40 il əvvəl proqnoz verilmişdi – Azərbaycanda əhali arasında sürətlə yayılmağa başladı
Bizi izləyin

Sağlamlıq

40 il əvvəl proqnoz verilmişdi – Azərbaycanda əhali arasında sürətlə yayılmağa başladı

Oturaq həyat tərzinin sağlamlığa təsiri mütəmadi olaraq müzakirə edilir. Hətta iddialara görə, fiziki hərəkətsizlik təkcə artıq çəki və ürək-damar problemləri ilə məhdudlaşmır, eyni zamanda xərçəngə tutulma riskini də artırır.

Oturaq həyat tərzi xərçəngə yoluxmaya səbəb ola bilərmi? Ümumiyyətlə, insanlar arasında bu xəstəliyə yoluxma riski niyə artır?

Publika.az xəbər verir ki, bu barədə həkim-onkoloq, tibb üzrə fəlsəfə doktoru Nəsimi Qasımov Globalinfo.az-a danışıb. O deyib ki, xərçəng xəstəliyi dünyada və həmçinin ölkəmizdə ilbəil artmaqda davam edir:

“Hələ XX əsrin 80-ci illərində bu sahədə böyük nüfuza malik, dünyaca məşhur sovet alimi N.N.Bloxin qeyd edirdi ki, XX əsrin sonu və XXI əsrin əvvəlində demək olar hər kəs öz xərçənginə qədər yaşayacaq. Bu gün sözügedən proqnozun reallığa çevrildiyini müşahidə edirik. Eyni zamanda xəstəlik “cavanlaşır”, yəni daha erkən yaşlarda aşkarlanır. Bu prosesdə ətraf mühitin kanserogen maddələrlə çirklənməsi, siqaretə meyllilik, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi və digər risk faktorlarının rolu danılmazdır. Lakin əsas məsələ xəstəliyin vaxtında aşkarlanması və erkən mərhələdə müasir diaqnostika üsulları ilə müəyyən edilərək adekvat müalicənin aparılmasıdır. Məsələn, Milan Onkoloji Mərkəzinin statistikasına görə, süd vəzi xərçənginin I mərhələsində 20 illik sağqalma göstəricisi demək olar ki, 100 faizə yaxın nəticə verib. Bu da erkən diaqnostikanın və düzgün müalicənin həlledici əhəmiyyətini bir daha təsdiqləyir”.

Terapevt Aygün Sayılova bildirib ki, əslində xərçəng xəstəliklərinin sayı kəskin şəkildə artmayıb, sadəcə artım təsiri yaranır:

“Əsas səbəb Sovet dövründə diaqnostika imkanlarının çox məhdud olmasıdır. Həmin vaxtlar yalnız rentgen müayinəsi, qanın, sidiyin və nəcisin ümumi analizləri mövcud olsa da, ultrasəs, kompüter tomoqrafiyası və maqnit-rezonans tomoqrafiya kimi müasir üsullar yox idi. Bu müayinə metodları ölkəmizdə tətbiq olunmağa başladıqdan sonra xərçəng xəstəliklərinin aşkarlanma faizi artdı. Yüksək dəqiqlikli diaqnostika vasitələri sayəsində əvvəllər müəyyən edilə bilməyən şişlər indi erkən mərhələdə üzə çıxır. Yəni artan xərçəng halları daha çox diaqnostikanın inkişafı ilə bağlıdır, xəstəliyin real yayılma səviyyəsinin yüksəlməsi ilə deyil.

Tez-tez belə sual verilir ki, sağlam həyat tərzi sürən, qidalanmasına diqqət edən insan xərçəngə tutulur, amma zərərli vərdişləri olan başqa bir şəxsdə bu xəstəlik müşahidə olunmur. Bunun əsas izahı genetik amillərlə bağlıdır. Xərçəng hüceyrələri genetik səviyyədə formalaşan defektli hüceyrələrdir və orqanizmdə nəzarətsiz şəkildə çoxalırlar. Bu proses insanın iradəsindən və həyat tərzindən asılı olmadan başlaya bilər. Bəzən uzun illər siqaret çəkən insan başqa xəstəlikdən vəfat edir, amma qısa müddət siqaret çəkmiş biri ağciyər xərçəngi diaqnozu alır. Bu da genetik meyillərin nə qədər həlledici rol oynadığını göstərir. Məhz buna görə həkimlər hər kəsə sağlam həyat tərzi tövsiyə edir. Çünki insan özündə genetik riskin olub-olmadığını dəqiq bilmir. Amma genlərində xərçəng xəstəliyi olan kəslərə müəyyən yaşdan sonra müntəzəm skrininq müayinələri tövsiyə olunur”.

Terapevt qeyd edib ki, inkişaf etmiş ölkələrdə insanlar sağlam həyat tərzinə daha çox üstünlük verirlər:

“Gəzinti, velosiped sürmək, fiziki aktivlik və təbiətlə ünsiyyət gündəlik həyatın bir hissəsidir. Bizdə isə çox zaman diqqət maddi əşyalara və istehlaka yönəlir. Halbuki yaşamaq yalnız maddi nailiyyətlər deyil, psixoloji rahatlıq, ailə xoşbəxtliyi və həyat keyfiyyətidir. Qidalanma isə bu gün ciddi problemə çevrilib. Həddindən artıq qida qəbulu, şəkər və şirniyyatların çox istifadəsi, oturaq həyat tərzi diabetin və piylənmənin artmasına səbəb olur. Piylənmə daxili orqanların, xüsusilə qaraciyərin piylənməsinə gətirib çıxarır. Ağır hallarda qaraciyər hüceyrələri piy toxuması ilə əvəz olunur və qaraciyər çatışmazlığı yaranır. Bu zaman yeganə çıxış yolu transplantasiya olur ki, bu da olduqca bahalı və çətin prosesdir. Bütün bu amillər, yəni qeyri-sağlam qidalanma, fiziki passivlik, piylənmə və metabolik pozuntular xərçəng xəstəlikləri üçün risk yaradan əsas faktorlar sırasındadır. Buna görə də profilaktika, erkən diaqnostika və sağlam həyat tərzi xərçənglə mübarizədə ən effektiv vasitələrdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm