Sosial
Oğul düşmən çəpəridir, qız isə... - ARAŞDIRMA
Patriarxal cəmiyyətlər qadınlardan oğlan uşağı dünyaya gətirmələrini tələb edir, qızlar çox vaxt ikinci dərəcəli hesab olunurlar. Bu mövzuya həsr etdiyimiz birinci yazıda ekspertlər həyəcan təbili çaldı və bildirdi ki, demoqrafik vəziyyətin bu şəkildə pozulması gələcəkdə övlad dünyaya gətirən qadınların sayının kəskin azalmasına səbəb olacaq.
BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan hesabatda bildirilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan əsas səbəblərdən biri dölün cinsi əsasında edilən selektiv abortlar fenomeninin yayılma səviyyəsidir.
Publika.az “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu altında Azərbaycanda qadınları selektiv abort etdirməyə məcbur edən səbəblərin digər tərəflərini araşdırıb.
Dünyaya gələn qız övladına atalar daha çox bağlı olur!
“Narınc” Uşaq Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, klinik psixoloq Narınc Rüstəmovanın sözlərinə görə, valideynlər ilk başda oğlan uşağı arzulasalar da, dünyaya gələn qız övladına atalar daha çox bağlı olur:
“Bir neçə il əvvəlki statistikalara əsasən, selektiv abortlar üzrə Azərbaycan ön sıralarda idi. Gender bərabərliyinin pozulmasında bunun böyük təsiri var idi. Görürük ki, oğlan uşaqlarına üstünlük çox idi. Məsələn, valideyn kimi deyə bilərəm ki, oğlumun sinfində 15 oğlan, 4 qız var. Düşünürəm ki, bu problemə əvvəllər daha çox rast gəlinirdi, son illərlə müqayisə etsək, oğlan və qız övladı arasında fərq tədricən azalmağa başlayıb.
Əvvəllər oğlan uşaqları nəslin davamçısı kimi görülürdü. Amma vurğulamalıyam ki, qadınlarımız onda sosial-iqtisadi baxımdan bu qədər azad deyildilər, daha çox ev işləri ilə məşğul olurdular. Əksər qadınların geyim üslubu ancaq ağ-qara rənglərdən ibarət idi. Sosial həyatda kişilər aktiv idi, valideynlər oğlan uşaqlarını böyük vəzifələrə layiq görürdü, arzu edirdi ki, ictimai-siyasi həyatda aktiv olsunlar, qız uşaqlarından isə böyük vəzifələr gözlənilmirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu stiqmanı pozdu. Qürur duyuram ki, Mehriban xanımın sosial-ictimai və işgüzar həyatı çox qadına örnək oldu. Zaman keçdikcə Azərbaycanda qadınlar vəzifələrdə işləməyə, yüksək mövqelər tutmağa başladı. Bu mənada cəmiyyətin qadınlara münasibətinin dəyişməsində və vəziyyətlərinin yüngülləşməsində Mehriban xanımın birbaşa təsiri oldu. Sübut edə bildi ki, həyat yoldaşı ilə çiyin-çiyinə verib ölkəsi üçün böyük işlər görə bilər.
Artıq ata-ana narahat olmur ki...
Qadınların bu qədər ön plana çəkilməsi ilə qız uşaqlarına dəyər də artmağa başladı. Artıq ata-ana narahat olmur ki, qızları iş tapa və ya vəzifəyə gedə bilməyəcək... Biz ailədə üç bacıyıq, üçümüz də kifayət qədər mövqe və nüfuz sahibiyik”.
Psixoloq xatırladıb ki, həkimin abort etdirən qadına uşağın cinsiyyətini demək hüququ yoxdur:
“Belə olan halda ailə uşağın cinsiyyətinin qız və ya oğlan olması haqqında məlumat ala bilmir. Bu da müəyyən qədər abortların və tələf etmənin qarşısını alır. Oğlan və qız uşaqlarına fərqi daha çox uzaq rayonlarda müşahidə edirik. Çünki orada bəzi “mental” dəyərlər hələ də itməyib. Qadının işləməsinə münasibət hələ də yaxşı deyil, araşdırmalar göstərir ki, erkən nikah problemləri ucqar rayonlarda daha çoxdur.
Qadınları təhsilə və iş həyatına cəlb etməklə biz bu həssasiyyəti aradan qaldıra bilərik!
Qadınları təhsilə və iş həyatına cəlb etməklə biz bu həssasiyyəti aradan qaldıra bilərik. Qızlar məktəbə getmirsə, erkən nikahlar baş verirsə, bu barədə mütləq lazımi qurumlara məlumat verməliyik. Hər bir rayonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbələri, İcra Hakimiyyətinin nəzdinə isə qəyyumluq şöbələri var. Biz bunları etməklə qız uşaqlarının təhsil almasına, irəlidə yüksək vəzifələrdə çalışmasına şərait yaratmış oluruq. Təbii ki, irəliləyiş var, qadınlarımız artıq sadəcə həkim və müəllim postlarında işləmir, ağır və ən yüksək vəzifələrdə belə işləyə bilirlər.
Qadınların dözümlülüyü kişilərdən 4 dəfə çoxdur. Biz dünyada ən ağır olan doğuş ağrısını çəkmə potensialına malik olan varlıqlarıq. Diri-diri yanmaq dünyada ən ağır acılardan biridir, ikinci yerdə isə doğuş gəlir. Əslində, qadın psixoloji və fizioloji olaraq da kişidən güclüdür. Odur ki, qız uşaqlarına verilən dəyəri artırmaq lazımdır”.
Ailə planlaşdırılması elə olmalıdır ki, abortlara zərurət qalmasın!
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, uşaqların cinsiyyətinin USM aparatında müəyyən olunması dəb halını alıb. O qeyd edib ki, valideynlər uşaqlarının taleyini cihazla həll edirlər:
“Bunun arxasında cinayət var. Ailə planlaşdırılması elə olmalıdır ki, abortlara zərurət qalmasın. Dəfələrlə şahidi olmuşam ki, uşağın atası qız övladı dünyaya gəldiyi üçün ondan imtina edib. Bu yaxınlarda sığınacağımızda daha bir acı hekayənin şahidi oldum. Regionlardan birində onkoloji xəstəliyi olan körpə qızın hekayəsini anasından dinləyəndə çox kövrəldim. Ananın özü qız doğulduğu üçün qəbiristanlığa atılıb, sonra övladlığa götürülüb. Böyüyəndən sonra istəyi olmadan qaçırılıb və qeyri-rəsmi nikahda yaşamağa məcbur olub. Hamiləlik dövründə dünyaya gələcək körpənin qız olacağı məlum olanda ondan imtina edilib. O uşağın indi 2 yaşı var. Əlbəttə ki, bu, xoşagəlməz haldır”.
Oğul düşmən çəpəridir, qız isə...
Kəmalə Ağazadə qeyd edib ki, sığınacağın sakinlərinin 70 faizi qızlardır: “Müxtəlif səbəblərdən, biganəlik, zorakılıq və baxımsızlıq nəticəsində sığınacağımıza qadınlar və qız uşaqları daha çox üz tutur. Cinsi təcavüz olmuş qızların statistikasına baxanda dəhşətə gəlirik. Hər biri də arzuolunmaz uşaqlardır.
Cəmiyyətdə belə bir fikir formalaşıb ki, oğul düşmən çəpəridir. Qız isə ailənin sütunudur, övladına tərbiyə verən bir anadır! Dünyaya övlad gətirəndir. Amma uşağın cinsiyyətini ana dölü müəyyən etmir, atanın rolu daha böyükdür. Xatırlatmaq yerinə düşər ki, doğulacaq uşağın cinsi spermatozoiddən asılıdır. Məyus oluram ki, uşaqlar arasında belə bir ayrı-seçkilik var, selektiv abortların əleyhinəyəm. Yaxşı olardı ki, ailə planlaşdırılması həyata keçirilsin. Kimlərsə öz məqsədləri üçün hamiləlik faktını ortaya qoyub, kimisə özünə bağlamağa çalışmasın, qadın və kişi arasında ailə münasibətləri formalaşmalıdır”.
“Referans” klinikasının cərrah mama-ginekoloqu Mələk Qafarlı bildirib ki, selektiv abortların böyük hissəsi cinsiyyət səbəbindən olunur:
“Təəssüf ki, Azərbaycanda selektiv abortlar cinsiyyət səbəbindən olunur, ailə planlaması olmadığı üçün qadınlarımız selektiv abortlara üz tutur və arzuolunmaz hamiləliyin qarşısını alır. Protokollar üzrə selektiv abortlar yalnız o halda icra oluna bilər ki, anada və ya döldə hansısa problem meydana gəlib. Qanunvericilikdə 12 həftəyə kimi aborta icazə var, 12 həftədən sonra yalnız tibbi göstərişə əsaslana bilər. Təbii ki, gender seçiminə görə, icra olunan abortlara qarşıyam. Bu, əslində bir müddət sonra daha böyük problemlər şəklində geri dönə bilər. Statistikaya görə, oğlanların sayı qızlardan daha çoxdur”.
Müsəlman ölkələrində bu prosedur sırf cinsiyyət seçimi üçün istifadə olunur!
Ginekoloqun sözlərinə görə, süni mayalanma icra olunanda da cinsiyyət seçimi mümkündür:
“Bu, artıq süni mayalanma tsiklində olmur, əlavə olaraq PCD prosedur üzrə olunur. Bu, perinatal genetika prosedurudur. Embrionlar seçilir, 5-ci günündən hüceyrələr alınır. Əslində, prosedurun məqsədi hər hansı genetik patologiyanın olub-olmadığını təyin etməkdir. Sadəcə, Azərbaycanda və digər müsəlman ölkələrində bu prosedur sırf cinsiyyət seçimi üçün istifadə olunur. Adi süni mayalanma ilə cinsiyyət seçimini müəyyənləşdirən prosedurların qiyməti də fərqlidir. Süni mayalanmada embrioloq tərəfindən sadəcə keyfiyyətli embrionlar seçilir. Lakin PCD çox bahalı prosedurdur və hər embrionun yoxlanması üçün əlavə ödəniş edilir”.
Mütəxəssis bildirib ki, cütlüklərin dünyaya gələcək körpəni 12 həftəliyində qız olduğu üçün abort etməsini kəskin şəkildə qınayır:
“Önəmli olan dünyaya gələcək uşağın sağlam olmasıdır. Xüsusən də indiki zamanda sonsuzluq baş alıb gedir. Cinsiyyət seçimi qoymadan övlad sahibi olmaq üçün illərlə mübarizə aparan cütlüklər var. Allah sizə övlad yetiribsə, onun cinsiyyətini seçmək və hamiləliyi sonlandırmağı çox pis qarşılayıram.
Statistikaya əsasən, sonsuzluq probleminin 30 faizi qadınlar, 30 faizi kişilərlə əlaqəlidir, 40-50 faiz isə ikitərəflidir, 10-15 faiz hallarda səbəbi bilinməyən formada qarşımıza çıxır. Azərbaycanda son illərdə kişi faktoru daha çox araşdırılmağa başlanıb. 10-15 il öncə ailədə sonsuzluq var idisə, günah mütləq qadında axtarılırdı. Təəssüf ki, indi də bu münasibətin şahidi oluruq. Amma biz həkimlər olaraq cəmiyyəti maarifləndirməyə və protokola uyğun düzgün yönəltməyə çalışırıq”.
Aytən Məftun
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO