Təcili yardıma həkim yox, "motosikletçi" gəlir: Bakı bu sistemə hazırdır?
Bizi izləyin

Səhiyyə

Təcili yardıma həkim yox, "motosikletçi" gəlir: Bakı bu sistemə hazırdır?

Təcili yardıma həkim yox, "motosikletçi" gəlir: Bakı bu sistemə hazırdır?

Bakıda təcili tibbi yardım xidmətinin daha çevik təşkili məqsədilə motosikletlərdən istifadə olunması planlaşdırılır. Yeni modelin tətbiqi ilə tibb işçilərinin hadisə yerinə daha qısa müddətdə çatması və xəstələrə ilkin tibbi müdaxilənin gecikmədən göstərilməsi nəzərdə tutulur.

Bu sistem təcili tibbi yardım xidmətinin operativliyini artırmaq baxımından mühüm addım kimi qiymətləndirilsə də, bir sıra suallar da doğurur. Məsələn, çağırış yerinə ilk olaraq motosikletli tibb işçisi çatarsa və xəstənin vəziyyətinin ağır olduğu müəyyənləşərsə, növbəti mərhələ necə təşkil olunacaq? Bu halda xəstənin xəstəxanaya çatdırılması üçün yenidən ambulans gözlənilməli olacaq. Bu isə əlavə vaxt itkisinə səbəb olmayacaqmı? Digər mühüm məsələ isə həkimlərin motosiklet idarə etməsidir. Bu, nə dərəcədə təhlükəsizdir? Təcili yardım motosikletləri üçün xüsusi yol hərəkəti qaydaları tətbiq olunacaqmı? Bakı kimi sıx nəqliyyatlı şəhərdə bu sistem nə dərəcədə effektivli olacaq?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, ilk növbədə Azərbaycanda təcili tibbi yardım sisteminin konsepsiyasına yenidən baxılmalıdır:

"Dünyanın əksər ölkələrində təcili yardımın əsas məqsədi ağır xəstəni mümkün qədər tez xəstəxanaya çatdırmaqdır. Yəni sistem "xəstədən hospitala" prinsipi ilə işləyir. Bizdə isə əksər hallarda həkim xəstənin yanına gedir, yerində yardım göstərir, yalnız ağır vəziyyətdə olanlar xəstəxanaya aparılır. Halbuki müasir yanaşma fərqlidir".

Ekspertin sözlərinə görə, xarici ölkələrdə ağır qəzalar və ya fövqəladə hadisələr zamanı xüsusi hazırlıq keçmiş xilasedici briqadalar fəaliyyət göstərir:

"Məsələn, kimsə ağır yol qəzasına düşüb və ya alpinist dağdan yıxılıb. Belə hallarda helikopter xidməti, xüsusi tibbi hazırlığı olan xilasedicilər və paramediklər hadisə yerinə göndərilir. Onlar zərərçəkənə ilkin yardım göstərərək ən qısa zamanda xəstəxanaya çatdırırlar".

Adil Qeybullanın fikrincə, motosikletdən istifadə yalnız ilkin tibbi yardım baxımından faydalı ola bilər, lakin əsas məqsəd xəstənin operativ şəkildə xəstəxanaya çatdırılmasıdır:

"Xırda tibbi problemlərin həlli üçün dünyanın hər yerində ailə həkimi institutu fəaliyyət göstərir. Ailə həkimi xəstəni evdə müayinə edir, zəruri yardım göstərir. Belə hallarda nə xəstəxanaya getməyə, nə də təcili yardım çağırmağa ehtiyac qalır. Amma söhbət təcili yardımdan gedirsə, motosikletlə hadisə yerinə çatmaq kifayət etmir. Xəstə ağır vəziyyətdədirsə, onu xəstəxanaya aparmaq üçün mütləq xüsusi təchiz olunmuş təcili yardım avtomobili lazımdır. Çünki belə hallarda ən vacib amil vaxtdır. Xəstə mümkün qədər tez xəstəxanaya çatdırılmalıdır".

Nəqliyyat eksperti Elməddin Muradlı isə TƏBİB-in bu addımı müsbət qiymətləndirdi:

"Bu, həqiqətən də müsbətə doğru atılan addımdır. Çünki şəhər mühitində parklanma o qədər xaotik vəziyyətdədir ki, artıq bəzi yaşayış məhəllələrinə və binalara avtomobillə daxil olmaq mümkün olmur. Xüsusilə gecə saatlarında, hər kəsin evə qayıtdığı vaxt avtomobillər küçələrdə necə gəldi park edilir. Nəticədə təcili yardım maşınları həmin ərazilərə daxil ola bilmir. Pik saatlarda isə insanlar saatlarla həkim gözləməli olurlar".

Ekspert qərarın bəzi qaranlıq qalan məqamlarına da toxundu.

"Burada mobillik necə təmin olunacaq? Motosikleti ayrıca sürücü idarə edəcək, arxada isə həkim olacaq? Yoxsa həkim özü həm sürücü, həm də tibb işçisi kimi fəaliyyət göstərəcək? Bundan başqa, bu nəqliyyat vasitələri ilə hansı tip çağırışlara xidmət göstəriləcək?

Elə vətəndaşlar var ki, təzyiqi bir qədər yüksələn kimi təcili yardım çağırırlar. Evdə adi təzyiqölçən cihazı və ya ağrıkəsici dərman saxlamırlar. Özlərini narahat hiss edən kimi təcili yardıma müraciət edirlər. Çağırış daxil olduqda isə getməmək mümkün deyil. Belə hallarda iri həcmli ambulans göndərməyə ehtiyac yoxdur. Motosikletlə hərəkət edən həkim hadisə yerinə daha tez çataraq ilkin tibbi müdaxiləni göstərə və geri qayıda bilər".

E.Muradlının sözlərinə görə, burada əsas diqqət peşəkarlıq məsələsinə yönəldilməlidir:

"Bu nəqliyyat vasitələrini idarə edə biləcək mütəxəssislər olmalıdır. Qarlı və yağışlı havalarda xidmət necə təşkil olunacaq? Həm sürücü, həm də həkim funksiyasını yerinə yetirəcək şəxslərin əməkhaqqı artırılacaqmı? Əgər TƏBİB onlara eyni maaşı verəcəksə, bu, narazılıq yaradacaq.

Bunun üçün xüsusi təlimlər keçirilməlidir. Motosikletlər düzgün və təhlükəsiz şəkildə idarə olunmalıdır. Bu nəqliyyat vasitələrinin qiyməti kifayət qədər yüksəkdir. Dövlət onların alınmasına milyonlarla vəsait ayırır. Təəssüf ki, bəzən təcili yardım sürücülərinin yol verdiyi qəzaları görəndə adam düşünür ki, doğrudanmı onlar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilirlər? Dövlətin böyük vəsait hesabına aldığı texnikanın məsuliyyətsizlik ucbatından sıradan çıxmasına yol vermək olmaz. Eyni münasibət motosikletlərə də göstərilməməlidir. Ümumiyyətlə, motosiklet sürücüləri daha peşəkar və məsuliyyətli olmalıdırlar".

Müəllif: Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm