Sosial
Hamamlar niyə açılmır? - İşçilər imdad diləyir
Azərbaycan tarixində hamamların özünəməxsus yeri var. Xalqımız hamamı sanitar və gigiyenik baxımdan təmizliyə qovuşmaq yeri hesab edir. Bu məkanlar gigiyenik funksiyaları ilə yanaşı, həm də yüzlərlə insanın gəlir yeridir. Ancaq Azərbaycanda pandemiya elan olunmasından bu yana hamam və saunaların da qapılarına qıfıl vurulub.
Ölkəmizdə bir çox sahələrdə yumşalma ilə bağlı verilən son qərar 1 ildən çoxdur ki, qapalı olan bu məkanların işçilərini narahat edir.
Saytımıza müraciət edən Vidadi Həsənov (ad, soyad şərtidir) 16 ildir ki, hamamda işlədiyini deyir. Pandemiya səbəbindən əksər sahələrin fəaliyyətinə qoyulan qadağa onu da işindən edib. Onun sözlərinə görə, ölkədə elə hamam var ki, orada 200 nəfər işçi var: “İl yarımdır ki, işsizik. 3 dəfə kompensasiya verilib, sonra isə heç bir ödəniş almamışıq. 48 yaşım var, hara gedirəm məni işə götürmürlər. Mənim kimi onlarla şəxs bu durumdadır. Bir çox sahələrdə yumşalma oldu, ancaq bizimlə bağlı qərar verilmədi. Əgər bu sahə yenidən açılarsa, işsizlər də işlə təmin olunarlar”.
Bəs, Əmək Məcəlləsində bu məsələlər necə tənzimlənir? Bu müddətdə iş yerini itirən şəxslər üçün hansı imkanlar yaradılır?
Mövzu ilə bağlı Publika.az-a danışan Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, iş yeri əgər qısa müddətə bağlanırsa, işçilərə işsiz qalmalarına görə pul ödənilməlidir: “Əgər uzun müddətədirsə, bu halda Əmək Məcəlləsinin tənzimlədiyi budur ki, işçilər uzun müddətə ödənişsiz məzuniyyətə buraxılırlar. Onların adları iş yerində saxlanılır, ancaq əməkhaqqı verilmir. Və yaxud da müəssisə qapanır və işçiləri ixtisara salırlar. Başqa çarə yoxdur. Bir müddət dövlət iş yerini itirənlərə yardımlar verirdi. Ancaq bu da dayanıb. Bu şəxslərin çıxış yolu özlərinə başqa iş tapmalarıdır. Yaxud da işçilər gözləməlidirlər ki, işlədikləri sahə bərpa olunsun. Çünki bunu qanunvericilik tənzimləmir”.
S.Məmmədov qeyd edib ki, həmin şəxslər əgər əmək müqavilələri varsa, işsiz kimi qeydiyyata düşərək işsizliyə görə bir müddət müavinət ala bilərlər: “Və yaxud məşğulluq xidmətində işsiz kimi qeydiyyata düşüb Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunmalarını gözləməlidirlər. Bundan başqa yol görünmür.
Yeni yumşalmalar var, ancaq heç kəs zəmanət vermir ki, virusun yeni dalğaları yayılmayacaq. Qonşu Rusiya 15 gün içərisində nə vəziyyətə düşdü, Azərbaycanda isə nə olacağını bilmirik. Bu səbəbdən də bütün sahələrdə yumşalmaya gedilməsi çətin məsələdir. Bu sahədən əlavə iş yerləri də var ki, eynilə bu vəziyyətdədir. Turizm sektoru da bu durumdadır. Epidemioloji vəziyyətdən asılı olaraq qərar verilə bilər. Əgər vəziyyət yaxşı olarsa, bu sahələrin də fəaliyyəti bərpa edilə bilər, əgər əksinə olarsa, sərt tədbirlər görüləcək”.
Professor Adil Qeybulla isə hesab edir ki, hazırda dünyanı ağuşuna alan yeni ştammlar ölkəmizdə yumşalma ilə bağlı yeni qərarların verilməsinə əngəl törədir. Həkim bildirib ki, bu səbəbdən də hamam və sauna kimi sahələrin fəaliyyətinin bərpa olunması məsələsinə sonra baxıla bilər: “Azərbaycanda yumşalmalar bir çox sahələrdə gedir. İnsanlar sanki pandemiyanın bitdiyini zənn edirlər. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Britaniya, Cənubi Afrika, Braziliya və Hindistan ştammının yayılması ilə bağlı rəsmi hesabat verib. Bu ştammlar artıq 92 ölkədə var. Bu, çox ciddi göstəricidir. Əgər bu davam edərsə, dördüncü dalğa olacaq və ya bu, yeni bir pandemiyanın başlanğıcı deməkdir.
Bu, elə bir epidemioloji vəziyyətə gətirib çıxara bilər ki, nəinki yumşalma, ayrı-ayrı sahələrdə karantin qaydalarının çox ciddi sərtləşdirilməsi də müşahidə oluna bilər. Bu səbəbdən də biz hər cür sürprizə hazır olmalıyıq. Operativ Qərargahın verdiyi yumşalma qərarları epidemioloji vəziyyətə birbaşa bağlıdır. Ona görə də vəziyyət düzələrsə, ayrı-ayrı sahələrdə yumşalmalara gediləcək, yox əgər ağırlaşacaqsa, təbii olaraq karantin qaydaları da sərtləşdiriləcək”.
Akqabay Mıradov
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı