Qırmızı.az
Eldar Mahmudov erməni casuslarından danışdı
“İndiki mürəkkəb dövrdə kəşfiyyat fəaliyyətinin səmərəli
təşkili mühüm amildir. Ölkəmizə qarşı təhdidlər, düşmən və rəqib
dövlətlərin, xarici xüsusi xidmət orqanlarının təxribat-pozuculuq
niyyətləri və planları barədə müntəzəm məlumatlar əldə edilib. Eyni
zamanda, respublikamıza qarşı kəşfiyyat-pozuculuq və
terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə
sistemli əks-kəşfiyyat tədbirləri həyata
keçirilir”.
Bunu martın 28-də milli təhlükəsizlik orqanlarının yaranmasının
96-cı ildönümü ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin akt
zalında keçirilən tədbirdə çıxışı zamanı milli təhlükəsizlik naziri
general-polkovnik Eldar Mahmudov deyib.
E.Mahmudov deyib ki, bu tədbirlər nəticəsində xarici xüsusi xidmət
orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunaraq, xüsusi
tapşırıqları yerinə yetirən 2 nəfər ifşa edilib: “Ermənistan xüsusi
xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi digər Azərbaycan
Respublikası vətəndaşı maddi maraq əsasında ölkəmiz barədə
kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplamış və bunu peşə
fəaliyyəti ilə pərdələməyə çalışmışdır. Hazırda həmin fakt, eləcə
də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət
orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində
müvafiq cinayət işləri üzrə istintaq aparılır”.
Nazir qeyd edib ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə
maddi maraq zəminində əsasən Türkiyədən deportasiya edilmiş Orta
Asiya ölkələrinin vətəndaşlarını Azərbaycandan İrana və Gürcüstana,
oradan isə qanunsuz yollarla yenidən Türkiyəyə keçirən bir qrup
Azərbaycan vətəndaşı və onların əlaqələrinə dair materiallar
əsasında isə istintaq aparılır.
Silahlı Qüvvələrdə gedən islahatlar və müşahidə olunan müsbət
meyildə hərbi əks-kəşfiyyat orqanlarının uğurlu fəaliyyətini qeyd
edən general-polkovnik Eldar Mahmudov, bu istiqamətdə nöqsanların
vaxtında aşkarlanması və qarşısının alınması üzrə fəaliyyət
xəttinin, Müdafiə Nazirliyi və qanunvericiliklə nəzərdə tutulmuş
digər silahlı birləşmələr ilə işgüzar əlaqələrin daha da
gücləndiyini vurğulayıb.
E.Mahmudovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi
tərəfindən terrorçuluq, separatçılıq, dini ekstremizm və
ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq
halları ilə mübarizə üzrə ardıcıl tədbirlər həyata keçirilib.
Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında
iştirak etmiş 33 nəfər və Pakistan-Əfqanıstan zonasında fəaliyyət
göstərən terrorçu təşkilatın üzvü olan 4 nəfər Azərbaycan
Respublikası vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin
müxtəlif növ odlu silah və hərbi ləvazimatla təchiz edilmiş,
terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan iki
radikal dini ekstremist qruplaşmanın 7 üzvü yaxalanıb, dini
dözümsüzlük zəminində cinayət törətmiş daha 10 nəfər həbs
olunub.
Nazir Eldar Mahmudov son vaxtlar Azərbaycan vətəndaşlarının radikal
dini ekstremist qrupların və xarici ölkələrdə qanunsuz fəaliyyət
göstərən silahlı dəstələrin tərkibində iştirak hallarının
artmasının narahatlıq doğurduğunu bildirərək, vəziyyətin belə mənfi
təzahürlərlə və ümumilikdə dini zəmində terrorçuluqla mübarizənin
cəmiyyətin də yaxından cəlb edilməsi ilə daha səmərəli aparılmasını
zəruri etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, son dövrlər
regiondakı bəzi dövlətlərin dini dairələri və xüsusi xidmət
orqanları ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar. Bu
baxımdan, qeyd olunan istiqamətdə, xüsusən, birinci Avropa Oyunları
ərəfəsində zəruri qabaqlayıcı kompleks tədbirlər həyata keçirilir,
Azərbaycan Respublikasına qarşı mümkün təhdidlər daim diqqətdə
saxlanılır.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən peşə bayramından
hazırki dövrədək olan müddət ərzində də narkotik vasitələrin
qanunsuz dövriyyəsinin qarşısının alınması üçün səmərəli tədbirlər
davam etdirilib. Bu müddətdə 329 kiloqrama yaxın narkotik vasitə, o
cümlədən 183 kiloqram heroin aşkar edilərək qanunsuz dövriyyədən
çıxarılıb. Ümumilikdə 41 cinayət işi başlanıb, 84 nəfər məsuliyyətə
cəlb olunub.
Bundan başqa, Rusiya Federasiyasının aidiyyəti orqanları ilə
tərəfdaşlıq çərçivəsində birgə keçirilmiş əməliyyatlar nəticəsində
2 fakt üzrə 3 nəfər Rusiya vətəndaşından 160 kiloqramdan çox
narkotik vasitə götürülüb. Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində əlavə olaraq 24,5 kiloqramdan çox qurudulmuş marixuana
götürülüb, 1 Ukrayna, 9 Azərbaycan Respublikası vətəndaşı cinayət
məsuliyyətinə cəlb edilib.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər
əməliyyat-axtarış tədbirləri nəticəsində məsuliyyətə cəlb edilmiş 5
nəfər Azərbaycan Respublikası vətəndaşından külli miqdarda narkotik
vasitə ilə yanaşı, “Makarov” tipli 2 tapança, “Naqan” tipli 1
revolver və xeyli sayda döyüş sursatı götürülüb.
Təxminən 11 kiloqrama yaxın, dövriyyəsi qadağan edilmiş civəni
xarici ölkə vətəndaşına satmaq istəyən daha 1 nəfər Azərbaycan
Respublikası vətəndaşı barəsində isə cinayət işi başlanıb.
Nazir Eldar Mahmudov qeyd edib ki, Azərbaycan Respublikasının
iqtisadi potensialı əleyhinə təhdidlərin neytrallaşdırılması işi
milli təhlükəsizliyimiz üçün mühüm şərtdir. Milli təhlükəsizlik
orqanları tərəfindən il ərzində yalançı sahibkarlıq vasitəsilə
külli miqdarda əmtəəsiz maliyyə əməliyyatlarının həyata keçirilməsi
faktları üzə çıxarılıb. Həmçinin qiymətli daş-qaşın və zinət
əşyalarının, eləcə də qanunsuz rabitə xidmətinin təşkilində
istifadə olunan rabitə cihazlarının qaçaq yolla ölkə ərazisinə
gətirilməsi faktları aşkarlanıb. İfşa edilmiş digər mütəşəkkil
cinayətkar dəstə tərəfindən müştərilərin hesablarından külli
miqdarda vəsaitin talanması halları müəyyən edilib, bu faktlar üzrə
7 cinayət işi başlanıb, 13 nəfər məsuliyyətə cəlb olunub.
Saxta pul və qiymətli kağızların hazırlanması, müxtəlif şəxslərin
adına sənədləşdirilməsi yolu ilə vəsaitlərin mənimsənilməsi
faktları da aşkar olunub. Hərbi xidmətdən yayınmaq üçün saxta
sənədlərdən istifadə edilməsi, ali təhsil haqqında sənədin
saxtalaşdırılması və sair hallar müəyyən edilib. Hazırda bu
faktlarla bağlı 14 cinayət işinin istintaqı aparılır.
Ötən müddət ərzində qanunçuluq, qanun qarşısında bərabərlik,
təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri rəhbər
tutularaq ümumilikdə 275 şəxs barədə 142 cinayət işinin tam,
hərtərəfli və obyektiv istintaqı aparılıb, 128 nəfər məsuliyyətə
cəlb edilib.
Nazir Eldar Mahmudov bildirib ki, müasir dövrdə hər bir xüsusi
xidmət orqanının qarısında ən vacib vəzifələrdən biri milli
təhlükəsizliyə qarşı təhdidlərin dəqiq proqnozlaşdırılması və
meyillərin vaxtında müəyyən edilməsidir. Bu baxımdan günün
tələbləri nəzərə alınaraq həyata keçirilmiş islahatlar işin daha
səmərəli təşkilinə təkan verib. Diqqətə çatdırılıb ki, beynəlxalq
əməkdaşlıq əlaqələri ildən-ilə genişlənən və daha səmərəli xarakter
alan Milli Təhlükəsizlik Nazirliyi hazırda 51 xarici dövlətin 76
xüsusi xidmət orqanı, habelə bir sıra beynəlxalq təşkilatlar ilə
qarşılıqlı əlaqələrə malikdir. Əməkdaşlıq yalnız informasiya və
təcrübə mübadiləsi ilə deyil, bir çox hallarda birgə fəaliyyət və
əməli kömək şəklində həyata keçirilir.
General-polkovnik Eldar Mahmudov olduqca çətin şəraitdə xidmət
aparan Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib. Həyata keçirilmiş
əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları
tərəfindən muxtar respublikadakı ictimai-siyasi və dini proseslərə,
burada dislokasiya olunmuş hərbi strukturlara xüsusi diqqət
göstərilməsi kimi kəşfiyyat-pozuculuq fəaliyyətlərin qarşısı
alınıb.
Eyni zamanda, Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində
döyüş əməliyyatlarında iştirakları müəyyən edilmiş 7 nəfər ölkə
vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı, habelə
qızıl əşyalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsi
ilə bağlı Naxçıvan MR MTN tərəfindən toplanılmış materiallar
əsasında hazırda 2 cinayət işinin istintaqı aparılır. Narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində Naxçıvan MR MTN-in həyata keçirdiyi tədbirlər
nəticəsində 11 fakt üzrə 16 nəfər şəxs istintaqa cəlb olunub.
Nazir Eldar Mahmudov cinayətkarlıqla mübarizə, sabitliyin və
təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və
hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq
əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan
verəcəyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın idman uğurlarında Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşlarının rolu da ildən-ilə yüksəlir. Əlbəttə bu,
hər şeydən əvvəl dövlətimizin başçısının yaxından dəstəyi ilə
müasir şəraitə, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün
hərtərəfli imkanlara malik Milli Təhlükəsizlik Nazirliyinin “Titan”
İdman və Sağlamlıq Mərkəzinin yaradılması ilə bağlıdır. Ötən il
“Titan”ın üzvləri ayrı-ayrı idman növləri üzrə dünya, Avropa və
respublika çempionatlarında 14 qızıl, 16 gümüş və 9 bürünc medal
qazanıblar.
Nazir Eldar Mahmudov çıxışında bildirib ki, Milli Təhlükəsizlik
Nazirliyinin fəaliyyətində Ermənistan xətti, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllində ölkə rəhbərliyinin siyasi kursu
üçün əlverişli şəraitin yaradılması daim prioritet təşkil edir.
Ötən il Dağlıq Qarabağ münaqişəsinə dair təbliğat materiallarının
hazırlanması və yayılması sahəsində Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının da
fəaliyyəti uğurlu olub. Səfirliklərimizə, diaspor təşkilatlarına,
elm-təhsil ocaqlarına münaqişənin tarixi, yaranma səbəbləri və
fəsadlarından bəhs edən xeyli sayda kitab, broşür və elektron
vəsaitlər göndərilib. Bu məsələ daim diqqət mərkəzində
saxlanılır.
General-polkovnik Eldar Mahmudov qeyd edib ki, milli təhlükəsizlik
orqanlarının əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini
dərindən dərk edir: “Biz möhtərəm Prezidentin milli maraqlara
xidmət edən siyasi kursunun bundan sonra da uğurla aparılması üçün
qətiyyətlə çalışmaq əzmindəyik. Azərbaycanın daha da
qüdrətlənməsinə xidmət edən Heydər Əliyev siyasi kursunun dönmədən
həyata keçirilməsi, xalqımızın milli mənafelərinin etibarlı
qorunması və təhlükəsizlik fəaliyyətimizin əsas xəttini təşkil
edir. Nail olunmuş inkişaf və əldə edilmiş uğurlar dövlətimizin
başçısı İlham Əliyevin milli təhlükəsizlik orqanlarının
fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qayğının bariz
nəticəsidir. Peşə bayramı ərəfəsində Azərbaycan Prezidentinin
sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək
dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına
olan diqqətin daha bir parlaq təzahürüdür”.
Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına göstərdiyi
qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdıraraq
bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik
Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın
dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı
əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...