Dayanacaqlardakı terminallar niyə işləmir? - BNA və "MilliÖN" açıqladı
Bizi izləyin

Sosial

Dayanacaqlardakı terminallar niyə işləmir? - BNA və "MilliÖN" açıqladı

Şəhərin müxtəlif ərazilərində dayanacaqlarda quraşdırılan "MilliÖN" terminalları normal işləməməsi ilə bağlı dəfələrlə yazmışıq. Sakinlərin bir çoxu bu vəziyyətdən şikayətçidirlər. Əhalinin sözlərinə görə, terminalların sayı onsuz da azdır, quraşdırılan aparatlar isə normal işləmir.

Sakin Nizami Əliyev: “Səhər-səhər işə gedəndə karta pul yükləmək istəyirik, əsəblərimiz korlanır. Köhnə pulları götürmür, başa düşdük. Təzə əsginasları, qəpikləri niyə geri qaytarır?! Karta pul yüklənmir deyə, avtobusa da minə bilmirik”.

Sakin Gülnar Babayeva:

“Terminala pul yükləyirik, pul karta oturmur. Avtobusa minəndə görürsən ki, balans yoxdur. İnsanların əsəbləri ilə niyə oynayırlar?”

Sakin Nərmin Xəlilova:

"Bizim dayanacaqda aparat yoxdur. Axşam metroda karta pul köçürtməyi unutdumsa, gərək səhər evdən 3 dayanacaq irəliyə gedim ki, aparatdan karta pul köçürdüm. O da işləsə”.

Sakinlərin bəziləri də metrolardakı “BakıKart” ödəmə sistemlərinin qəpik pulları qəbul etmədiyindən şikayət edirlər. Vahid ödəmə aparatları kağız əsginaslara daha çox üstünlük verir. Metronun “28 May”, ”Elmlər Akademiyası”, “Memar Əcəmi”, “20 Yanvar” stansiyalarındakı terminalların qəpik pulları qəbul etməməsinə görə, “BakıKart” ödəmə terminallarının qarşısında uzun növbələr yaranıb. Xüsusilə, “Elmlər Akademiyası” stansiyasında quraşdırılan terminal əsginası qəbul etsə də, pul karta oturmayıb. Sakinin itirilmiş pulunu isə geri qaytaran olmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxladıq. O Publika.az-a bildirdi ki, ödəmə terminallarında yaranan problemlərin böyük əskəriyyəti sərnişinlərin terminallardan düzgün istifadə etməməsindən irəli gəlir:

“Dayanacqlardakı ödəmə terminallarının yarısı işləmir demək, doğru olmaz. Bu bir qədər dramatikləşdirilmiş fikir olur. Amma bəzən hər hansı bir səbəbdən terminalda müəyyən texniki problemlər yarana bilir. Bu kimi hallarda isə sistemdə texniki nasazlıq müəyyən edilən zaman və ya bizə müraciətlər daxil olan kimi texniki personalımız problemin həlli istiqamətində lazımı işlər görür. Bir məqamı da nəzərə almaq lazımdır ki, əksər hallarda aparılan təhlillər onu göstərir ki, xüsusilə “BakıKart” ödəmə terminallarında yaranan problemlərin bir çoxu sərnişinlərimizin ödəniş təlimatını düzgün icra etməməsi səbəbindən yaranır. Bəzən olur ki, sərnişinlərimiz istifadəyə yararsız halda olan kağız əsginasları və ya qəpik pulları terminala daxil etməyə çalışırlar. Təbii ki, terminalların sistemi bu halda olan ödənişləri qəbul etmir. Amma sərnişinlər israrla həmin əsginasları terminala yükləməyə çalışdıqları üçün terminalın işləmə prosesində müəyyən problemlər yaranır. Bununla yanaşı, mən sizinlə razıyam ki, bəzən “BakıKart” ödəmə terminalları yeni qəpik pulların qəbul etmir. Bir neçə dəfədən sonra isə ödənişlər sistem tərəfindən qəbul edilir. Bu onunla bağlıdır ki, uzun müddət terminalın yaddaşı sərnişinlər tərəfindən daxil edilən işlənmiş qəpikləri tanıdığı üçün yeni parlaq qəpiklərin qəbulunda çətinliklər yaranır. Bu kimi problemlərin həlli üçün isə yeni qəpiklər yaddaşa tanıdılır və məsələ həll edilir”.

Mais Ağayev bu gün Bakı şəhərində quraşdırılan “BakıKart” ödəmə terminallarının azlığından şikayət edən sərnişinlərin fikri ilə razılaşmadığını deyib:

“Bu gün Bakı şəhərində metro stansiyalarında 145, daynacaqlarda 54 “BakıKart” ödəmə terminalları və 184 “MilliÖN” ödəmə terminalı var. Mən düşnmürəm ki, terminallın sayı azdır. Təbii ki, istisna edilmir ki, gələcəkdə terminalların sayı artırılacaq. Nəğdsız ödəniş sisteminin əhatə dairəsi genişləndiyi üçün buna uyğun olaraq da terminalların sayı arta bilər”.

“MilliÖn” ödəmə terminallarında yaranan problemlərin səbəbini öyrənmək üçün “MilliÖn” xidməti ilə əlaqə saxladıq. Xidmətin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva bildirdi ki, yaranan problem terminalların pulla dolu olmasından qaynaqlana bilər:

“Bilirsiz, dediyiniz məsələ ilə bağlı konkret səbəb demək üçün gərək şikayət anında terminala baxış keçirilsin. Bu kimi problemlər 3 ehtimaldan qaynaqlana bilər: terminallar pulla doludur, daxil edilən əsginaslar istifadəyə yararsızdır və ya sistemdə hər hansı texniki problem yaranıb. Bunu daha dəqiq bilmək üçün vətəndaşlardan xahiş edirik ki, bizim terminallarla bağlı yaranan problemləri yerindəcə qaynar xəttə zəng edərək bildirsinlər”.

Ülviyyə Əfəndiyeva şəhərin terminalsız dayanacaqları ilə bağlı hər hansı tədbirin görülməsi üçün isə “BakıKart” ödəmə xidmətindən onlara müraciət daxil olunmasının vacibliyini vurğuladı:

“Ümumiyyətlə, dayanacaqlarda, küçədə, açıq ərazilərdə terminalların quraşdırlması prosesi tək bizim xidmətlərimizlə mümkün deyil. “BakıKart” terminallarının da paytaxt ərazilərində quraşdırılması bizim tərəfimizdən həyata keçirilir. Lakin biz istədiyimiz yerlərdə bu terminalları quraşdıra bilmərik. Bunun üçün “BakıKart” xidmətindən bizə müraciət daxil olmalıdır. Müraciətdə hər hansı istiqamətdə terminalların quraşdırılmasının vacibliyi vurğulanmalıdır. Bununla bağlı əraziyə baxan icra orqanlarından icazə alınmalıdır. Nəhayət bütün proseslər yerinə yetirildikdən sonra biz təlimatlara uyğun olaraq onların ödəmə terminallarını qeyd edilən ərazilərə yerləşdirə bilərik. Biz özümüz buna təkbaşına qərar verə bilmərik. O ki qaldı “MilliÖn” terminalları respublikanın bir çox ərazilərində quraşdırılıb. Ola bilər ki, müəyyən ərazilərdə terminallar yerləşdirilməyib. Buna səbəb həmin ərazilərin bizim kriteriyalarımıza uyğun olmaması ola bilər. Kriteriya dedikdə nəzərdə tutduğumuz odur ki, həm “BakıKart”, həm də “MilliÖn” terminallarının quraşdırılacağı ərazilərdə ən azından təhlükəsizlik müşahidə kameraları olmalıdır. Bu terminalların qorunması üçün önəmlidir. Daha sonra həmin ərazilər elektrik cərəyanları ilə təchiz edilməlidir ki, terminalları quraşdırmaq mümkün olsun. Lakin hər hansı mağaza şəbəkələrindən bizə terminalların quraşdırılması ilə bağlı sorğu daxil olursa, bizim kriteriyalarımızla onların tələbləri üst-üstə düşərsə, biz orada öz terminallarımızı quraşdıra bilirik. Yenə də deyirəm, küçə və prospektlərdə terminalların quraşdırlması üçün mütləq şəkildə icra orqanlarından icazə alınmalıdır”.

Belə nöqsanlı ödəmə terminalları ilə qarşılaşan vətəndaşların qəbzlərdə qeyd olunan qaynar xəttlə əlaqə saxlaması tövsiyə olunur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm