Azərbaycanın fəal xanımları Mehriban Əliyevanın çağırışına qoşuldu
Bizi izləyin

Sosial

Azərbaycanın fəal xanımları Mehriban Əliyevanın çağırışına qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxış edib.

Birinci vitse-prezident bildirib ki, Azərbaycan qadınının bütün sahələrdə rolu böyükdür:
“Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tikdirib. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir”.

Birinci vitse-prezident əlavə edib ki, bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır: “Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.

Qeyd etdiyim kimi, bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Lakin bu gün ən vacib məsələ qızlar və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.

Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”.



Bəs, ictimai-siyasi sektorun tanınan, fəal xanım nümayəndələri Mehriban Əliyevanın qadınların, qızların elm, texnologiya sahəsində təmsil olunmaları ilə bağlı çağırışı haqqında nə düşünür? l

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Mehriban Əliyevanın çıxışını maraqla izləyib:
“Mehriban Əliyevanın Azərbaycan qadınına, qızına verdiyi önəm, qiymət məni çox mütəəssir etdi. Mehriban xanım orada xüsusilə vurğuladı ki, Azərbaycan Şərqdə yeganə dövlətdir ki, 1918-ci ildə qadına səsvermə hüququ verib. O zaman Amerika Birləşmiş Ştatlarında qadının bu hüququ yox idi. Bu, Azərbaycanın qürur duyacağımız tarixidir. Lakin mən bu tarixi iki mərhələdə qiymətləndirərdim: Ötən əsrin əvvəli – həmin vaxt Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək-seçilmək hüququ verildi və müstəqiliyimizin bərpa olunmasından sonrakı dövr. Fikrimcə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatındakı rolunu genişləndirdi, möhkəmləndirdi. Mehriban xanım Əliyeva deyəndə Azərbaycan qadının siması, dövlətin və xalqın həyatında oynadığı rol yada düşür. Çağdaş tariximizdə Mehriban Əliyevanın yeri və yolu özünəməxsusdur, təkrarsızdır.

aynur-camalqizi-yeni1.jpg (18 KB)

Bu da səbəbsiz deyil. Tariximizdə müxtəlif missiyaları həyata keçirən xanımlarımız olub, lakin Mehriban xanım Əliyeva bu missiyaları - istər diplomatiya, istər mədəniyyətin qoruyucusu, istər humanist addımları – ayrılıqda yox, bütöv halında daşıyır, onu həyata keçirir. Bu baxımdan, müasir Azərbaycan tarixində genişmiqyaslı, hərtərəfli ictimai-siyasi fəaliyyətinə görə seçilən ikinci bir qadının adını çəkmək mümkün deyil.

Dövləti dövlət edən onun illərlə, əsrlərlə formalaşdırılan ənənələridir. Azərbaycan qadınına seçmək, seçilmək hüququnun verilməsi tarixi ilə Mehriban xanım Əliyevanın fəaliyyətində assosiasiya olunan maraqlı detal var. 100 il öncə, 1918-cu ildə Azərbaycanda qadınlara geniş hüquqlar verildi. O zaman cümhuriyyəti quranların məqsədi Azərbaycan qadınının dövlətin idarə olunmasında, xalqın taleyində ən yüksək səviyyədə iştirakına nail olmaq idi. Yalnız 100 il sonra, bu gün Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınları buna nail ola bildi.

Mehriban xanım Əliyeva Cənubi Qafqaz regionunda yaşayan, fəaliyyət göstərən hər bir xanıma örnəkdir. Çünki onun Birinci xanım statusunda da əsas qayəsi xalqa, insanlara xidmət idi, Birinci Vitse-prezident statusunda da eyni qayəyə xidmət edir. Bu, şəxsi keyfiyyətdən irəli gəlir. Azərbaycan qadınları olaraq, biz bununla qürur duyuruq.

Bu gün bütün sahələrdə, idarəçilikdə də, elmdə də, istehsalatda da Azərbaycan qadının rolu əvəzolunmazdır.

Biz xanımlar bu fəaliyyətdə Mehriban xanımı örnək olaraq görürük: dövlət idarəçiliyində də, ailə təməllərinin qorunmasında da. Bu iki amil mühümdür, çünki dövlətin gələcəyi həm də xanımların böyütdüyü, tərbiyə etdiyi övladlardır. Təhsilli qadınlarımızın sayının çoxalması burada vacib məqamdır. sevindirici haldır. Burada da Mehriban Əliyevanın Azərbaycanda təhsilin inkişafı üçün əlindən gələni etməsi, bu sahəyə bir ana nəvazişi ilə yanaşması xüsusi diqqət çəkir.

Mən dəfələrlə yazılarımda, çıxışlarımda qeyd etmişəm ki, Mehriban Əliyeva sadəcə birinci xanım kimi protokol qaydaları ilə hərəkət edə, tədbirlərdə, toplantılarda prezident olan həyat yoldaşını müşayiət edə bilərdi. Lakin o bununla kifayətlənmədi, ictimai-siyasi proseslərdən kənarda qalmadı. Heydər Əliyev Fondunu yaratdı.

Heydər Əliyev Fondu Azərbaycanda elə problemli sahə yoxdur ki, oraya nüfuz etməsin. Fond xüsusilə qayğıya ehtiyacı olan insanlara yardım edir. İndi müharibədən çıxmışıq, müharibənin özünün travmaları, çətinlikləri var. 3000-dən artıq şəhidimiz, xeyli sayda müharibədə yaralanan, sağlamlığını itirmiş qazimiz var. Bütün bu insanların problemlərinə dəstək olmaq önəmli məsələdir. Mehriban xanım bu işlərin öhdəsindən məharətlə gəlir. Çünki o xalqını sevən, həssas qəlbli insandır, azərbaycanlı xanımdır və hər şeydən öncə şəfqətli anadır. Adətən ailədə övlad problemini, çətinliyini ilk öncə anaya bildirir, çünki ana həssasdır. Mehriban xanım Əliyeva Azərbaycana, Azərbaycan xalqına ana həssaslığı ilə yanaşır. Onda xalqına və dövlətinə sarsılmaz sevgi var. Sevgi olmadan insanların məhəbbətini, sayğısını bu miqyasda qazanmaq yəqin ki, çətin olardı”.

tenzilerustemxanli_11.jpg (58 KB)

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qəzetimizə açıqlamasında qeyd edib ki, Mehriban Əliyevanın fikirlərini yüksək qiymətləndir:

“Mehriban xanımın Azərbaycan qadınlarına, qızlarına böyük qayğısı var. Biz Mehriban xanımın ailələrə, qocalar və uşaq evlərin qayğısının şahidi olmuşuq. O dövlətimiz, xalqımız üçün böyük işlər görür. Mən də onu yüksək qiymətləndirirəm. Mehriban xanım qadın ili ilə bağlı çıxış edərkən qızlarımızın təhsili, qadınlarımızın dövlət strukturlarında çalışması, Azərbaycanın siyasi və dövlət məqamlarında iştirakı, ictimai fəaliyyətinin artırılmasından danışdı. O bütün bunlarla yanaşı ən önəmli məsələlərdən birini də qeyd etdi. Mehriban Əliyeva ICESCO-nun, YUNESCO-nun Qarabağın azad olunmasını, tarixi ədalətin bərpa edilməsini və Azərbaycanın haqq davasını müdafiə etməsini qeyd edərək, onlara təşəkkür etdi. Biz bir daha o nüfuzlu qurumların Azərbaycanın ən ağrılı, önəmli məsələsi olan Qarabağın azad olunması üçün mövqe ortaya qoymasını eşitdik. Təbii ki, bu Mehriban xanımın xidməti sayəsində oldu”.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm