Sosial
“Patı” ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: “şüşə kamikadze”sini kim və niyə hazırlayır?
Narkomaniya bəşəriyyətin ən böyük bəlalarından biridir. Son zamanlar ölkəmizdə də narkotik maddə istifadəsi və satışı kəskin şəkildə artıb. Bunun əsas səbəblərindən biri də bəzi narkotik vasitələrin ucuz olmasıdır. Xüsusən gənclər arasında metamfetamin (patı) və digər narkotik vasitələrin istifadə halları artıb. Hətta sosial şəbəkələrdə bu maddənin açıq şəkildə satılması faktı qeydə alınıb. Bu isə onu deməyə əsas verir ki, insanları narkomaniyadan uzaqlaşdırmaq üçün ciddi tədbirlər görülməlidir.
Narkotik təhlükəsi ilə bağlı narkoloq Zamin Əliyev Publika.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Metamfetamin maddəsinin insan orqanizminə nə kimi zərərləri var?
- Narkotikdən aslı olan şəxslər arasında metamfetamin maddəsini “patı” və ya “şüşə” adlandırırlar. Narkotik maddələr mərkəzi sinir sisteminə təsirinə görə 2 yerə bölünür: Mərkəzi sinir sistemini tormuzlayan və stimullaşdıran maddələr. Bu cür narkotik vasitələr mərkəzi sinir sistemini oyadan maddələrdir. Bu qrupun ən sadə nümayəndəsi kimi kofeini misal çəkə bilərik. Adətən onu dəmir falqada qızdırmaqla tüstüsünü qəbul edirlər. Onu istifadə edən şəxs günlərlə yuxusuzluq çəkir və qida qəbul etmir. Beyin dayanmadan fəaliyyətini davam etdirdiyi üçün bir müddətdən sonra artıq enerji düşkünlüyü, halsızlıq, əhval-ruhiyyə pozuntusu, aqressiya yaşanır. Onlar yatsalar belə, bədən dincəlmir və daim yorğunluq hissi olur. Günlərlə yuxusuz qalan insanlarda artıq psixi pozuntular özünü göstərir. Bir müddətdən sonra gözlərinə nəsə görsənir və qulaqlarına səs gəlir. Bu cür hallara uzun müddət metamfetamin qəbul edən şəxslərdə rast gəlinir. Hətta bir müddətdən sonra psixi pozuntular xroniki hala çevrilir və sayıqlamalar üzə çıxır. Bu cür psixi pozuntuları sonradan müalicə etmək çox çətin olur.
- Ölkədə nə qədər narkotik istifadəçisi var?
- 2019-cu ilin rəsmi statistikasında 32 920 nəfər narkotik aludəçisi var idi. Builki statistikada isə 33 788 nəfər narkotik istifadəçisi var. Bu, qeydiyyatda olan narkotik qəbuledicilərinin sayıdır.
- İnsanları narkotik maddə istifadə etməyə məcbur edən səbəblər nələrdir?
- Gənclərimizin bu cür pis vərdişlərə qurşanmasının əsas səbəbi məlumatlarının az olması və ətraf mühitin pis olmasıdır. Hansısa bir xəstə uzun müddət narkotik qəbul etdikdən sonra maddi imkanları tükənir və məcburiyyət qarşısında ətrafında olan insanları narkotik aludəçisinə çevirməyə çalışır. Çünki özünə bir növ yeni donor axtarır ki, yenidən narkotik istifadəsinə davam etsin. Bu maddənin istifadəsini tərifləyir və bir sıra narkotacirlər internetdə bunların təbliğatını aparırlar, bu narkotik vasitələr haqqında müsbət rəylər yazırlar. Həmçinin narkotik qəbuledicilərinin özləri belə ətrafda olan normal insanlara narkotikin xoş təsirindən danışaraq onları aludəçi etməyə çalışırlar. Halbuki, onun ziyanı haqda heç bir məlumat vermirlər və gəncləri təsirləri altına ala bilirlər. Ümumdünya Səhiyyə Təşkilatının bu haqda bəzi açıqlamaları var. Narkotik istifadəsinə məcbur edən bioloji, sosial-psixoloji və şəxsi-psixoloji hiss faktorları mövcuddur. Bioloji faktoru belə deyə bilərik ki, irsiyyətində alkoqolizmə meyillilik olur, müəyyən travmatik xəstəliklər keçirə bilir və bundan sonra beyində potologiyalar yarandıqda narkotikə meyletmə hadisəsi baş verə bilir. Travma dedikdə şüurun itirilməsi prosesi nəzərdə tutulur. Şəxsiyyət pozuntusu olan şəxslərdə və depressiv vəziyyətlərdə narkotikə meyil yaradır. Sosial-psixoloji faktorlar dedikdə isə ailə tərkibində düzgün tərbiyənin olmamasını və cəmiyyətə zidd olan bir ailədə böyüyən gənci misal çəkə bilərik. Ailəsində alkoqol və psixoaktiv maddə qəbul edən valideyn varsa, o da böyük təsir göstərir. Valideynlərin öz övladlarının maddi vəsaitlərinə düzgün nəzarət edə bilməməsi də sosial faktor kimi qeyd oluna bilər. Şəxsi-psixoloji risk amilləri dedikdə isə gənclərin bir qrupunda inamsızlıq və bir sıra davranış pozuntuları nəzərdə tutulur. Bir sıra gənclərdə qorxu hissi olmur və istənilən halda narkotik maddələrə meyil göstərirlər.
- Müalicələr necə aparılır?
- Adətən, metamfetamin qəbul edən şəxslərdə fiziki asılılıq daha ağır keçir. Fiziki asılılıq dedikdə dəhşətli ağrılar, yuxu pozuntuları nəzərdə tutulur. Bu maddəni qəbul edən şəxslərdə beyin pozuntuları çox olur. Yəni həddən artıq aqressiya, günlərlə yatmamaq və qida qəbul etməmək kimi təsirlərə rast gəlinir. Metamfetamindən istifadə etdikcə bədəndə tipik yaralar əmələ gəlir. Ən çətin proses psixi pozuntuları aradan götürməkdir. Bu cür ağır psixi pozuntuların olduğu insanlarda müalicə müddəti uzun olur, yəni konkret müddətdən danışa bilmərik. Bəzi narkotik istifadəçilərinin vəziyyəti qısa müddətdə düzələ bilər. Çünki psixi pozuntular aradan götürülür və beyin fəaliyyəti qaydasına düşür. Lakin bəzi xəstələrdə sayıqlama halları olduğuna görə bu müddət uzana bilir. Bizə müraciət edən xəstələr müayinə olunduqdan sonra konkret şikayətlərinə uyğun olaraq müalicələri davam etdirilir. Bəzi antidepressantlar və aqressiyanı aradan qaldıran digər preparatlarla müalicə olunurlar.
Rahib Ələsgərov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...