Şuşa necə işğal olundu? - VİDEO/FOTO
Bizi izləyin

Qırmızı.az

Şuşa necə işğal olundu? - VİDEO/FOTO

Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı.

Əslində, ermənilər Şuşa üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər edərək Şuşaya doğru irəliləyirdi. Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər etdiyi sonuncu həmlə idi.

Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan çıxarılmışdı.

Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi. Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin nəzarətinə keçdi. Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar.

Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütyun” terror təşkilatının rəhbərləri yer almışdılar. Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki də var idi. Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın koridorunun tutulması idi…/axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm