Koronavirusa yoluxan AZƏRBAYCANLI MƏŞHUR: Günlərlə düşməyən hərarət, sızıltıdan ilan kimi qıvrılmaq... - - VİDEO
Bizi izləyin

Sosial

Koronavirusa yoluxan AZƏRBAYCANLI MƏŞHUR: Günlərlə düşməyən hərarət, sızıltıdan ilan kimi qıvrılmaq... - - VİDEO

Video əlavə olunub.

xxx

“Təsəvvür edin, ölkədə son dərəcə ağır və ölümcül virus yayılıb, adamlar bir ucdan yoluxurlar, adamlar yoluxduqca da dövlət bircə-bircə nəzarətə götürüb pulsuz, tam təmənnasız müalicə eləyir, sağaldıb evlərinə yola salır. Bu, gerçəkdən utopiyadır və bu utopik vəziyyət hal-hazırda doğma məmləkətimiz Azərbaycanda baş verir”.

Publika.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl koronavirusa yoluxduğu məlum olan şair Şəhriyar Del Gerani yazıb.

O qeyd edib ki, hər birimiz vətəndaş kimi bunun fərqində olmalıyıq, həm özümüzün, həm də dövlətimizin əlindən tutmalıyıq: “Düzdür, mən bunun fərqində olmamışam, məsuliyyətsizlik etmişəm, ona görə də xəstələnmişəm. Dünən gecə saatlarından məni "Yeni Klinika"ya yerləşdiriblər. Bura konkret olaraq "COVID-19" xəstələrinin müalicəsi üçün təşkil olunmuş xəstəxanadır. Ölkənin ən peşəkar həkimləri, Türkiyədən gəlmiş heyət üzvləri həm də burda cəm olmuş. Baxıram, şəxsən mənim burda bir günlük müalicəm, bütün xərclər daxil təxminən 500 manata başa gəlir dövlətə. Düşünürəm, bunu nə üçün etməlidir dövlət? Ona görə ki, mən məsuliyyətsizlik edib xəstələnmişəm? Bilmirəm, qəribə adamlarıq. Bir qənaətə gəlmişəm bu günlərdə. Deməli, bizim bu virusla şıltaq, inamsız, bir az da özbaşına davranışımızın kökündə hansı psixoloji məqam dayanır, bilirsinizmi? Bəli, bilirsiniz, - Dövlətə inam! Biz dövlətə arxayınıq. Seyid cəddinə arxayın olan kimi, biz də dövlətə arxayınıq bu məsələdə. İlk günlərdən bizi inandırdılar ki, "Yoluxsanız, müalicə edəcəyik sizi". Ona görə də bunca məsuliyyətsizik. Sizə deyim, əgər dövlət əlini çəksə bu işdən, cəmiyyətdə hərbi nizam-intizam hökm sürər, hamı özünü daha effektiv qoruyar. Düzü, əvvəl-axır belə də olacaq. Sağlıq olsun, təki tezliklə vaksin tapılsın. Amma vaksin tapılandan sonra heç kimsə bizim səhhəti-nazımızla oynamayacaq. Digər xəstəliklərdən necə öz hesabımıza müalicə alırıqsa, eləcə də edəcəyik. Xülasə, çalışın məsuliyyətli olun. Öz qayğınıza qalın. Eybi yox, inanmayın, amma özünüzü qoruyun. Çətindir buralar. Çox çətin. Günlərlə düşməyən hərarət, halsızlıq, iliklərin sızıltısından ilan kimi yatağında qıvrılmaq, öskürərkən "Elə bu an boğulacam" hissi, iynələrin zindanlığı, damarların dəlik-deşik olması və s. Ən dəhşətlisi, dost-doğma adamlarının gözü yaşlı qalması və ilin-günün bu çağında xəstəxana palatasındakı ağrılı tənhalıq, intəhasız təklik, ucsuz-bucaqsız heçkimlik. Allah bütün xəstələrə şəfa versin, mənə də. Allah sizi qorusun, əzizlər. Ən inanmayanınızı, ən məsuliyyətsiz olanınızı qorusun Allah. Allah sizə göstərməsin. Məndən nigaran qalmayın. Yavaş-yavaş düzəlirəm, yaxşılığa doğru dəyişir səhhətim. Tezliklə görüşəcəyik. Eşqlər!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm