Səhiyyə
Baş infeksionist peyvəndlərin təhlükəsizliyindən danışdı
“Bu gün əldə edilən nəticələr, yoluxma hallarının minimuna düşməsi, xəstə sayının azalması, müsbət test nəticələrinin azalması əlamətdar hadisədir. Demək olar ki, pandemiyadan öncəki həyatımıza maksimum yaxınlaşmışıq. Əldə olunan nəticələr qürurvericidir. Bu, dövlətin və aidiyyəti qurumların apardığı, ardıcıl həyata keçirdiyi tədbirlərə bağlı məsələdir. Bunlardan ən önəmlisi vaksinasiya prosesidir”.
Publika.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Baş infeksionist qeyd edib ki, COVID-19 xəstəliyinin idarə olunması üçün müəyyən müalicə protokolları var:
“Burada hansı xəstəyə necə yanaşmaq və müalicə qaydası qeyd olunub. Müalicəni həkim təyin etməlidir. Xəstəlik aşkarlanıbsa, yoluxan şəxsin evdə müalicə alması və ya stasionara göndərilməsi məsələsində məhz həkim göstəriş verməlidir. Xəstəliyin gedişində müəyyən ağırlaşmalar qeydə alınıbsa, xəstələrin xəstəxanaya yerləşdirilməsi məcburidir. Ağırlaşma halları, ağciyər zədələnməsi varsa, bu xəstələr ciddi izlənməlidir ki, səhhətlərində olan pisləşmə dərhal aşkara çıxsın və müalicənin necə aparılmasına baxılsın. Burada xəstə özü qərar verməli deyil.
Bəzi xəstələr var ki, onlarda tənəffüs çatışmazlığı aşkar olunsa da, oksigen terapiya almalı olsalar da, yenə də israr edərək evdə qalmağı arzu edirlər. Bu xəstələr çox ağırlaşmış vəziyyətdə xəstəxanaya çatdırılır. Evdə müalicə alarkən, stasionar mərhələsində belə müxtəlif dərmanlar istifadə olunur ki, ağırlaşmalara səbəb olur və sonradan bu ağırlaşmaların qarşısını almaq heç də sadə məsələ deyil. Odur ki, xəstənin müalicəsi həkim tərəfindən təyin olunmalıdır”.
Təyyar Eyvazovun sözlərinə görə, xüsusilə peyvəndlərin effektivliyi və təhlükəsizliyinin öyrənilməsi, sübut olunması prosedurları çox uzun və qəlizdir:
“Peyvəndlərdə məsələ başqa cürdür. Dərmandan fərqli olaraq sağlam insana vurulur. Bu insanın gələcəkdə yoluxub-yoluxmaması sual altındadır. Təbii ki, pandemiyanın da öz qanunları var, gözləyə bilməzdilər ki, hər hansı effektivliyi müəyyən mənada sübut olunmuş vasitələrin qeydiyyatı uzansın. Bu qeydiyyat bir qədər sadələşdirilmiş üsulla aparılır. Amma bütün 3 faza tədqiqatların nəticələri araşdırılır və həqiqətən dürüst nəticələr olduqdan sonra icazə verilir.
Azərbaycanda məhz peyvəndləmə nəticəsində minlərlə insanın həyatı xilas olub. Odur ki, pandemiya dövründə bu cür icazələrin verilməsi tamamilə əsaslıdır və özünü doğruldur”.
Baş infeksionist hesab edir ki, yoluxmaların artması ehtimalı azdır:
“Virus mutasiyaya uğrayır və əvvəlkindən yoluxuculuq qabiliyyətinə görə seçilir. “Omikron” ştamı digər ölkələrdə sürətlə yayılır və dominant bir ştama çevrilir. Birinci növbədə əhalinin məsuliyyəti, karantin qaydalarının gözlənilməsi, qapalı yerlərdə otaq havasının tez-tez dəyişdirilməsi və qaydalara düzgün əməl olunması, gigiyena, üstəlik, buster dozanın vurulması və əhalidə vaksinasiya sayəsində formalaşmış immunitet xəstələnmənin və ağır halların azalmasına səbəb olacaq.
Tibb tarixində infeksiyaların idarə olunmasının yeganə yolu vaksinasiyadır. Antiviral dərmanlar effektivliyini göstərmir və onların hazırlanması uzun çəkir. Son günlərdə təklif edilən yeni antiviral dərmanların istifadəsi də zaman alacaq.
Biz bayramlarda 3-4 gün evdə oluruq, bir-birimizə qonaq gedirik. Təbii ki, bayramlarda təmaslar artır. Əgər biz özümüzü qaydalara uyğun aparsaq, yoluxmalar yüksəlməyəcək. Mümkün qədər sıxlaşmayaq ki, bu, yoluxma hallarının sayının artmasına gətirib çıxarsın. Azərbaycanda hələ “omikron” ştamı aşkar olunmayıb, odur ki, yoluxmaların artması ehtimalı azdır. İstənilən halda ehtiyatlı olmaq vacibdir”.
Aytən Məftun
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?