isə qayıdaq mövzumuza... Tarixə nəzər salsaq, bu komandanın keçdiyi yol heç də asan olmayıb. 1963-cü ilə qədər şimallılar heç Norveç kubokuna buraxılmırdı, elitaya isə yalnız 1972-ci ildə vəsiqə qazana biliblər. Amma bu gün onlar dördqat ölkə çempionu kimi yeni hegemonluğu ələ alıblar. Qitə miqyasında isə "Budo" Konfrans Liqasının 1/4 finalına qədər irəliləyib və Norveç futbolu tarixində Avropa Liqasının yarımfinalına yüksələn ilk komanda kimi adını qızıl hərflərlə yazdırıb. Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləmələri isə bu yüksəlişin məntiqi davamıdır. "Mançester Siti", "Roma", "Atletiko" və "İnter" kimi nəhəngləri məğlub edən bu komanda sübut etdi ki, rəqibin büdcəsi və statusu onların meydandakı fəlsəfəsini dəyişə bilməz.

Maraqlı məqam odur ki, "Budo"nun Avropada qarşısında aciz qaldığı komandalardan biri "Qarabağ"dır. Ağdam klubu ötən mövsüm Avropa Liqasının əsas mərhələsi çərçivəsində səfərdə baş tutan oyunda Norveç çempionuna 2:1 hesabı ilə qalib gəlib.

Bu heyrətamiz layihənin arxasında duran əsas memar komandanın baş məşqçisi Kyetil Knutsendir. Uzun illər məktəb müəllimi işləmiş bu mütəxəssis artıq 10 ildir ki, klubun sistemindədir. Özünü "həddindən artıq işə aludə olan adam" adlandıran, sosial şəbəkələrdən uzaq durub bütün vaxtını "Budo"ya həsr edən Knutsen komandaya Qvardiolanın "Barselona"sını xatırladan dominant və hücumyönümlü oyun üslubu aşılayıb. 2029-cu ilə qədər müqaviləsini yeniləyən mütəxəssis heç bir adlı-sanlı rəqib qarşısında oyun tərzindən geri çəkilmir. "Roma"nı 6:1 hesabı ilə darmadağın etdikləri matç, bu hücum fəlsəfəsinin ən bariz nümunələrindən biridir.

Lakin sistemin ən az Knutsen qədər vacib olan digər bir detalı da var. Keçmiş hərbi təyyarəçi, hazırda isə komandanın psixoloqu olan Byorn Mansverk. O, 2017-ci ildə kluba qoşularaq futbolçuların təfəkkürünü kökündən dəyişdi. Mansverkin əsas məqsədi oyunçuların üzərindəki nəticə təzyiqini azaltmaq və diqqəti yalnız prosesə yönəltmək idi. İndi "Budo-Qlimt" futbolçuları matçdan əvvəl qələbənin və ya üç xalın vacibliyindən danışmır, turnir cədvəlinə baxmırlar. Əsas olan nəticə deyil, bu nəticəni gətirən düzgün prosesdir.

Klub daxilində komandanın xüsusi inkişaf modelini izah etmək üçün "Vardesmate" (Bizim yol) termini işlədilir. Bu ad, dağlarda istiqamət göstərən və hər bir daşın bərabər dərəcədə əhəmiyyətli olduğu "Varde" daş piramidasından götürülüb. Komanda həm də Skandinaviya cəmiyyətində kök salmış "Yante qanunu"na (heç kimin digərindən üstün olmaması, fərqlənməmək ideyası) qarşı çıxaraq, fərdi bacarıqları və meydandakı fərqliliyi ön plana çəkir. Meydanda nümayiş etdirilən dözümlülük də diqqətdən qaçmır. Oyunçular zədə simulyasiyası etmir, qol buraxdıqdan dərhal sonra meydanın mərkəzində toplaşaraq qısa müzakirələr aparıb oyuna yenidən köklənirlər.

"Budo-Qlimt" sadəcə bir futbol komandası yox, eyni zamanda böyük bir ailədir. Komandanın kapitanı Patrik Berq klubun formasını geyinən dördüncü nəsli təmsil edir. Ondan əvvəl atası, babası və ulu babası da bu komandanın şərəfini qoruyub. Babası Harald 1975-ci ildə komanda ilə birlikdə Norveç kubokunu başı üzərinə qaldıran əfsanəvi şəxsdir.

Uğurlu çıxışlar klubun maliyyə modelini də inanılmaz dərəcədə inkişaf etdirib. Uşaqlığı stadionun 50 metrliyində keçən, vaxtilə etdiyi transferlə klubu müflis olmaqdan xilas edən idman direktoru Havard Sakariassen, indi "Budo"nun milyonlar qazanan sisteminə rəhbərlik edir. Düzgün strategiya sayəsində klub transferlərdən 40 milyon avro civarında pul qazanıb. Çempionlar Liqasının 1/8 finalına çıxış kluba əlavə 11 milyon avro gəlir gətirib. Əldə edilən bu vəsaitlər sayəsində bir vaxtlar məhdud büdcəli komanda olan şimallılar, indi Norveç liqasında ən çox maaş verən kluba çevriliblər.

Mannsverk klubun ailə fəlsəfəsini müdafiə edir. Knutsen də eyni fikirdədir və əsas məqsədlərdən biri şimallılardan və akademiya məzunlarından ibarət komanda qurmaq idi ki, buna nail olublar. Hazırda heyətdə yalnız iki əcnəbi oyunçu - Nikita Haykin və danimarkalı hücumçu Kasper Höqun yer alır. Heyətin əhəmiyyətli bir hissəsini yerlilər təşkil edirlər. Hətta bəzi matçlarda heyətdə yer alan futbolçuların yarısı (bəzən çox və ya az ola bilir) "Budo"nun öz yetirmələri olur.

Təqribən 50 min əhalisi olan balıqçı qəsəbəsinin 15 faizi hər ev oyununda stadionda yerini alır. "Sarı orda" adlandırılan azarkeş qrupunun ən maraqlı və unikal ənənəsi rəqibi meydandan "təmizləmək" üçün istifadə etdikləri yarım əsrlik tarixə malik nəhəng sarı diş fırçası rəmzidir. Hətta rəqib komandanın kapitanlarına da xatirə olaraq bu fırçanın kiçik bir nüsxəsi hədiyyə edilir. Azarkeşlərin baş məşqçi Knutsenə olan sevgisi isə sərhəd tanımır. O, "Roma" ilə səfər matçında cəzalı olanda, azarkeşlər 10 min avro toplayaraq "Olimpiko" stadionuna 2000 ədəd karton Knutsen maskası ilə yollanıblar.

Nəticə etibarı ilə, Avropa mediasında mütəmadi olaraq səhifələri "sarı rəngə" boyayan bu fenomen təsadüfi deyil. "Budo-Qlimt" Avropa futboluna fərqli bir nəfəs gətirib. Onlar sübut etdilər ki, düzgün sistem, səbrli yanaşma, psixoloji dayanıqlılıq və fədakarlıqla Şimal qütb dairəsinin soyuğundan Avropanın ən qaynar futbol səhnələrinə doğru uğurlu bir "Vardesmate" qurmaq mümkündür. Dünyanın və futbolun daha rəngli olması üçün belə hekayələrə həqiqətən də ehtiyacı var.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm