Rəy sorğuları: cəmiyyətin “lakmus kağızı”
Bizi izləyin

Sosial

Rəy sorğuları: cəmiyyətin “lakmus kağızı”

MTM-in (Media Təhlil Mərkəzi) keçirdiyi rəy sorğuları həm də ictimaiyyətin maariflənmə və məlumatlılıq səviyyəsinə müsbət təsir göstərməyə hesablanıb.

Son 3 ildə dövlət idarəetmə sistemində başlanmış köklü islahatlar ictimai həyatın bütün sahələri üzrə əsaslı müasirləşməni təmin edərək cəmiyyətin bütün zümrələrinin həyat keyfiyyətini yüksəldir. Belə bir şəraitdə sosioloji tədqiqatların genişləndirilməsi, ictimai rəyi öyrənən qeyri-hökumət təyinatlı yeni qurumların, rəy sorğusu mərkəzlərinin fəaliyyəti də xüsusi aktuallıq kəsb edir.


İctimai rəyin öyrənilməsi müasir dünyada hakimiyyət-cəmiyyət münasibətlərinin real indikatoru, “lakmus kağızı”dır. Beynəlxalq miqyaslı “Gallup İnternational", "Avropa Qonşuluğu Barometri" layihəsi, İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi və s. kimi beyin mərkəzlərinin mövcudluğu, onların sosioloji sorğu və araşdırmaları müxtəlif ölkələrdə əhalinin gözlənti və istəklərinin, habelə cəmiyyəti narahat edən qayğı və məsələlərin aşkara çıxarılmasında vacib amillərdən biridir. Rəy sorğuları dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsi, islahatlar prosesinin geniş əhali kütlələrinə mümkün təsirlərinin öyrənilməsi ilə yanaşı, insanların hadisə və proseslərə münasibətinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.

Müasir dövrdə rəy sorğuları, obrazlı desək, “nəbz yoxlanışı” olub, ictimai rəyə pozitiv anlamda təsir göstərməyin vacibliyi ilə şərtlənir. Klassik kommunikasiya vasitələrindən əlavə, son 10 ildə sosial şəbəkələrin, habelə yeni texnoloji ünsiyyət və mesajlaşma sistemlərinin təşəkkülü şəraitində ictimai rəyə neqativ təsirlərin neytrallaşdırılmasını və bu məqsədlə vətəndaşların arzu və istəklərinin, sosial-siyasi, iqtisadi hadisələrə baxış bucağının öyrənilməsi zəruridir.

2014-cü il iyunun 1-dən qüvvədə olan “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur. Bütün bunların fonunda Azərbaycanda peşəkar səviyyədə rəy sorğularının keçirilməsi üçün zəruri intellektual potensiala, təşkilati-texniki imkanlara malik qurumların olması mühüm aktuallıq kəsb edən məsələlərdən biridir. Peşəkar səviyyədə rəy sorğuları keçirən ixtisaslaşmış ictimai mərkəzlərin mövcudluğu dövlət qurumları və biznes strukturlarının fəaliyyətinin səmərəlilik əmsalının adekvat qiymətləndirilməsinə, onların piar və marketinq siyasətinin səmərəli təşkilinə imkan yaradır.

İctimai təşkilat kimi bu missiyanı 1 ildən artıq müddətdə üzərinə götürən MTM (Media Təhlil Mərkəzi) maksimum obyektiv, açıq sorğular keçirməyə, insanların hadisə və proseslərə münasibətinin real mənzərəsini yaradan təhlil və ümumləşdirmələr aparmağa çalışır. Bu cür sorğuların keçirilməsində məqsəd, ilk növbədə, dövlətlə cəmiyyət arasında mənəvi-siyasi bağları gücləndirmək, insanların məsələlərə yanaşması, problemlərin həlli yolları ilə bağlı rəy və təkliflərini ümumiləşdirmək; nöqsan və çatışmazlıqları müəyyən etmək, zəruri tədbirləri müvafiq hökumət qurumlarının diqqətinə çatdırmaq, onlara yeni yanaşma və kreativ təklifləri dəyərləndirmək imkanlarını genişləndirməkdir. Şübhəsiz ki, insanları qayğılandıran məsələlərin konyunkturadan uzaq şəkildə mərkəzi və yerli icra hakimiyyəti strukturlarının, eləcə də əhaliyə xidmət qurumlarının diqqətinə çatdırılması ümumən hökumətin fəaliyyətində ictimai rəyə həssas münasibəti və səmərəliliyi təmin edir. Rəy sorğuları əsasında obyektiv və subyektiv amillərlə bağlı çatışmazlıqların aşkarlanması, aradan qaldırması bəzi qərəzli dairələrin onlayn media və sosial şəbəkələr üzərindən ictimai rəyə qərəzli təsir cəhdlərini neytrallaşdırır.

MTM (Media Təhlil Mərkəzi) özünün rəsmi “www.mtm.az” saytı və qurumun rəsmi “Facebook” səhifəsi vasitəsilə ictimaiyyətə təqdim etdiyi rəy sorğuları əsasən siyasi, iqtisadi, sosial və humanitar sahələri əhatə edir. Mərkəz sorğuları onlayn platformada insanların diqqətinə çatdırmaqla həm aşkarlıq, açıqlıq və obyektivlik prinsiplərini qoruyur, həm də yeni media alətləri üzərindən cəmiyyətin daha informasiyalı, intellektual və fəal kəsiminin müxtəlif aktual mövzulara münasibətinin öyrənilməsində müəyyən vasitəçi missiya yerinə yetirir. Mərkəzin hansısa dövlət qurumu və biznes srtukturundan asılı olmaması onun keçirdiyi sorğuların dürüstlüyünə və şəffaflığına, eləcə də cəmiyyətdəki proseslərin adekvat dəyərləndirilməsinə imkan yaradır. MTM-in xəttilə keçirilən sorğuların nəticələrinin ictimai rəyə mümkün təsirləri də nəzərə alınır.

2020-ci ilin aprel ayında fəaliyyətə başlamış Media Təhlil Mərkəzinin hazırda bəşəriyyət üçün ciddi kabusa çevrilmiş koronavirusla mübarizə mövzusunu xüsusi diqqətdə saxlaması, pandemiyanın cəmiyyətə təsirlərini öyrənməyə xidmət edən sorğular keçirməsi də təsadüfi deyil. Bu sorğuların nəticələri əhalisinin müəyyən qruplarının yeni növ koronavirusla bağlı bilgi və maariflənmə səviyyəsinə müsbət təsir göstərir, cəmiyyətə qlobal təhlükədən qorunmağın vacibliyi ilə bağlı ciddi mesajlar ötürürür. Mərkəz bu sorğuların nəticələrini elan etməklə, insanların kütləvi vaksinasiya proqramına münasibətini, əhalinin bu sahədə məlumatlılıq səviyyəsini də öyrənməyə çalışır.

Hazırda ictimaiyyətin peyvənd kimi qlobal əhəmiyyətli, vacib aksiyaya yanaşmasının sosioloji rəy sorğuları vasitəsilə müəyyənləşdirilməsi mühüm aktuallıq kəsb edir. Bu sorğuların nəticələri cəmiyyətdə vaksinin əhəmiyyətinə inamın gücləndirilməsi, maarifləndirmə-təbliğat, təşviqat işinin düzgün təşkili, peyvəndlərə müəyyən əsassız və şübhəli yanaşmaların aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Etiraf etmək lazımdır ki, son aylarda mütəxəssis rəylərinə, elmi-təcrübi sınaqlara əsaslanmayan, insanlarda çaşqınlıq və tərəddüd yaradan bu yanlış fikirlər sosial şəbəkələrin azərbaycanlı seqmenti tərəfindən də tirajlanır və vaksin əleyhinə arzuolunmaz kampaniya aparılır. Bəzən intellektual səviyyəsi yüksək olan insanlar belə əsassız informasiyaların mənfi təsiri altına düşürlər. Bu baxımdan obyektiv reallığı əks etdirən rəy sorğuları cəmiyyətə neqativ yüklü mesaj və informasiyaların verilməsi cəhdlərinin qarşısı almaqda mühüm rol oynayır.

MTM-in 2021-ci ilin yanvar və avqust aylarında keçirdiyi “COVID-19” virusu və vaksinasiya” mövzusunda sorğunun müqayisəli nəticələrinə əsasən, pandemiyanın 2022-ci il də davam edəcəyini düşünən vətəndaşların sayı 14 faizədək artıb. Nəticələr eyni zamanda göstərib ki, sorğu iştirakçılarının 52,8 faizinin dost-tanışı, 35,4 faizinin ailə üzvü, 8 faizinin isə özü peyvənd olunub.

Digər mühüm sorğu mövzusu cəmiyyətdə mütaliə mədəniyyətinin səviyyəsinin müəyyənləşdirməyə və onu yüksəltməyə xidmət edib. Mərkəzin “Ən çox hansı kitabları oxuyursuz? sualına cavab olaraq respondentlərin 43 faizi detektiv romanlara üstünlük verdiyini, 31 faizi isə elmi ədəbiyyatları mütaliə etdiklərini bildirib. Hazırkı informasiya bolluğu və sürət əsrində sorğu iştirakçılarının 31 faizinin elmi ədəbiyyatı oxuması ilə bağlı nəticələri, müəyyən mənada, qənaətbəxş hesab etmək mümkündür.

Mərkəzin keçirdiyi sorğular fəaliyyətini “vətəndaş məmnunluğu” prizmasından dəyərləndirmək və ya qurmaq üçün biznes qurumlarına, sahibkarlıq subyektlərinə də yaxşı fürsətlər yaradır. Bu sorğular vasitəsilə həmin qurumların vətəndaşlara nə dərəcədə keyfiyyətli xidmət göstərməsi aydınlaşır, müsbət və ya qüsurlu məqamlar aşkara çıxarılır. Məsələn, MTM-in keçirdiyi bir sorğunun nəticələri göstərir ki, pandemiya dövründə vətəndaşların onlayn çatdırılma və sifariş xidmətlərinə müraciətləri kəskin artıb. Sorğuda iştirak edən 500 respondentin 52 faizini qadınlar, 48 faizini kişilər təşkil edib. Nəticələr isə göstərib ki, respondentlərin 55,2 faizi pandemiya dövründə çatdırılma xidmətlərinin fəaliyyətindən razı olsalar da, 35,8 faizi sifarişlərin vəd edilən vaxtda çatdırılmamasından, 9 faizi isə normal şəkildə təqdim olunmamasından gileylənib.

Ümumilikdə, MTM-in rəy sorğuları iri şirkətlərə, eləcə də mikro və orta sahibkarlarlıq subyektlərinə daxili bazarı və tələbatı öyrənmək, buna uyğun səmərəli marketinq siyasəti yürütmək baxımından da faydalıdır.

İqtisadi mövzuda digər bir sorğu üzrə aparılan ümumiləşdirmələr göstərir ki, insanların pandemiya dövründə onlayn alış-verişə üstünlük verməsi debet və kredit kartlarına olan marağı daha artırıb. Respondentlərin 61,2 faizi alış-veriş zamanı nəğdsiz ödənişlərə üstünlük verib. Ticarət və xidmət sektorunda nadir hallarda kartdan istifadə etdiyini deyən sorğu iştirakçılarının faiz nisbəti 22,7 təşkil edib. 16,1 faiz respondent isə alış-veriş zamanı kartdan istifadə etmədiyini vurğulayıb.

Rəy sorğularının müəyyən qismi bəzən cəmiyyətin ümumi maraqları ilə bağlı həssas mövzuları özündə ehtiva edir. Məsələn, Mərkəzin “Azad edilən torpaqlarımızın iqtisadi inkişafini necə görürsünüz?” mövzusunda sorğusunda iştirak edən respondentlərin 30,8 faizi hesab edir ki, işğüzar fəallığı artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə zavod və fabriklər açılmalıdır. Xüsusi iqtisadi zonanın yaradılmalı olduğunu qeyd edənlər sorğu iştirakçılarının 25,1, aqroparkların və fermer təsərrüfatlarının yaradılmalı olduğunu deyənlər 24,4, xarici investisiyaların cəlb olunmasını zəruri sayanlar isə 19,7 faizini təşkil edib. Respondentlərin 55,4 faizi bu fikirdədir ki, azad edilmiş ərazilərdə turizm və xidmət sahəsinə diqqətin ayrılması iqtisadi cəhətdən daha əlverişlidir. Kənd təsərrüfatının inkişafını daha zəruri hesab edənlər ümumi respondentlərin 33,1-ni təşkil edib.

Ümumilikdə, “Facebook” sosial şəbəkəsi üzrə aparılan araşdırmalar göstərir ki, MTM-in rəy sorğuları nəticələri insanların diqqətini getdikcə daha çox cəlb edir, onların maariflənməsində müəyyən rol oynayır. Bəzən və digər sorğuların nəticələri bəzən hadisə və prorseslərə tərəddüdlü münasibət bəsləyən insanların daha düzgün seçim etməsinə, qərar qəbuletmə imkanlarına da müsbət təsirini göstərir. Sorğuların nəticələri həm də onu göstərir ki, sosial medianın ictimai rəyə ciddi təsirləri fonunda hökumət qurumlarının fəaliyyətlərini yeni tələblər səviyyəsində qurmaları, müasir yeniliklərə açıq olmaları, mövcud qüsurları müəyyən edərək aradan qaldırmaları son dərəcə vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm