Ruhi Əliyeva ad gününü Şəhid övladları ilə keçirdi: "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Ruhi Əliyeva ad gününü Şəhid övladları ilə keçirdi: "SİZƏ BİR ÖMÜR BORCLUYUQ" - FOTO/VİDEO

Sən ananın üzündəki əbədi göz yaşısan...
Bağrındakı daşısan...
Yarım qalan arzususan...
Üzündəki qırışısan...
Sən ananın Vətənisən...
Tək ananın deyil, igid...
Sən hər kəsin Vətənisən...


Bu gün Qadınlar günüdür. Hər kəsin Vətəni olan igid oğulların analarının, xanımlarının, canından-qanından doğulan qız balalarının günüdür. O xanımların ki, qurban verdiyi balasının ağrısını içinə gömüb böyük Qələbəmizə qəlbiylə sevinir. O xanım ki, həyat yoldaşının qoxusunu balasından alıb onun yadigar qoyduğu amal, əqidə üçün ayaqda qalmağa, mübariz olmağa çalışır. O xanım ki, hər gün atası qapıdan girəcəkmiş kimi yolunu gözləyib onun yarımçıq qalan arzularını həyata keçirmək üçün xəyallar qurur. Çünki Şəhid anası, Şəhid bacısı, Şəhid qızı olmaq hər kəsə nəsib olmayan şərəfdir, qürurdur, məsuliyyətdir. Bu gün onları bir araya gətirən də məhz bu duyğudur.


"Liatris Holding"in rəhbəri, hər zaman şəhid və qazi ailələrinin yanında olan xeyriyyəçi, vətənpərvər xanım Ruhi Əliyevanın ev sahibliyi etdiyi təbdirdə 10 şəhid ailəsinin xanımları bir araya gəldi.


Tədbiri açan Leyla Quliyeva bu günün öncəkilərdən çox fərqləndiyini dedi: "Bu gün bura Qarabağı geri qaytaran, işğaldan azad edən, qürurlu Azərbaycan vətəndaşları kimi toplaşmışıq. Və bura bu torpaq, bu Vətənin istiqlalı üçün canını verən igidlərin anaları, xanımları və yadigar övladları qatılıb".


Daha sonra tədbirin təşəbbüskarı Ruhi Əliyeva Şəhid ailələrinin xanımlarının 8 mart Beynəlxalq Qadınlar gününü təbrik etdi. Bu günün daha bir özəl səbəbi olduğunu açıqladı: "Bu gün mənim üçün həm çətin, həm də təsirli gündür. Çünki burda canımız-qanımız olan, bu Vətən torpaq üçün qurban gedən oğulların əmanətləri -balaları, anaları, bacıları, həyat yoldaşları toplaşıblar. Bilirəm ki, bu xanımları nə qədər sevindirsək də, qəlblərində qəm-qüssə, kədər azalmır. Amma buna baxmayaraq, az da olsa onların könlünü şad eləmək, bütün özəl günlərdə səninləyik, “sən tək deyilsən” demək üçün onları bura dəvət etdik. Bu gün eyni zamanda şəhid Vüqar Sadıqovun gözünün ilki - qız övladı Nərgizin doğum günüdür. Bu münasibətlə şəhid qardaşımızın qızının yanında olmaq, onun körpə qəlbini şad eləmək istədik. Nə xoş ki, həm onu, həm də digər şəhid qardaşlarımızın balaca yadigarlarını sevindirə bildik. Əzizlərimiz, siz şəhid atanızla, qardaşınızla hər zaman fəxr edin. Çünki, şəhidlik zirvəsi çox ucadır. Onların hər biri bizim doğmamızdır. Mən söz vermişdim ki, bu ilin bütün günlərini, hətta öz doğum günümü də sizlərlə birgə qeyd edəcəm. Bu gün həm də mənim doğum günümdür və mən bu günü sizlərin əhatəsində qeyd etməyi özümə mənəvi borc bildim".


Bir neçə tanınmış simaların qatıldığı tədbirdə Xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak etdi. Xanım müğənni şəhid övladları üçün "Azərbaycan" mahnısını səsləndirdi. O, bildirdi ki, bütün şəhid balaları bizlərə əmanətdir: "Çox təsirli gündür. Bilmirsən ağlayasan, yoxsa sevinəsən. Bu xanımların hər birinin gözündən qəm- kədər oxunur. Nə etsən də, onların göz yaşları qurumur. Bu gün həm də şəhidimiz Vüqar Sadıqovun balası Nərgizin də doğum günüdür. Ümid edirəm ki, bura toplaşmağımız həm Nərgizə, həm də digər şəhid balalarına az da olsa, təsəllidir".


Tədbirdə həmçinin musiqisi şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının dosenti bəstəkar Könül Hüseynovaya, sözləri Vahid Əzizə məxsus olan "Şəhidlik zirvəsi" adlı kompozisiya da səsləndi. Əsər Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ülvi Hacıyevə həsr olunub.


Hər kəsi kövrəldən musiqinin ardınca Ülvi Hacıyevin anası Həmidə Qurbanova da ürək sözlərini bizimlə paylaşdı: "Bu gün Şəhid Ülvinin anası kimi təmsil olunmaqdan qürur duyuram. Düzdür, bu, çox ağırdır, çətindir, amma bir o qədər də şərəflidir. Burada oğlum kimi bu torpaq üçün canından keçənlərin övladlarını görüb çox qürurlandım. Mən oğlum kimi onların ataları ilə də fəxr edirəm".


Daha sonra qiraət ustası Xəzər Süleymanlı söz aldı. O, öz növbəsində "Ey Şəhidim" şeri ilə Vətən qəhrəmanlarımıza əziz xatirəsinə və onların əmanəti olan ailələrinə ürək sözlərini ifadə etdi.


Əməkdar artist Aqşin Abdullayev isə hər kəsi kövrəldən "Ana" mahnısı ilə Şəhid analarına sevgi və ehtiramını çatdırdı.








































Oxumağa davam et
Reklam
Reklam

Gündəm