Virtual bağçalar: XEYİRİ və ZƏRƏRİ
Bizi izləyin

Sosial

Virtual bağçalar: XEYİRİ və ZƏRƏRİ

Azərbaycanda pandemiya ilə əlaqədar uşaq bağçaları bağlandığı üçün virtual bağçalar yaradılıb. Onlayn formada fəaliyyət göstərən bu bağçalar Finlandiya təcrübəsidir. İnternet üzərindən qeydiyyatdan keçmiş uşaq virtual bağçanın müəllimi ilə gün ərzində onlayn formada ünsiyyətdə olur.

Publika.az uşaq bağçalarında distant təhsilin xeyirli və zərərli tərəflərini araşdırıb.

Klinik psixoloq Nuriyyə Quliyeva hesab edir ki, uşaqların həyatında çox yüksək yerə sahib bağçaların bağlanmasından sonra onların evdə məşğuliyyətsiz qalması inkişaflarını ləngidə bilər. O hesab edir ki, bağçaların virtual şəkildə tədrisə və məşğələlərə davam etməsi müsbət haldır. Nuriyyə Quliyeva bunu uşaqların evdə tək, eyni zamanda məşğuliyyətsiz qaldığı müddətdə pis vərdişlərə yiyələnməsi ilə izah edir. Lakin onlayn dərslərin keçirilməsi bu vərdişlərin bir növ itməsinə, yuxu və qida rejiminin bərpa olunmasına köməyi olacaq:

“Bağçada müəllimlərin uşaqlarla ünsiyyəti, təlimatlar anlamağı, təlimatları yerinə yetirməsi, xüsusi qayda və rejim altında öyrənmələri uşaqların həyatında müsbət dəyişikliklərə gətirib çıxarır. Buna görə hər zaman 3 yaşdan başlayaraq uşaqların bağçaya cəlb olunmasının tərəfdarıyıq. Lakin bu şəraitdə təbii ki, uşaqlar və insanlar arasında təmasın olmağı təhlükəli olduğu üçün bir çox uşaq bağçaları onlayn şəkildə dərslərini davam etdirirlər. Onlayn dərslərin keçirilməsi bağça proqramının uşaqlar tərəfindən vaxtında mənimsənilməsi, onların daha doğru və planlı şəkildə vaxt keçirməsi baxımından müsbət tərəfləri var. Bununla da uşaqlar yaşlarına uyğun olan məşğələlərdən ayrı düşməyəcəklər. Virtual da olsa öz dostlarını görmüş olacaqlar və müəllimləri ilə təmasda olacaqlar. Eyni zamanda onlarda bununla bağlı məsuliyyət hissi formalaşacaq”.

Klinik psixoloq bu dərslərin müsbət tərəfi ilə yanaşı mənfi xüsusiyyətləninin olduğunu qeyd edir. Onun fikrincə bağça yaşında olan uşaqlarda diqqətin həcmi məktəbli uşaqlardan az olduğu üçün müəllimlər daha çox çətinliklə rastlaşacaqlar. Yəni, orada uşaq müəllimi dinləməyə bilər və bu şəkildə diqqəti yayına bilər. Ona görə də bağçalarda onlayn təhsilin effekti az olacaq:

“Bunun mənfi tərəfləri uşaqların həddən artıq telefon, planşet və kompüter qarşısında çox vaxt keçirməsinə səbəb olacaq. Təbii ki, biz hər zaman bu kimi texnoloji cihazların uzun müddət istifadəsi təqdirində həm psixoloji, həm də fizioloji problemlərə gətirdiyini bilirik.Ona görə də onlayn təhsilin bu kimi mənfi təsirləri də olacaq. Bunu minumuma endirmək üçün yaxşı olardı ki, məşğələlər uşaqların yaşına uyğun müddət ərzində fasiləli şəkildə keçirilsin. Uşağın saatlarla ardıcıl şəkildə kompüter və telefon qarşısında olması təbii ki, mənfi təsirlərini göstərəcək. Uşaqlarda yorğunluq və gözlərində problem yarana bilər, eyni zamanda radiasiya və şüaya məruz qala, aqressivlik ortaya çıxa bilər. Bununla da bütün mənfi təsirlər ortaya formalaşacaq”.

Nuriyyə Quliyeva bu kimi mənfi xüsusiyyətlərin və problemlərin yaranmaması üçün uşaqların müəyyən yaş qruplarına bölünməsi və onlara uyğun olaraq fasiləli şəkildə dərslərin təyin olunmuş saat ərzində keçirilməsini məqbul sayır:

“Müddətli şəkildə fasilə vermək şərtilə 30-45 dəqiqə ərzində məşğələlərin keçirilməsi daha doğru və faydalıdır. Bu məşğələlər gün ərzində 2-3 dəfədən çox olmamalıdır. Ancaq bu dərsləri 3 yaşa qədər uşaqlara məsləhət görmürük. Hətta körpə daha öncə bağçaya getsə belə virtual məşğələlərə qoşulmağı məsləhətli deyil. Bu zaman evdə valideynlər hərəkətli oyunlar oyayıb, inkişaf etdirici məşğələlər keçib bunu öz öhdələrinə götürə bilərlər. Amma 3-5 yaş arası uşaqlarda dərs müddəti 20 dəqiqəni keçməməlidir. Bu 15-20 dəqiqəlik məşğələlər ola bilər. 5 yaşdan yuxarı uşaqlar 30-45 dəqiqə, 6-7 yaş arası uşaqlar isə 1 saat – 1 saat yarımlıq məşğələlərdə iştirak etməsi mümkündür. Ancaq bu uzun müddətli saatları fasiləsiz davam etdirmək olmaz. Hər məşğələdə 2-3 dəfə fasilə edərək sonradan dərsləri bərpa edə bilərlər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm