Rəsmi xronika
İlham Əliyev Şahbaz Şəriflə görüşdü - YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Publika.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəsinin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəsi üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Dövlət başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparılıb, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib. Azərbaycanın "ASAN Xidmət" modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.
xxx
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar



































