Azərbaycanda YENİLİK: Rəqəmsal ədliyyə - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda YENİLİK: Rəqəmsal ədliyyə - VİDEO

Vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması məqsədilə həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də kütləvi informasiya vasitələrinin, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdə səhifələrinin imkanlarından geniş istifadə olunması işi davam etdirilir. Bu baxımdan dövlətimizin başçısının tapşırıqlarının icrası istiqamətində xüsusi karantin rejimi dövründə nazirliyin rəsmi “Facebook” səhifəsində davamlı olaraq ədliyyənin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə canlı yayımların keçirilməsi də əhalinin hüquqi maarifləndirilməsi işində mühüm rol oynayır.

Publika.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər çərçivəsində avqustun 21-də Ədliyyə Nazirliyi tərəfindən “Notariat fəaliyyəti” mövzusunda onlayn qaydada ictimai müzakirə təşkil olunub.

İctimai müzakirədə iştirak edən Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notarius Hüseyn Məmmədov, nazirliyin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov notariat fəaliyyəti və son zamanlar bu sahədə aparılan köklü islahatlar barədə ətraflı məlumat verib.

Bildirilib ki, pandemiya dövründə nazirlik tərəfindən müasir innovasiyalar və informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə bütün fəaliyyət istiqamətləri üzrə vətəndaşlara hüquqi yardım göstərilir. Bütün bunlar vətəndaşlıq məmnunluğunu təmin etmək və əhaliyə layiqincə ədliyyə xidməti göstərmək məqsədi daşıyır.

Nəzərə çatdırılıb ki, notariat Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanunu mənafeyinin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır. Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs isə notarius adlandırılır. Azərbaycanda hazırda 160 notarius fəaliyyət göstərir. Onların əksəriyyəti xüsusi notariuslardır.

Pandemiya dövründə notariat hərəkətlərinin təşkilində də tibbi müdafiə və sosial məsafə kimi qoruyucu tədbirlərlə yanaşı, rəqəmsal texnologiyalardan istifadə edilməsinə daha çox üstünlük verilməsi və məsafədən notariat hərəkətlərinin aparılması zəruri olub. Sevindirici haldır ki, hələ pandemiya başlamazdan xeyli əvvəl elektron notariatın təkmilləşdirilməsi istiqamətində əhatəli işlər görülüb. İnteraktiv məsləhət xidməti yaradılıb, notariuslar səyyar xidmət çantaları ilə təmin edilib və mobil notariatla bağlı bir sıra elektron imkanlar yaradılıb. Belə ki, vətəndaş notariat ofisinə gedə bilmirsə ona olduğu yerdə xidmət göstərilir. Məhz bunlar pandemiya dövründə vətəndaşlara zəruri və təxirəsalınmaz hallarda xidmət göstərilməsində əvəzsiz rol oynayıb.

Qeyd edilib ki, bu gün ədliyyə sahəsində elektron xidmətlərin tətbiqinə xüsusi diqqət göstərilir. Notariat sahəsində də informasiya texnologiyaları tətbiq olunur, xidmətlər vahid bir məkanda göstərilir. “Elektron notariat” informasiya sistemi ən vacib informasiya sistemlərindən birinə çevrilib. Hazırda bu sistemin 10-dan artıq qurumla məlumat mübadiləsi təşkil olunub. Bu vətəndaşlara daha çevik və keyfiyyəti notariat xidmətlərin göstərilməsini təmin edir. Hər gün təxminən 10 mindən çox notariat hərəkətləri rəsmiləşdirilir. Vətəndaşların digər qurumlara müraciəti etmək zərurəti aradan qaldırılır və sənədlərin saxtalaşdırılmasının qarşısı alınır.

Məlumat verilib ki, bu ilin yeddi ayında notariat ofislərində 2,1 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib. Bütün notariat ofislərində universal ödəniş köşkləri yerləşdirilib. Həmin köşklərdən informasiya əldə etmək imkanı yaradılıb. Vətəndaşlar notariat hərəkətlərinin aparılması üçün tələb olunan sənədləri həmin köşk vasitəsilə öyrənə bilərlər.

Vətəndaşlara məsafədən videoəlaqə vasitəsilə xidmətlər də göstərilir. Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış “Elektron ədliyyə” köşklərində videoəlaqə vasitəsilə yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələrinin sayı 600-dən çoxdur. Gələcəkdə bu köşklərin ölkəmizin digər hava limanlarında qoyulması nəzərdə tutulur.

Eyni zamanda, bu günədək 60 mindən çox istifadəçi “Mobil notariat” tətbiqini telefonlarına yükləyib və bu tətbiq vasitəsilə təxminən 20 min etibarnamə elektron qaydada rəsmiləşdirilib. Hazırda yeni notariat hərəkətlərinin, o cümlədən banklar üçün verilən etibarnamələrin, eləcə də etibarnamələrin ləğvinə dair ərizələrin və yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq ərizələrinin də elektron qaydada “Mobil notariat” tətbiqi vasitəsilə rəsmiləşdirilməsi imkanı yaradılması üzərində işlər aparılır.

Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara, o cümlədən notariat sahəsində ümumilikdə 31 adda elektron xidmət göstərilir. Bu ilin yeddi ayında Ədliyyə Nazirliyinin elektron xidmətlərdən istifadə sayı bir milyonu ötüb.

Vurğulanıb ki, fiziki və hüquqi şəxslər bağladıqları müqavilələrin, xüsusilə də daşınmaz əmlakla bağlı müqavilələri imzalamazdan əvvəl, müqavilələrin mahiyyətini və məzmununu dəqiqləşdirməlidirlər və bu məqsədlə notariusların yardımından istifadə edə bilərlər. Pul vəsaitlərinin notariusun depozit hesabı vasitəsilə ödənilməsinin tətbiqindən sonra müqavilə üzrə pul məbləğlərinin ödənilməməsi məzmunlu mübahisələrə demək olar ki, təcrübədə rast gəlinmir. Vətəndaşlara daşınmaz əmlakla bağlı özgəninkiləşdirmə müqavilələrində sadələşdirilmiş verginin tutulması qaydası notarius tərəfindən izah olunur və vergi güzəştləri tətbiq olunur.

Müzakirələrdə Azərbaycan Notariat Palatasının yaranması və fəaliyyət istiqamətləri barədə məsələlərə toxunulub. Vurğulanıb ki, hazırda Azərbaycan Notariat Palatasının Beynəlxalq Notariat İttifaqına üzv olması üçün zəruri tədbirlər görülür. Notariat Palatası, həmçinin Dövlət Notariat Arxivi ilə birlikdə vərəsəlik işlərinin rəqəmsallaşdırılması üzrə nəzərdə tutulan layihə üzrə hazırlıq işlərini davam etdirir. Bununla da arxivdəki vərəsəlik işlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Gələcəkdə notariusların işlərinin və sorğulara cavab verilməsinin elektronlaşdırılması bu işin rahat və çevik aparılması hədəf kimi götürülür.

İctimai müzakirədə, notariat fəaliyyəti və onun cəmiyyətdə rolu, notariat və “ASAN xidmət” təcrübəsi, notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin digər informasiya resurslarından əldə edilməsi barədə məlumat verilib.

Onlayn ictimai müzakirədə, həmçinin daşınmaz əmlakla bağlı vəsiyyətnamə, bağışlanma, sənədə apostil verilməsi və sair məsələlərlə bağlı sosial şəbəkə istifadəçilərinin sualları cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm