Sosial
Ölkə əhalisinin təbii artım STATİSTİKASI - “Əgər rəqəmlər mənfi indekslə olarsa...”
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yeddi ayı ilə müqayisədə əhalinin təbii artımı (doğulanlar və daimi yaşamaq üçün gələnlərlə ölənlər və ölkəni tərk edənlərin nisbəti) üzrə 29,6 faiz geriləmə var.
Bəs ölkəmizdə təbii artımdakı geriləməyə nə təsir göstərib? Bu barədə ekspertlərin qənaəti necədir?
Publika.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bəzi şəxslərin ölkədə pandemiya səbəbindən doğumun azaldığını düşündüyünü bildirib: “Amma doğuma təsir edəcək pandemiya ilə əlaqədar olan məsələləri bir neçə aydan sonra müşahidə edəcəyik. Çünki virus ölkəmizdə fevralın sonunda yayılmağa başlayıb. Doğum sayının azalması isə pandemiya ilə bağlı deyil. Bu, ilk növbədə əhali arasında artımla bağlı olaraq uşaqların çox olmaması ilə əlaqədar gedən təbliğatla bağlıdır. Bundan əlavə, bu sahədə aparılan müəyyən tədbirlər, müxtəlif qeyri-hökumət və ictimai təşkilatlar, reproduktiv sağlamlıq proqramları ilə bağlı keçirilən layihələr də müəyyən qədər təsir göstərib. Ümumiyyətlə, əhalinin iqtisadi vəziyyəti də burada rol oynayır. Amma eyni zamanda ölüm də çoxalıb. Ölümün artması koronavirusun təsirindən ola bilər”.
Ə.Qəşəmoğlu pandemiya müddətində əksər tibb mərkəzlərinin koronaviruslu xəstələrin müalicəsinə daha çox diqqət ayırdığını, bunun da məlum statistikaya təsirsiz ötüşmədiyini deyir: “Bir çox xəstəxana məhz koronaviruslu xəstələr üçün ayrıldı. Digər tərəfdən, insanların özü həkimə getməyə ehtiyat edir. Məsələn, mən özüm də ehtiyat edirəm ki, xəstəxanaya gedim. Çünki tanıdığım şəxslərin bir neçəsi həkim qəbulunda olarkən virusa yoluxub. Heç kəs bilmirdi ki, pandemiya olacaq və əksər həkimlər koronaviruslu xəstələrin müalicəsinə cəlb edildi. Əlavə olaraq, karantin dövründə hər kəs evdə qaldı. Hamının bağı yoxdur ki, gəzsin, hava alsın. Əksəriyyət evdən çıxa bilmədi və bir sıra xəstəliklərin sayı artdı. Gəzintidən məhrum olan insanlarda ölüm riski artıb. Çalışmalıyıq ki, əhali artımı mənfi indeksə keçməsin. Əgər ölkə üzrə artım mənfi indekslə olarsa, bu artıq həyəcan təbili çalmağa bərabərdir. Bizdə isə ilbəil artım azalır. Yaxın dövrdə artım azala bilər”.
Bir ay öncə Azərbaycan Həkimləri İctimai Birliyi də koronavirusla bağlı qadağaların bir neçə ildən sonra əhalinin demoqrafik göstəricilərində ciddi dəyişikliklər yaradacağını demişdi.
Birliyin üzvü, professor, həkim-cərrah Adil Qeybulla sözügedən statistikaya münasibət bildirərək qeyd edib ki, hazırda pandemiya dövründə yaşayırıq və bunun da müəyyən qədər təsirləri var: “Ümumiyyətlə, reproduks əmsalındakı mənfi gediş, reproduksiyanın olmaması demoqrafik göstəricilərdə kifayət qədər öz əksini tapacaq. Bunun bundan sonrakı yaxın dövrdə, pandemiyadan sonrakı müddətdə də təsirlərini görəcəyik. Ancaq bir müddət sonra hər şey tədricən öz qaydasına düşəcək. Amma biz bunu bir çox sahələrdə də müşahidə edəcəyik. İşçi qüvvəsi məsələsində bu boşluq hiss olunacaq. Hesab edirəm ki, pandemiya nəinki iqtisadiyyata, insanların səhhətinə, həm də sosial həyata ciddi zərbə vurub”.
Psixoloq Orxan Oruc statistikaya müxtəlif illərin nəticələrinə uyğun baxaraq münasibət bildirməyin daha doğru olduğunu vurğulayıb: “Bu statistikaya biz fərqli illərdə baxmalıyıq. Məsələn, 2010-cu ilə baxsaq görərik ki, bu illərə görə ən yüksək nəticə elə 2019-cu ildə qeydə alınıb. Bəlkə də hər il normal olub, ancaq 2020-ci ildə də digər illər kimi olub, sadəcə olaraq 2019-cu ildə bu illərdən daha yüksək olub. Bu baxımdan statistika təhlil edilməlidir. Amma sözsüz ki, hazırda pandemiya ilə əlaqədar olaraq toyların keçirilməsi ilə bağlı məhdudiyyətlər var. İnsanlar arzu edirlər ki, ənənəvi toy qaydası ilə şənliklər təşkil etsinlər. Buna görə də insanlar toylarını gecikdirməyə, pandemiyadan sonrakı dövrə saxlamağa çalışır. Bu, amma indiki nəticəyə təsirini göstərməyib. Çünki pandemiya ilin əvvəllərində elan edilib. Bu faktorlar növbəti ilin nəticələrində özünü göstərəcək”.
Komitənin məlumatında bu da qeyd olunub ki, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda doğum ötən ilin eyni dövrünə nəzərən 12,9 faiz, nikah 42,6 faiz, boşanma 17,6 faiz azalıb, ölüm halları 10,3 faiz artıb.
Akqabay Mıradov
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI