Hansı şagirdlər məktəbi vaxtından əvvəl bitirə bilər?
Bizi izləyin

Qırmızı.az

Hansı şagirdlər məktəbi vaxtından əvvəl bitirə bilər?

Orta məktəbi eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi qaydaları təsdiqlənib.

Publika.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları”nın təsdiqi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə, aydın, rabitəli nitq və çevik təfəkkürdür.

Övladının müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi haqda məsələ valideynin (digər qanuni nümayəndənin) iştirakı ilə pedaqoji şurada müzakirə olunub müvafiq qərar qəbul edilir.

Şagirdin hər hansı bir təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə pedaqoji şurada müsbət qərar qəbul edilərsə, həmin qərardan çıxarış, habelə, uşağın fiziki inkişafının normal olduğunu təsdiq edən yerli tibb müəssisəsi tərəfindən verilmiş arayış məktəbin direktorunun müvafiq məzmunda müşayiət məktubu ilə yerli təhsili idarəetmə orqanına təqdim olunur.

Şagirdin ümumi hazırlıq səviyyəsi, psixoloji dayanıqlığı, idraki inkişafı müəyyən olunmuş vaxtda Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar araşdırılır və yekun rəy Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilir. Həmin rəyə görə, şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi tövsiyə olunursa, bu barədə aidiyyəti yerli təhsil idarəetmə orqanına məktub göndərilir. Həmin məktub əsasında şagirdin ikinci yarımildən etibarən növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır və məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin müvafiq olaraq VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm