“Toy mədəniyyətimizi korlamışıq, tamadalıq ləğv olunmalıdır, musiqilər baş gicəlləndirir...” - SORĞU
Bizi izləyin

Sosial

“Toy mədəniyyətimizi korlamışıq, tamadalıq ləğv olunmalıdır, musiqilər baş gicəlləndirir...” - SORĞU

Ailə-məişət mərasimləri içərisində toyun keçirilməsi özünün zənginliyi, əlvanlığı və xüsusi təmtəraqlığı ilə fərqlənir. Bu mərasimin özünəməxsusluğu və xüsusiliyi olduğu qədər əziyyəti də böyükdür. “Palaza bürün, el ilə sürün” deyib o əziyyəti gözə alaraq, borcla da olsa toylarını təşkil edənlər var. Ancaq “Qonşudan qalma geri” deyiminin üstündən xətt çəkərək toylarını sadə şəkildə keçirənlər də az deyil. Bunlar bir məhəllədə olan şadlıq evlərinin sayından çox olmasa da, kifayət qədər var. Təbii ki, xoşbəxtliyini dəbdəbəli toy mərasimində görməyənlər qədər, bu dəbdəbəni təqdir edənlər də var. Onların sayı isə həddindən artıq çoxdur. Qonşusundan, qohumundan geri qalmamaq üçün və yaxud kimlərəsə göstəriş nümayiş etdirmək məqsədilə toylarını böyük dəbdəbə ilə keçirənlər də yetərincədir. Bu insanların əksəriyyətinin sonu isə çox vaxt maddi çətinliyə düşməklə bitir. Buna səbəb şadlıq evlərinin toy sahiblərinə öz qiymətlərini diktə etməsi və süni şəkildə bu qiymətləri artırmalarıdır. Toy infrastrukturu, daha çox isə “toy mafiyaları” adı ilə tanınan bu şəbəkələr insanlara öz büdcələrinə uyğun olaraq menyu seçməyə belə imkan vermirlər. Bir sözlə, şadlıq evləri insanları mədəni şəkildə “soyur”.

İllərdir Azərbaycanda toy mərasiminin keçirilmə forması ətrafında geniş müzakirələr aparılır. Ancaq vəziyyət hələ də eyni olaraq qalır. Dəyişən isə sadəcə restoranlarda menyunun qiymətidir. Əhalinin əksəriyyəti bahalı toy mərasimlərindən, bu sahədə olan israfçılıqdan şikayət edir. Qulaq batıran, iştah küsdürən mahnılardan, musiqilərdən qurtulmaq üçün bu unudulmaz günlərini açıq havada təşkil etmək istəyənlər də var. Milliliyə, adət-ənənələrə önəm verərək ənənəvi toy təşkil etmək istəyənlər də çoxdur. Bir sözlə, bu sahədə arzular çox, reallıqlar isə təkdir. Tək olan 10-15 cür yemək çeşidi təklif edən, dəbdəbəsi göz qamaşdıran, qiymətləri isə akustikası qədər baş gicəlləndirən şadlıq saraylarıdır. Sözün həqiqi mənasında saray!

Publika.az ölkəmizdə toy mərasimlərinin keçirilmə forması ilə bağlı folklorşünas və ziyalılar arasında sorğu aparıb, bu barədə onların fikrini, təkliflərini öyrənib.

“Toylarda tamada sistemi ləğv olunmalıdır”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, toy mərasimlərinin keçirilmə formasına müəyyən məhdudiyyət qoymaq lazımdır. Deputat bunun üçün bir sıra təkliflər irəli sürüb:

“100-150 nəfərlə bu mərasimləri keçirmək olar. Bura ən yaxın ailə üzvləri və dostlar dəvət olunmalıdır. Hazırda şadlıq evlərində 700-800 nəfərlik salonlar var. Bu qədər adamı toya dəvət etmək olmaz. Musiqi çox sakit olmalı və müəyyən səviyyədən yuxarı olmamalıdır. Yemək-içmək 30-40 manat səviyyəsində menyuya daxil edilməldir. Bir insanın axşam vaxtı bu miqdarda yemək yeməsi ona kifayət edir. Bundan əlavə musiqiçilərin sayı da azaldılmalıdır. Toylara bir dəstə musiqiçi, müğənni gəlir. Bu həddindən artıq çoxdur. 2 nəfər müğənni gəlsə kifayət edir. İfa edənlərin sayı-hesabı bilinmir. Əksəriyyəti də canlı ifa etmirlər, qışqırır, bağırır və heç kəs də onlara qulaq asmır. İnsanlar bu səbəbdən toylardan yarım saat sonra çıxıb gedirlər. Bu şəkildə toy aparmaq olmaz”.

Partiya sədri toylarda tamadalıq sisteminin ləğv olunmasının tərəfdarıdır:

“Hər ailənin özünün bir ağsaqqalı var. Onlar gəlib xeyir-dua verir və bir neçə qohum-əqrəba danışır, sözünü deyir. Ondan sonra məclis də öz axarında davam edir. Hazırda toy aparan tamadalar standart, şablon sözləri əzbərləyir və o şəkildə toyu yola verirlər. Heç bilmirlər ki, kimin toyudur. Yazılı formada ona qohumların adlarını verirlər, heç onu da doğru səsləndirmirlər. Dəftərdən adları belə səhv oxuyurlar. Bu biabırçılıqdır. Kimə lazımdır o cür tərif, o cür tamadalıq? Bir dənə ağsaqqal, ata, ana, hər iki tərəfdən qohumların çıxış edib xeyir-dua verməsi kifayət edir. İndiki tamadalar onlara da söz vermir. Ancaq özləri əvvəldən axıra qədər danışırlar. Elə bil bundan ağıllı adam yoxdur. Özünün ya da qohumlarının əzbərlədiyi bayağı şeirlərini səsləndirərək guya camaata ağıl verir, müdrik sözlər öyrədir. Heç kimə lazım deyil bunlar və artıq şeylərdir. Milləti bunlarla yormaq olmaz.

Sabir Rüstəmxanlı müasir toylara nisbətən ənənəvi toyların keçirilməsini insanlar üçün daha uyğun hesab edir. O bunun həm maddi cəhətdən, həm də ənənələrimiz baxımından daha doğru seçim olduğunu deyib: “Çox istərdim ki, Bakıda əvvəllər olduğu kimi çadır toyları olsun. Hazırda bəzi Bakı kəndlərində o şəkildə keçirilir. Ənənəvi toyların tərəfdarıyam. Keçmişdə olduğu kimi iki çadır yan-yana qurulsun. Bir çadırda yemək olur, gələn qonaqlar bir-iki cür təamdan dadır, sonra keçir qonşu çadırda öz musiqilərini çaldırıb, rəqs edirlər. Toy bu şəkildə olar. Türkiyədə də bəy və gəlin oturur bir yerdə, ev sahibləri bir yerə düzülür. Orada heç kəs dəftərə pul yazdırmır. Gələn qonaqlar, qohumlar hədiyyələr, qızıl-zinət əşyaları gətirirlər və kimin nə gətirdiyi qeyd edilir. Ondan sonra kim istəsə yemək yeyir, istəməyən də çıxıb gedir. Bu şəkildə keçirilən toy mərasimləri israfçılığın qarşısını alır”.

“Toylara çağırılan qonaqların sayı həddindən artıq azaldılsın və israfçılığa yol verilməsin”

Sabiq təhsil naziri, professor Firudin Cəlilov toy adətlərini keçmişdəki kimi düzənləməyin vacib olduğunu qeyd edib. Professor bildirib ki, Azərbaycanda toy, yas adətləri mütləq islah olunmalıdır və keçmişdə bu mərasimlərlə bağlı yaxşı olan hər şey yenidən tətbiq edilməlidir:

“Toy mövzusu çox mürəkkəb mövzudur. Keçmişdəki adət-ənənəni biz yaşlı nəsil görmüşük. 30-40 il əvvəl toy olanda məhəllədə çadırlar qurardılar, camaat yığışıb orada şənliyini edərdi. Amma indi bir küçədə, bir məhəllədə 8-10 dənə restoran tikilib. Bu şadlıq evlərini idarə edənlər müxtəlif şəbəklərlə əlbir işləyirlər. Bunların hər biri mafiyadır. Ona görə də toyun adətlərini keçmişdəki kimi təşkil etmək lazımdır. Yüzlərlə adam çağırıb o qədər xərc çəkməyə ehtiyac yoxdur. Belə olduğu halda toy edənə də maddi baxımdan çox böyük ağırlıq düşür. Ölkəmizdə toy və yas adətlərinə yenidən baxmağa ehtiyac var. Əvvəlki adətləri tətbiq etməliyik. Əgər keçmiş toylarda qüsurlu nələrsə olubsa, onlardan imtina etmək lazımdır”.

F.Cəlilov Azərbaycanda toylara yenidən baxılması üçün Türkiyə təcrübəsini nümunə göstərib. Onun sözlərinə görə, toylarda musiqinin səsi həddindən artıq çoxdur və bu da insanların rahat şəkildə yemək yeməsinə, əylənməsinə mane olur:

“Türkiyə toylarına baxıb onlardan nələrsə götürmək lazımdır. Orada toya ancaq yaxın dostları çağırırlar. Bəzən qonaqlar heç oturmurlar, ayaqüstü təbrik edib, bir az da musiqiyə qulaq asıb gedirlər. Yəni, “toy və restoran mafiyası” təbii ki, istəyəcək ki, əvvəlki kimi toylar olmasın. Çünki onlara hazırkı toy mərasimləri daha çox sərf edir. Bir ziyalı kimi təklif edirəm ki, toylara çağırılan qonaqların sayı həddindən artıq azaldılsın, israfçılığa yol verilməsin. Getdiyim toylarda 10 dəqiqədən artıq otura bilmirəm. Çünki elə bir gurultulu musiqi ilə müşayiət olunur ki, istər-istəməz adam oradan dəli kimi çıxmağa məcbur olur. Biz də övladlarımıza toy etmişik. Musiqiçilərdən xahiş etmişik ki, o qədər asta ifa edin ki, heç olmasa insanlar bir-birilə söhbət edə bilsin. Toylar milli adətlərimizdəndir. Ona görə də keçmişdəki yaxşı cəhətləri tətbiq etmək lazımdır”.

“Bir əl ilə salam verirsən, ikinci əl ilə sənə dəvətnamə verirlər”

Şair-publisist Qulu Ağsəs hazırkı toyları rüsvayçılıq adlandırıb. O, toy mərasimlərinə yenidən baxılmasını təklif edib:

“Az qala Feysbukda bizi paylaşıma işarələyib toya dəvət edirlər. Kimə bir əl ilə salam verirsən, ikinci əl ilə sənə dəvətnamə verir. İnsanlar toy adı gələndə sevinmək əvəzinə az qala yasa qərq olurlar. Əvvəla bu qədər insanın toya çağırılmağı absurddur və ayıbdır. İkincisi də ki, bizim hər birimiz gərək elə olduğu halda qazandığımızın hamısını aparıb toylara verək. Bu qədər də dəvət alırıq. Bu düzgün deyil. Üstəlik də getdiyimiz toydan zövq almırıq. Yəni, eyni masada oturduğumuz adamla söhbətləşə, çoxdan görmədiyimiz bir adamla dərdləşə bilmirik. Musiqinin səsi, aylarla qalmış salatlar, köhnə yeməklər indiki toylara yenidən baxılmağı zəruri edir”.

Publisist toyda qidadan iki dəfə zəhərləndiyini deyib. O bildirib ki, bu hadisədən sonra uzun illərdir ki, toylarda heç nə yemir: “Ümumiyyətlə əlimi masada heç nəyə vurmuram. Məni tanıyanlar bilirlər ki, neçə illərdir toyda hətta qorxumdan su da içmirəm. Çünki növbəti dəfə zəhərlənməkdən qorxuram. İnsan elə bir varlıqdır ki, ona sən eyni vaxtda bir təam, bir qida verə bilərsən. O ya ruhi qida, ya da sadəcə yemək olmalıdır”.

Qulu Ağsəs hesab edir ki, toylara dəvət olunan qonaqların sayı həddindən artıq çoxdur və bu say mütləq azaldılmalıdır:

“Keçmiş toylarda çadırlar elə qurulurdu ki, yeməklər və musiqi ayrı-ayrı hissədə idi. Yəni, yemək yeyərkən heç vaxt musiqiyə qulaq asmazdılar. İndi ən gözəl musiqi səslənən vaxt kimsə əlində qədəhi müğənniyə tərəf tutaraq başqa mahnı səsləndirməsini əmr edir. Üstəlik əvvəllər mahnı ifa olunurdu və insanlar ona qulaq asırdılar. Ritmik mahnı olduğu zaman kimin ürəyi istəyirsə durub oynayardı. İndi bəzən 10 dəqiqənin içərisində restoranda 4-5 dəfə mahnı dəyişirlər. Bunun üstündə davalar düşür, bıçaqlanmalar, ölüm və yaralanma hadisələri olur. Təəssüflər olsun ki, çox rahatlıqla toyu yasa çevirə bilirlər. Mənim təklifim odur ki, toya uzaqbaşı 70-100 nəfər qonaq çağırılsın. Burada da xüsusi dəbdəbəyə ehtiyac yoxdur. Musiqi, şirniyyat olsun və kim nə yeyəcəksə öz yeməyini sifariş etsin. Yoxsa hərə 100 manatdan pul atsın, ora da yığılsın 30 min manat pul, onun da axşam restoranın müdiri 25 min manatını alsın. Buradan təzə ailə quran o cütlüyə heç nə çatmır. Bizim verdiyimiz pulun hamısı şadlıq evləri sahiblərinin ciblərinə gedir. Ona görə də az adam çağırmaq lazımdır”.

“Mədəmizi “heyvan qəbiristanlığı”na döndərməyə məcbur deyilik”

Publisist restoranlarda təqdim olunan yeməklərə də aydınlıq gətirib. O bildirib ki, toylarda təamlar az verilməlidir. Çünki gecə yeyilən qidalar orqanizmdə bir sıra fəsadlara səbəb olur:

“Stolları 20 cür köhnə salatla, 10 növ ət kababı ilə doldurmağa ehtiyac yoxdur. Menyuda çox az şey olmalıdır. Kimin ürəyi nə istəyirsə onu da sifariş verib, pulunu ödəyib yeyəcək. Biz mədəmizi “heyvan qəbiristanlığı”na döndərməyə məcbur deyilik. Turac, qırqovul, toyuq, balıq, mal əti və s. bunların hər birini necə yemək olar? Axşam saat 6-dan sonra normal adamlar ancaq qatıq və meyvə ilə qidalanırlar. Bizdə də toylar saat 7-də başlayır. Bu saatdan sonra yeməklər infarkta, mədə xorasına, bağırsaq uzanmasına və deşilməsinə səbəb olur. Bu da tibbin, alimlərin gəldiyi qənaətdir. Toylar bizi həm mənəvi, həm iqtisadi, həm də fiziki cəhətdən məhv edir. Ona görə də təklif edərdim ki, toy mərasimlərinin keçirilmə formasına yenidən baxılsın. Ancaq doğmalarımızı çağıraq. İmkan verək ki, toyda sevinən ancaq bəylə gəlin olsun”.

Qulu Ağsəs bütün bu mənfi keyfiyyətlərin “toy mafiyası”nı formalaşdırdığını qeyd edib. O xüsusən də mahnıların yüksək səslə ifa olunmasını bu mafiyanın oyunu adlandırıb:

“Toylarda akustika bərbaddır. Onlar özləri qəsdən elə qururlar ki, adamlar çox yeyə bilməsin, ərzaqlar və təamlar qalsın, sabahkı toyda versinlər. O vurhavurda, o səs-küylə insan ağzını açıb yemək yeyə bilməz. “Yemək yeyəndə danışmazlar” deyə inanc var. O cür təzyiq altında insan necə yemək yeyə bilər? Onu qəsdən elə edirlər. Kişilər yarım saatdan sonra foyeyə çıxırlar. Çünki başları o səsə dözmür. Orada da meyvə ilə və içkilərlə qidalanırlar. Azərbaycanda “toy mafiyası” ağlımızın ucbatından yaranıb. Dünyada “restoran mafiyaları” çoxdur, amma “toy mafiyası” yoxdur. Heç bir yerdə bu qədər adam toya dəvət edilmir. Həmin gün bəy və gəlinin özəl günüdür. Ən yaxın adamlar orada iştirak edir, təbrik edirlər və hədiyyə verərək yekunlaşdırırlar. İndi bizim toylarda ata, ana tərəfin qohumları, onların köhnə iş yoldaşları, qardaşının bacanaqları, bacının baldızları, kirvəsinin xalası nəvələri, köhnə qeydiyyatda olduqları evin adamları, köçüb gəldikləri rayondan qonşuları, hazırda yaşadıqları yerin adamları, Feysbuk və İnstaqram dostları və s. dəvət olunurlar. Bu şəkildə toy olar? Bu özəl gündür. İmkan vermək lazımdır ki, bəy və gəlin öz istədikləri kimi keçirsinlər. Çox təəssüf ki, onlardan başqa toy günü hamının günü olur. Bir dənə o cütlüyün günü olmur. Ona görə də bunun tam əleyhinəyəm. Bu rüsvayçılıqdır. Bu izdihama, bu rüsvayçılığa dünyanın heç bir yerində rast gəlinmir. Ümid edirəm ki, bu biabırçılığa son qoyulacaq. Bunu kimsə görsə dəhşətə gələr”.

Şair həmçinin keçmiş Ağdam toylarının keçirilmə formasını da bizimlə bölüşüb:

“Mən kiçik olanda toylar 3 gün olurdu. Sonradan 2 gün keçirildi. Toy günortadan sonra başlayırdı və axşama qədər davam edirdi. Toyun üç çadırı olurdu. Qadınların və kişilərin yemək yediyi çadırlar ayrı idi, musiqi çadırı isə başqa idi. İnsanlara 1-2 növ yemək verilirdi və israfçılıq olmurdu. Evlənən də, toy edən də oradan xeyir götürürdü. Çünki cəmi 2 cür yemək verilirdi. Yemək yedikdən sonra insanlar musiqi çadırına gəlirdilər. Musiqilər də elektronikasız olurdu və heç bir elektrik sistemi qoşulmurdu, səsgücləndiricidən istifadə edilmirdi. Tar, balaban, qarmon, nağara və s. olurdu. Müğənni də mikrofonsuz oxuyurdu və səsi hər yerə yayılırdı. Məclisin sahibi ifaçı idi. O lirik mahnı oxuyanda sakitcə hamı ona qulaq asırdı. Oynamalı mahnı olduqda isə insanlar oynayırdılar. Bununla bərabər toyda padşah və onun fərraşı olurdu. Padşah musiqi məclisini idarə edirdi. Fərraş vasitəsilə ona xəbər çatdırırdılar. Kim oynamaq istəyirdisə fərraşa pul verirdi, adları yazılırdı və padşah baxırdı. Toyda kim özünü yaxşı aparmırdısa fərraşlar vasitəsilə onu cəzalandırırdı və oradan uzaqlaşdırırdı. Yəni, toyun ağsaqqalı olurdu və onu paşa seçirdilər. Onun da sözü söz idi. Dediyi qanun idi və hamı da ona əməl edirdi. Belə gözəl el şənlikləri var idi və hamı razı qalırdı. Heç kəs özünü reklam və təbliğ etmirdi. Hamı musiqiyə qulaq asırdı. Toyun sahibi, dadı-duzu, ümumiyyətlə hər şeyi musiqi idi”.

“Toy mərasiminə gəlir mənbəyi kimi baxırlar və iqtisadi mənafe güdürlər”

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadəyə görə isə zamanla toy adətləri öz dəyərlərindən və gözəlliklərindən daha çox mənfəət, gəlir mənbəyinə çevrilir. O, bunun müxtəlif səbəblərdən qaynaqlandığını bildirib:

“Toy bizim ən qədim və ən gözəl adətlərimizdəndir. Çox təəssüflər olsun ki, bu adətlər zamanla öz dəyərini itirir. Bu proses istər toy edənlərin özləri tərəfindən, istərsə də toy infrastrukturunu quran biznes adamları tərəfindən baş verir. Yəni istər toy, istərsə də yas mərasimlərinin ətrafında xeyli industriya qurulub. Şadlıq evləri, oradakı yeməklər, gəlinin bəzədilməsi və s. bunlar hamısı toy infrastrukturuna xidmət edir. İndiki halda nəsə etsək belə insanları bu adətlərdən tam şəkildə uzaqlaşdıra bilməyəcəyik. Məsələ burasındadır ki, toy edən tərəflərin valideynləri həmin mərasimə gəlir mənbəyi kimi baxır və daha çox iqtisadi maraq, mənafe güdürlər. Onlar bu toyu edib buradan nə qədər qazanc götürəcəyəm deyə düşünürlər. Fikirləşirlər ki, gəlinin cehizi alınmalıdır, yaxud gəlin üçün alınan qızıl-zinət əşyalarının pulu çıxarılmalıdır və s. Hər kəsin bununla bağlı öz səbəbi var”.

Leyla Nəzirzadə bu mövzuda maarifləndirici məlumatlara xeyli ehtiyac olduğunu bildirib. O deyib ki, sosioloq və psixoloqlar bu məsələ ətrafında araşdırma aparmalıdırlar:

“Düşünürəm ki, dövlət tərəfindən bununla bağlı əhalinin xeyrinə müəyyən qadağalar düşünülsə, biz onun mənfi tərəflərindən uzaqlaşa bilərik. Hər halda toy bir-birini sevən iki gəncin planlı şəkildə ailə qurmaq, öz gələcəyini vahid bir bağla bağlamaq və övlada sahib olmaq istəməsi ətrafında qurulan bir şeydir. Əslində toyun əsas məqsədi də bu olmalıdır. İlk olaraq maarifləndirici işlər görməliyik. Əhali də başa düşməlidir ki, bu mərasimlərdə ən əziz, ən doğma, həqiqətən də o iki gəncin xoşbəxtliyinə sevinən insanlar bir ara yığışsa, daha gözəl olar. Eyni zamanda israfçılığın da qarşısı alınar. Bu gün dünyada aclıqdan, susuzluqdan əziyyət çəkən minlərlə insan var. Amma bizim toy mərasimlərində nə qədər məhsullar israf olunur. Ona görə də bu məsələ birtərəfli deyil. Burada müxtəlif qurumlar vahid qərar verməlidir. Dövlətlə bütün infrastruktur bir araya gəlməlidir. Yəni hər bir vətəndaşın boynuna burada çox böyük yük düşür. 20 ildən çoxdur ki, universitet müəllimi olaraq əsasən gənclər arasındayam. Hiss edirəm ki, yeni nəslin böyük əksəriyyəti bu cür mərasimlərin əleyhinədir. Arzu edirlər ki, öz toylarına daha az sayda adam çağırılsın, ən yaxın dostlar və ailə üzvləri olsun. Hətta az qism gənclər düşünürlər ki, o mərasimlərə ehtiyac yoxdur. Bir-birini sevən iki insan gedib dövlət qeydiyyatından keçib öz ailə bağlarını birləşdirə də bilər. Amma təbii ki, məsələyə birtərəfli yanaşmaq olmaz”.

“Toy mədəniyyət məfhumudur və biz bu mədəniyyətimizi korlamışıq...”

UNEC-in baş müəllimi həmişə toy məclislərindən yorulub gəldiyini deyib. Onun sözlərinə görə, buna səbəb şadlıq evlərində musiqinin səsinin həddindən artıq yüksək olmasıdır:

“Halbuki toy mərasimindən biz şənlənib, dincəlib gəlməliyik. Amma yüksək səs adamın o qədər beynini yorur ki, yanında oturduğun adamla belə danışa bilmirsən. Yəni, bu həm də mədəniyyət məfhumudur. Deməli, biz toy mədəniyyətimizi bu qədər korlamışıq. 20-30 il əvvəl keçirilən toy mərasimlərinə nəzər salaq. Uşaqlıqdan xatırlayıram ki, toyda muğam, segah oxunurdusa hamı əlindəki çəngəl-bıçağı yerə qoyub dinləyirdi. Arada fasilə verilirdi və musiqiçilər dincəlirdi. Həm də insanlar bir-biri ilə söhbət etməyə vaxt tapırdı. İndi də bəzi elit ailələrin toy mərasimlərində bu cür fasilələr verilir. Amma yenə də o yüksək səs-küy, həddən artıq xərc olduğu kimi qalır”.

Leyla Nəzirzadə qeyd edib ki, toylar ənənəvi şəkildə və daha sadə formatda təşkil olunmalıdır. O bildirib ki, müasir gənclər də hazırda daha yaradıcı düşünür və sadəliyə önəm verir:

“İndi evlənən gənclər qalır bir tərəfdə, toya gedən dərd çəkir ki, bu qədər pulu hardan alıb atacam. Son vaxtlar müşahidə edirəm ki, kimsə bizi toya çağıranda sevinməkdən daha çox dərdə batırıq ki, bu qədər toylara gedəcəyik və çoxlu pul lazımdır. İndi gənclər daha fərqli düşünürlər. Onlar köhnə nəsildən daha innovativdir, dünyaya pəncərə onlar üçün daha açıqdır. Xaricdə təhsil alan tələbələrimiz var ki, onlar olduqları ölkənin toy adətlərinə baxırlar. Bundan əlavə, internet və KİV vasitəsilə fərqli ölkələrin adətlərini izləyirlər. Xaricdə də toy infrastrukturu hətta bizimkindən daha qəliz şəkildə inkişaf edib. Amma orada ailələr ciblərinə görə bu mərasimləri qururlar. Ən bahalı toylarda belə menyu çox sadə olur və seçilmiş adamlar dəvət olunurlar. Düşünürəm ki, biz tədricən bu ənənələrə qayıtmalıyıq. Köhnə ənənələrdə hər istənilən şəxs toya çağrılmırdı. Toy məclisində yeməklərin hazırlanmasında demək olar ki, qonşuların hamısı birgə iştirak edirdi. Yəni, bu adətlər çox gözəl idi. Amma indi elə deyil. Hazırda hər şey maddi əsaslar üzərində qurulub”.

“Yüksək səsli musiqilər baş gicəlləndirir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli hazırda toy mərasimlərinin keçirilmə formasının ənənədən uzaq şəkil aldığını deyib. O bildirib ki, əgər biz müasir toylardan imtina edib ənənəvi toylara yenidən qayıtsaq, insanlar həm sağlamlıq və maliyyə baxımından əziyyət çəkməzlər, həm də israfçılıq olmaz:

“Ənənəvi toylar daha çox bölgələrdə və Bakı kəndlərində keçirilirdi. Orada bir neçə çadır qurulur. Birində insanlar yemək yeyir, digərində isə musiqiyə qulaq asırlar. Yəni, bütün bunlar ayrı-ayrı çadırlarda icra olunurdu. Bu müəyyən mənada əhalinin sıxlığına imkan vermirdi və qarışıqlığı aradan qaldırırdı. Həmçinin, xalq bu səliqə-sahmanı illər boyu özü düzənləyib. Ənənəvi toylarda insanlar həm sağlam qidalanırdı, həm də qida qəbul edəndən sonra gözəl musiqilərə qulaq asaraq dincəlirdilər. Yəni, bütün bunların hamısı ayrı-ayrı mərhələlərdən ibarət idi. Amma indi o mərhələləri biz müşahidə edə bilmirik. Onlar şadlıq evlərində ümumi şəkildə həyata keçirilir. Bu da insanların səhhətində problemlər yaradır. Qida məhsullarının çeşidinin həddindən artıq çox olması sağlamlığımıza ziyandır. Yüksək səsli musiqilər baş gicəlləndirir. Bu məsələləri biz həmişə təbliğ edirik”.

Atəş Əhmədli vurğulayıb ki, hazırda şadlıq evlərində toy edən şəxslər toydan ziyanla, yoxsa xeyirlə çıxacaqlarını bilmirlər. Onları yalnız bir şey düşündürür - restoranın pulunu ödəmək. Folklorşünas bu səbəbdən ənənəvi toyların keçirilməsini ön plana çəkib:

“Elin bir adəti var idi. Toyda yığılan vəsait iki ailə quran gəncin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunurdu. Onlara ev avadanlıqlarının, bir sıra əşyaların alınması və yaxud mənzil alınması, ev tikilməsi, torpaq sahəsi alınması kimi lazımi işlər görülürdü. Beləliklə, qurulacaq ailənin təməl prinsipləri həyata keçirilirdi. Bu da çox gözəl dədə-baba adəti idi. İnsanlar da gələcəyə ümidsiz baxmırdılar. Amma indi insan bilmir ki, toydan çıxanda borcu qalacaq, yoxsa qalmayacaq. Tam risk və həyəcan altında 6 saat boyunca bütün bunları düşünərək toy sahibi toydan zövq də ala bilmir. Fikri qalır ancaq gələn qonaqların sayının lazımi səviyyədə olmasında. Bu məsələlər bizdə problem yaradır. Bu daim təbliğ olunmalıdır. Eyni zamanda ənənəvi toylarda daha genişlik var. Hazırda rayonlarda hava çox yaxşıdır. Həyətdə toy keçirilsə insanlar həm o təbiətin gözəl ətrini hiss edər, həm də açıq hava və genişlik var”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm