Müharibə cəhənnəmindən qurtulan qazilər niyə intiharı seçir: harada səhv edirik? - ARAŞDIRMA
Bizi izləyin

Sosial

Müharibə cəhənnəmindən qurtulan qazilər niyə intiharı seçir: harada səhv edirik? - ARAŞDIRMA

Biz onları ölümün üstünə əyilmədən yeriyən görmüşük. O ölüm ki, şəhadətdir! O ölüm ki, hər kəsin arzusunda olduğu şəhidlikdir...

Qarabağ boyda igidlər başlarını əymədən, gülərək, oxuyaraq, bir-birlərini ruhlandırıb, Vətəni səsləyərək mərdcəsinə yeridilər ölümün üstünə. Əlində silah, dilində vətən nəğməsi, ürəyində Azərbaycanı deyib getdilər əsirlikdə qalan Qarabağı xilas etməyə...

Həm də sonunda şəhidlik, qazilik olduğunu bilə-bilə.

Ölümlə üz-üzə!

Ancaq müharibədə keçirdikləri sarsıntılar və ya həyatda yaşadıqları çətinliklər, düşdükləri boşluqlar onları yenidən ölümlə üz-üzə qoydu. Bu ölüm isə əvvəlkindən fərqlidir, bu ölümün adı intihardır!

Müasir əsrin intihar bəlası qazilərimizdən də yan keçmir. 8 ay öncəsinə qədər Qarabağ həsrətindən rayonlarımızın işğal günü gözümüz ora doğru yol çəkib. Ancaq bizi yerdən alıb göyə qaldıran qazilərimiz bu gün ölümün neçəncisə mərtəbəsindən özləri “yıxılır”.

Bəs 30 ildir közə dönmüş gözləri Qarabağa doğru yol çəkən, qələbə xəbəri üçün səbirsizlənən, illərdir bizi Şuşaya aparacaq zəfər yolunu iplə çəkən bir millətin xəyallarını 44 gün ərzində çin edən oğullarımızın iplə canlarına qəsd etməsində səbəb nədir?

Bir neçə gün öncə daha bir qazimiz ölümün üzərinə yeridi, ya da ölüm onun üzərinə gəldi... 33 yaşlı Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asdı. Vətən müharibəsində könüllü iştirak edən Emin ölümündən iki gün öncə Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdi.

Heç nəyi düşünmədən, arxasında göz yaşı axıdacaq olan insanları, valideynlərini, ailəsini, övladlarını fikirləşmədən, ya da elə onları düşündüyündən həyatını iplə qısaltdı Emin.

Və ya yanvar ayında həkimlərin nəzarətində - müalicə aldığı hərbi hospitalda özünü asaraq yaralı canına qəsd etdi Vüsal Musayev. O, 2 azyaşlı övladını atasız qoyub getdi bu dünyadan.

Bilirsiniz bizim üçün acı olan nədir?

Onsuz da əlinə silah alıb döyüşə yollanan hər kəs bu yolun sonunda nəyin olduğunu, onu nələrin gözlədiyini çox yaxşı bilir. Körpələrinin atasız, ailəsinin başsız, valideynlərinin övladsız qalacağını da. Hər ehtimala...

Niyə sahib çıxa bilmirik?

Ancaq bizi bu məsələdə ayağa qaldıran onların qələbə qazanandan sonra canlarına qəsd etməsidir. Ki, bunun da qarşısını almaq, möcüzəni çin edən oğullarımızı xilas etmək mənim, sənin, hər kəsin borcudur. Ən azından insanlıq vəzifəsidir... Bəs nə üçün “dur” deyə bilmirik? Bunun qarşısını niyə almırıq?

Ən yaxşısı sualı bu cür verim: Bunun qarşısını almaq üçün nə edirik?

Etməsinə, nələrsə edirik. Amma etdiyimiz hər nədirsə, nə metoddursa, keyfiyyətlidirmi?! Əgər keyfiyyətlidirsə, uğurludursa, nə üçün hər dəfə bu uğursuz xəbərləri tirajlayırıq? Sual da, cavabı da hər kəsə aydındır.

Qalib ordunun qalib əsgərinin canına qəsd etməsi hansı səbəbə söykənməsindən asılı olmayaraq hər birimizi sarsıdır. Aldığımız hər intihar xəbəri ürəyimizi parçalayır. Bununla bağlı xeyli sayda faktlar var, bu da çox məyusedicidir.

Vaxtilə, ən azından müharibədən öncə problem ifadəsindən sözün yaxşı mənasında bixəbər olan müharibə iştirakçılarını tərxis olunduqdan sonra elə hər kəsdən də xəbərsiz olaraq intihar etməyə sövq edən və ya məcbur edən səbəb nədir?

Mövzu çox ağırdır, ekspertlərlə aydınlaşdırmağa çalışdıq.

Psixoloq Elmir Əkbər hesab edir ki, problemin səbəbi psixoloji xidmətin bərbad, hətta yox səviyyəsində olması ilə bağlıdır: “Məsələn, dünyada bu məsələnin üzərinə daha çox yekun həll tapılıb. Belə ki, bu problem əsasən ABŞ-Vyetnam müharibəsindən sonra öz həllini tapdı. ABŞ bu məsələnin üzərinə düşdü və beynəlxalq psixoterapiyaya bağlı olan assosiasiyalar bunun üzərində güclü işlədilər, mexanizmlər hazırladılar ki, müharibədən çıxmış insanlarla necə iş aparmaq lazımdır. Çünki onlarda da belə hallar olurdu. İntiharlar olmasın deyə digər psixoloji problemlərin qarşısını almaq üçün güclü şəkildə bunun üzərinə düşdülər”.

Müharibənin ağırlığı nədən ibarətdir?

Elmir Əkbər bu sualı belə izah edib: “Məsələn, dostunuz eyvandan sizi zarafatyana itələsə, qorxub həyəcanlanırsınız ki, yıxıla və həyatınızı itirə bilərsiniz. Amma təsəvvür edin ki, siz müharibədə canlı mərmilərin qarşısında dayanmısınız və hər an güllə, mərmi dəyə, həyatınızla vidalaşa bilərsiniz. Orada insanlar xeyli qorxu, həyəcan hissi yaşayır. Bu isə təbiidir. İnsanın beynində, şüurunda olan bioloji proqramdır ki, insan ölümdən qorxmalıdır. Müharibə məcburiyyətdən irəli gəlir və gedir. Ancaq insanın bioloji instinktləri, yaşamaq istəyi də öz sözünü deyir. İnsan həyəcan, təşviş və qorxu yaşayır ki, bu da sonradan ağır nəticələnir”.

Üstəlik, bu, ağır müharibədirsə, bir an öncə yanında tam sağlam olan biri şəhid olursa, mərmi düşüb öz dostunun ayağını, qolunu, əlini, başını, bədəninin hissələrini qoparırsa, bəzən onları toplamaq məcburiyyətində qalırsansa və ya elə bunları görürsənsə, bu, çox ağır bir haldır.

Psixoloq bu səhnəni ekran arxasından izləməyi belə tövsiyə etmir: “Bu şeyləri izləmək doğru deyil. Ancaq bunları canlı izləmək böyük və dəhşətli bir haldır. Kimsə müharibədə şəhid olanda hər kəs öz doğmalarını düşünür.

Müharibənin təsir mexanizmi çoxcəhətlidir

Müharibə insanın beyninə, psixologiyasına, şüuruna hər mənada çox ciddi təsir göstərir.

Elmir Əkbərin sözlərinə görə, bütün bunlar da təşviş pozuntuları, fobiyalar, ağır depressiyalar, posttravmatik xəstəliklər yaradır. Bununla yanaşı, beynin silkələnməsi, kontuziya və digər başqa problemlər olur: “Bunların bir qismi isti-isti, müharibə bitdikdən dərhal sonra hiss olunur, bir hissəsi isə bir müddət keçəndən sonra özünü göstərməyə başlayır. Ona görə də müharibədən xeyli müddət keçəndən sonra intihar cəhdi edirlər”.

Qarşısını necə alaq?

Psixoloq qeyd edib ki, intihar o qədər ciddi məsələdir ki, onunla hər kəs məşğul ola bilməz: “Onunla ancaq xüsusi təhsil keçmiş klinik tibbi psixoloqlar məşğul ola bilər. Onunla sadəcə həkim-psixiatr məşğul ola bilməz. Onunla psixiatriyadan sonra əlavə təhsil almış psixoterapevt-psixiatr məşğul ola bilər”.

Bəs bununla bağlı ölkəmizdə vəziyyət necədir? Kifayət qədər kadr varmı?

Araşdırmamızdan aydın oldu ki, Azərbaycanda bu sahədə mütəxəssislər barmaq sayı qədərdir.

Bu sahədəki boşluq necə həll olunmalıdır?

E.Əkbərin fikrincə, psixoterapiya elə bir sahədir ki, bunu sıfırdan qurmaq mümkün deyil. Onun sözlərinə görə, xarici psixoterapiya institutları ilə birgə layihələr hazırlanmalıdır: “Psixoloqlar, həkim psixiatrlar əlavə təhsil alaraq klinik tibbi psixoloq və ya həkim-psixoterapevt olmalıdırlar ki, intihar ehtimalı olan insanlarla işləyib bunun qarşısını alsınlar. Təəssüf ki, Azərbaycanda bu sahədə inkişaf yoxdur. Xaricdə təhsil alıb gələnlərin sayı da azdır. Bizdə bu sahədə böyük kadr çatışmazlığı var. Dünya şöhrətli psixologiya institutları var ki, onlarla birgə kadrlar hazırlanmalıdır”.

Cəmiyyət olaraq nə edə bilərik?

Psixoloq bildirib ki, bu işlə yaxşı təhsil görmüş mütəxəssislər məşğul olmalıdır: “Müharibə veteranlarına və yaxud da şəhid ailələrinə insan olaraq qayğı və diqqət göstərmək olar. Ancaq burada söhbət konkret problemin həllindən gedir. Bu, o qədər ciddi problemdir ki, hətta adi psixoloq belə kömək edə bilməz, nəinki vətəndaşlar. Cəmiyyət sadəcə maddi baxımdan bəlkə də əməliyyat xərclərini qarşılaya bilər ki, bunu da aidiyyəti üzrə dövlət həyata keçirir. Bu şəxs çox ciddi psixi travma alıbsa, intihar ehtimalı varsa, artıq cəmiyyət yox, mütəxəssislər bunu həll etməlidir. KİV isə problemi qabardaraq çox şey edə bilər”.

Ekspertin dediklərindən belə nəticə çıxır ki, ölkəmizdə bu sahədə mütəxəssis qıtlığı var.

Düşmənin kabusu olanlarla - intihar kabusu ÜZ-ÜZƏ

Dur deyək!

Məlum məsələdir ki, qazilərə münasibət yüksək səviyyədə olmalıdır. Çünki biz qazilərimiz hesabına torpaqlarımızı işğaldan azad etmişik.

Sosioloq Əhməd Qəşəmoğlu deyib ki, yeni nəsil görməlidir ki, vətən uğrunda, torpağın azadlığı uğrunda vuruşan, şəhid, qazi olan şəxslərə onun ölkəsində böyük hörmət var. Bu, başqa ovqat yaradır: “Biz bununla həm də gələcək döyüşçülərimizdə böyük əhval-ruhiyyə yaradırıq. Eyni zamanda əhali də görür ki, bu cür insanlara həm dövlət, həm də müxtəlif təşkilatlar, ayrı-ayrı insanlar tərəfindən yüksək hörmət qoyulur. Bu, birmənalı olaraq çox yüksək səviyyədə qurulmalıdır.

Onlar fərqləndirilməlidir!

Toxunulmaz bildiyimiz qazi adından “məharətlə” istifadə edib kütlənin müəyyən hissəsinin ürəyinin kövrək siminə toxunanlar əməlləri ilə bu yolda can qoyan qazilərimizə qarşı cəmiyyətdə inamsızlıq toxumunu səpdiklərini unudurlar. Və ya çoxdan unudublar. Düşünürəm ki, bu amillərin də müəyyən qədər bu məsələdə tətikləyici rolu var. Bəs, sosioloq necə düşünür?

“Diqqət etmək lazımdır ki, qazilik adından bəzi adamlar sui-istifadə etməsinlər. Hər iki tərəf, həm qazilər, həm də dövlətimiz bundan anlayışlı şəkildə istifadə etməlidir. Sovet dövründə İkinci Dünya müharibəsindən gələnlərə dövlət tərəfindən çox yaxşı münasibət qurulmuşdu, onlar əl üstündə tutulurdu, hər cür yardımlar edilirdi, avtomobillər verilirdi. “İkinci Dünya müharibəsinin iştirakçısıyam” deyən istənilən şəxs fərqləndirilirdi. Yəni ölkəmizin böyük bir təcrübəsi var, yaşlı nəsil bunları çox yaxşı görüb. Biz ondan da artıq, müstəqil bir dövlətin yolunda, öz torpaqları uğrunda canını qurban edən, köməyini əsirgəməyən insanların qayğısına qalmağı daha yaxşı formada ortaya qoymalıyıq”, - Ə.Qəşəmoğlu belə deyib.

Boşluğa düşmək

Deməli, həm də həll yolu yaxşı təşkilatlanmadan asılıdır. Bu işləri sadəcə olaraq yaxşı təşkil etmək lazımdır ki, problemin qarşısını müəyyən qədər ala bilək. Bəzən isə cəmiyyətdə maddiyyatla bağlı fikirlər səsləndirilir. Bu məsələdə pul nə qədər rol oynayır?

Sosioloq hesab edir ki, buna ancaq maddi tərəfdən baxmaq olmaz. Problemin maddi tərəfi ilə yanaşı, mənəvi tərəfi, o cümlədən həvəsləndirici, stimullaşdırıcı tərəfləri də var: “Bu işləri təşkil edənlərin özündə naşılıq var. Bu, həm də bu işləri təşkil edən insanların təcrübəsizliyidir, ya da səhlənkarlığıdır. Yəni o demək deyil ki, qazidir deyə qeyri-adi şəkildə maddi təmin olunmalıdr. O, özünə qarşı hörmət hiss etməlidir. Çünki onlar hörmətli insanlardır, torpağının azadlığı uğrunda vuruşublar. Başa düşürlər ki, dövlətin də, insanların da nəyə imkanı var. Buna görə də bu işləri təkcə maddiyyatla ölçmək olmaz. Bunun mənəvi tərəfi, ictimai rəy tərəfi ilə bu məsələlərə xüsusi diqqət verib işləri kompleks şəkildə qurmaq lazımdır. Yalnız iqtisadi faktorlar üzərində quranda nə qədər bunu etsən də, normal münasibət olmayacaq. Bunun mənəvi tərəfləri bu məsələdə daha çox rol oynayır, nəinki maddi tərəfləri”.

Sosial problemlərin rolu

Psixoloq, hərbi ekspert Azad İsazadə deyib ki, burada söhbət psixoloji stress keçirmiş insanlardan gedir: “Sözsüz ki, müharibə zamanı posttravmatik stress pozuntusuna qazilər arasında da rast gəlinir. Onlar keçirdikləri emosional hallara, təşviş və həyəcanlara vaxtında kömək ala bilmirlər və yaxud da heç anlamırlar ki, onlara kömək etmək mümkündür. Eyni zamanda onların sosial probleminə də baxmaq lazımdır. Yəni bu insan hansı sosial məişət problemləri ilə qarşılaşır. Ancaq burada söhbət təkcə sui-qəsddən getmir. Biz burada aqressiya ilə, depressiya ilə, o cümlədən sui-qəsdlə rastlaşa bilərik. Lakin daha çox hansısa məişət zorakılığı ilə də rastlaşmaq mümkündür. Ailə üzvləri isə bu aqressiya ilə daha çox qarşılaşır. Burada konkret işlərə artıq başlanıb. Hələlik reabilitasiya prosesi davam edir. Ancaq başa düşmək lazımdır ki, bu, çox uzun bir prosesdir. Burada həddindən çox diqqət və vaxt ayırmaq lazımdır ki, bu məsələlər öz həllini tapsın.

Dünya təcrübəsi nə deyir?

Müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünya təcrübəsində qəbul olunmuş posttravmatik sindroma ya “Vyetnam” sindromu, ya da “Əfqanıstan” sindromu deyilir. Halbuki bu sindromlara Birinci və İkinci Dünya müharibələrindən sonra da rast gəlinib. Ancaq elmi baxımdan praktiki olaraq bununla 60-70-ci illərdən məşğul olunmağa başlanıb. Hətta ilkin elmi araşdırmalar İkinci Dünya müharibəsindən sonra da aparılırdı. Burada konkret olaraq reabilitasiya proqramları, psixososial tədbirlər mövcuddur. Həm də regiona görə onun xüsusiyyətlərindən asılı olaraq hansısa fərqlər də var.

A.İsazadənin sözlərinə görə, bununla bağlı psixoloqlar psixoloji reabilitasiya ilə məşğul olmalıdır, ancaq paralel olaraq sosioloji reabilitasiya da olunmalıdırlar. O cümlədən iş yerləri ilə təmin olunma, sosial-məişət problemlərinin həll olunması və s. olmalıdır. Bu, böyük bir proqramdır və burada bir neçə istiqamət var.

Hansı psixoloji travmalar, hansı dəhşətlər?

Biz başa düşməliyik ki, bu, bir döyüş şəkli deyil. Bu, onların 44 gün ərzində yaşadıqlarının, keçirdikləri stresslərin qarışığıdır.

Ekspert qeyd edib ki, elə insan var ki, birinci döyüşdə elə dəhşətli hadisələrlə qarşılaşır ki, sonrakılar ona yüngül, heç nə kimi görsənir: “Ancaq elələri də var ki, xırda-xırda yığılıb. Birində dostu yaralanıb, digərində özü yaralanıb, kontuziya alıb, huşunu itirib ki, bunlar da getdikcə yığılaraq sonradan hansısa formada özünü büruzə verir”.

Mülki həyatda yardım

Tərxisdən sonra yaralı olan, ya da əlillik alan insandırsa, hospitalda müalicə alırsa və onu hərbi qulluğa geri qaytarmaq mümkün olmursa, onun bu yaraları, stressi, psixoloji pozuntuları harada keçirməyinin önəmi yoxdur.

A.İsazadə bildirib ki, əsas o hissin keçirilməsidir: “Bu, hərbi hissədə də ola bilər ki, hərbçilərin arasında reabilitasiya aparılır və hərbi qulluğu davam edirlər. Mülki həyatda da onlara psixoloji yardım göstərilməlidir. Reabilitasiya keçməmiş mülki həyata qayıtmaq real deyil”.

Səbr, təmkin, dözümlülük - Nə qədər?!

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun sözlərinə görə, qazilərimiz müharibədən sonra bir qədər təmkin göstərməli, səbrli olmalıdırlar. Bəs bu dözümlülük nə qədər davam etməlidir? Xüsusi olaraq hökumət strukturları onlarla reabilitasiya işi aparmalıdır. Yəni onların reabilitasiya olunması, normal həyata yenidən qayıtması üçün müəyyən işlər görülməlidir: “Ancaq bu o demək deyil ki, onlar problemləri ucbatından hansısa bir yola və ya etiraza əl atmalıdırlar. Problemlər hər zaman olub və olacaq da. Sadəcə olaraq onları düzgün şəkildə və vaxtında həll etmək lazımdır. Bu məsələdə də hesab edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər bölmələrinin işçilərinin üzərinə böyük iş düşür. Onlar hər bir müharibə iştirakçısı ilə bağlı məlumata malikdirlər. Əgər onların arasında səhhəti və ya psixoloji durumu ilə bağlı gərginlik yaşayanlar varsa, onlar həmin şəxsləri xüsusi nəzarətdə saxlamalıdırlar. Çünki təkcə kişi cinsindən olan bir şəxs vətən qarşısında hərbi xidmətə çağırılmaq üçün deyil ki. Onlar bundan sonra da cəmiyyətə lazımlı insanlar kateqoriyasına aiddir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu insanlarla müəyyən iş aparılmalıdır.

Bir neçə gün öncə bir qrup insan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin qarşısına toplaşmışdı. Mən müharibə iştirakçılarının hər birinə hörmətlə yanaşıram. Ancaq belə səbirsizlik də göstərmək düzgün deyil. Kimsə diqqətdən kənar qalıbsa, bunun sivil şəkildə həlli yolları var. Əgər kimsə səndən imtina edirsə, bu, başqa məsələdir. Ancaq texniki məsələlərin bəziləri hələ bundan sonra həll olunacaq. Küçələrə, bağça və məktəblərə, sosial yönümlü obyektlərə qəhrəman müharibə iştirakçılarının adlarının verilməsi, onların adlarının əbədiləşdirilməsi hələ bundan sonra olacaq. Bütün bunların hamısı həyata keçirilməlidir. Bəzi gənclərimiz dözümsüzlük, səbirsizlik nümayiş etdirirlər. Səbrli olmaq lazımdır, hər şey qaydasına düşəcək”.

Vaxtından əvvəl və ya gec tərxis? - Harada səhv edirik?

Ekspert hesab edir ki, xidmət müddəti bitirsə, şəxsin hərbidə saxlanmasına ehtiyac yoxdur: “Dünyanın ayrı-ayrı nöqtələrində müharibədə iştirak etmiş və müharibədən sonra baş verən məsələlər var. Müharibədə iştirak edən əlbəttə ki, psixoloji travma alıb, sarsıntı keçirib, yanında döyüş yoldaşlarının, komandirinin yaralanması, şəhid olması var. Bunların hamısı normaldır. Ancaq onlarla müəyyən işlər aparılmalıdır”.

Üzərimizdə böyük vəzifə var

Ü.Cəfərov deyib ki, bu məsələ ilə maraqlanacaq kifayət qədər qurum var və hər şeyi Müdafiə Nazirliyi etməməlidir: “Ayrı-ayrı mülki təşkilatlar, qeyri-hökumət təşkilatları mövcuddur. Biz deyirik ki, bir xalq olaraq yumruq kimi birləşdik, düşməni cəzalandırdıq. O zaman hamı alqışlayırdı. Ancaq müharibədən sonra da üzərimizə düşən işlər var. Üzərimizə düşən işləri həyata keçirmək lazımdır ki, gənclərimiz müəyyən problemlərlə baş-başa qalmasınlar, problemlər onları üstələməsin, onlara güc gəlməsin. Qazilərin sağlamlığı, psixoloji durumu ilə bağlı görüləsi işlər var. Təkcə döyüş bölgəsində deyil, dünyanın bu gün ayrı-ayrı qaynar nöqtələrində əməliyyatlar gedir. Elə qardaş Türkiyə anti-terror əməliyyatları keçirir, ölkədən çox-çox uzaqlarda bunu edirlər. Görüləsi işlər çoxdur, bunları həll etmək lazımdır ki, gənclər problemləri ilə üz-üzə qalanda radikal yollara əl atmasınlar. Bunun da yolları var. Həyatda bir ölümə çarə yoxdur. Yerdə qalan bütün məsələlərin həlli üçün hər şey var. Problemin həlli də, onun yoluna qoyulması da mümkündür. Sadəcə səbr və təmkinlə bu məsələlərin üzərinə gedilməlidir”.

Dövlət hansı addımları atmalıdır?

Ekspertlərin dediklərindən də aydın olur ki, bununla bağlı hansısa fərqli proqramlar işlənib hazırlanmalıdır. Eyni zamanda işə yarayacaq təkliflər verilməlidir.

Millət vəkili Fazil Mustafa hesab edir ki, bu məsələdə psixoloji yardımı artırmaq lazımdır. Onun sözlərinə görə, bununla paralel olaraq müharibə iştirakçılarının sosial problemlərinin də vaxtında həll edilməsi prioritet olmalıdır: “Müəyyən insanlar var ki, bunu əsas gətirərək belə bir addım atırlar. Burada həmin şəxslərin psixoloji durumları da nəzərə alınmalıdır. Çünki onlar problem, əsəb və gərginlik içində yaşayan şəxslərdir. Amma bütövlükdə burada yeganə çıxış yolu həm də sosial problemlərin çözülməsidir. Məncə, qazinin problemi həll ediləndə bu cür sərt addımlara bu formada əl atılmayacaq”.

Məmurların davranışı dəyişməlidir

İnsanların istəyi, məqsədi, psixologiyası həm fərqlidir, həm də oxşar. Ola bilsin ki, bir neçə şəxsin psixoloji durumu fərqli olsun. Ancaq oxşar olan tələblər çoxdur. Əksəriyyətinin istəyi sosial tələblərdir və yaxud da fərdi xarakterli problemlərlə bağlıdır.

Millət vəkili qeyd edib ki, bu məsələləri çözmək lazımdır və həll etdikcə də intiharların sayı azalacaq: “Çünki başqa cür ola bilməz. “İntihar etmə!” deyə bir çağırışla bunu həll etmək mümkün deyil. Cəmiyyətdə də təbii olaraq buna həssas yanaşma olmalıdır. Ancaq cəmiyyət nə etsin ki? Cəmiyyət də çevrədə olan insanlardandır. Onlar tərəfindən də qazilərə normal münasibət sərgilənir. Əsas məmurlarla bağlıdır ki, onların davranışı, qazilərin problemlərinə baxışı dəyişməlidir. Bu, dəyişərsə və sağlam münasibət olarsa, bu cür sərt addımlara da əl atılması mümkün olmaz”.

Biz sizi eşidirik!

İntihar sadəcə insanın öz həyatına son qoyması demək deyil, intihar bəzən insanın yüklərdən, gündəlik yaşam tərzindən, bezdiyi həyatdan, eşitdiyi sözlərdən, yaşadığı gərginlikdən qurtulma istəyi deməkdir. Bəzən isə bu, “məni görün, məni eşidin, mən də var idim”, - deyə bir üsyandır.

Vətənimizin azadlığı yolunda bir yumruq olan, düşməni məhv edən, onları torpaqlarımızdan qovan qazilərimiz, müharibə iştirakçıları! Sonda sizə səslənirəm: Biz SİZİ EŞİDİRİK!

Hər birimiz onları eşidək, onları anlayaq, haqsız olsalar belə, tələblərinə aqressiya ilə qarşılıq verməyək, onların çətin dövrdən keçdiklərini unutmayaq. Unutmayaq ki, canlı tarixlərimiz canlarına qəsd etməyə cəhd etməsinlər.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm