Sağlamlıq
Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
Aclıqdan yaranan əsəbiləşmə bir çoxlarına tanış vəziyyətdir və ingilis dilində hangry (hungry – ac və angry – əsəbi sözlərindən) adlanır. Gündəlik həyatın adi hissəsi olmasına baxmayaraq, indiyədək alimlər aclığın sağlam insanların əhval-ruhiyyəsinə necə təsir etdiyini demək olar ki, araşdırmayıblar.
Psixoloqların yeni araşdırması göstərib ki, məsələ təkcə qanda şəkərin səviyyəsi ilə bağlı deyil, həm də insanın öz bədənindən gələn siqnalları nə dərəcədə dərk etməsindən asılıdır.
Publika.az xəbər verir ki, bu barədə The Conversation portalı məlumat yayıb.
Təcrübədə 90 sağlam yetkin iştirak edib. Onlar bir ay ərzində diabet xəstələrinin istifadə etdiyi kimi, qlükozanın səviyyəsini fasiləsiz ölçən sensorlar taxıblar. Qurğular bir neçə dəqiqədən bir qandakı şəkərin miqdarını qeydə alıb. Paralel olaraq iştirakçılar gündə iki dəfəyə qədər smartfon vasitəsilə əhval-ruhiyyələrini və aclıq səviyyələrini 0-dan 100-ə qədər şkala üzrə qiymətləndiriblər.
Nəticələr gözlənilməz olub. Əhvalın pisləşməsi qlükoza səviyyəsinin obyektiv azalması ilə deyil, aclığın subyektiv şəkildə hiss edilməsi ilə bağlı çıxıb. Yəni insanlar orqanizmdə enerji azaldığı anda yox, ac olduqlarını dərk etdikləri zaman daha əsəbi olublar.
Bundan əlavə, alimlər mühüm fərdi xüsusiyyəti də müəyyən ediblər. Orqanizmin vəziyyətini - enerji səviyyəsini, toxluq hissini, yorğunluğu daha dəqiq hiss edən insanlar kəskin əhval dəyişiklikləri ilə daha az qarşılaşıblar. Psixologiyada bu qabiliyyət interosepsiya, yəni bədənin daxili siqnallarının qavranılması adlanır.
Neyrobioloji baxımdan aclıq hipotalamus neyronlarının enerji çatışmazlığını qeydə alması ilə başlayır. Şüurlu aclıq hissi isə beynin ada qabığının iştirakı ilə formalaşır. Bu sahə təkcə bədən hissləri ilə deyil, emosiyalarla da bağlıdır. Məhz bu mərhələdə fizioloji proseslər əhval-ruhiyyə ilə “qarşılaşır”.
Tədqiqatçılar vurğulayıblar ki, interosepsiyası daha inkişaf etmiş insanlar aclığı digərləri qədər hiss etsələr də, ona emosional reaksiyanı daha yaxşı tənzimləyə bilirlər. Bu isə vacibdir, çünki kəskin əhval dəyişiklikləri ətrafdakılarla münasibətləri pisləşdirə, özünənəzarəti zəiflədə və impulsiv qərarlara - məsələn, həddindən artıq yeməyə və ya daha az faydalı qidalara üstünlük verməyə səbəb ola bilər.
“Hangry” effektinə xüsusilə uşaqlar həssasdır: onlar orqanizmin siqnallarını tanımaqda daha çox çətinlik çəkir və diqqətləri asanlıqla xarici stimullara yönəlir. Bununla belə, sıx iş qrafiki, stress və rəqəmsal diqqət yayındırıcıları səbəbindən böyüklər də çox vaxt enerji səviyyəsinin azaldığı anı gözdən qaçırırlar.
Araşdırma müəlliflərinin sözlərinə görə, sadə tədbirlər — müntəzəm qidalanma rejimi, fiziki aktivlik və bədən hisslərinə daha diqqətli yanaşma aclıq zamanı əsəbiləşmə riskini azalda bilər. Orqanizmin ehtiyaclarını daha yaxşı hiss etmək təkcə fiziki deyil, həm də psixoloji rifahı dəstəkləyir.
Hüseyn İbadlı
-
Magazin201:11"Kuruluş Osman"ın aktrisası yeni serialda - FOTO
-
Sağlamlıq00:30Ac olanda niyə əsəbiləşirik? - Alimlər yeni səbəbi AÇIQLDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə deyir ki...
-
Elm və təhsil20 Yanvar 22:24Azərbaycan ədəbiyyatına ağır itki üz verdi - FOTO
-
Sosial20 Yanvar 22:00Bu rayonun bəzi kəndləri QAZSIZ QALACAQ
-
Magazin220 Yanvar 21:12Evini 108 milyona satdı - FOTO
-
MDB20 Yanvar 20:00Lukaşenko Trampın bu təklifinə “HƏ” DEDİ
-
Art20 Yanvar 19:12“Qırmızı qərənfilləri sevmirəm”






































