Sosial
Bakının mərkəzində İrəvan mesajı: İNANILMAZ ANLAR - REPORTAJ
Bu gün son 200 ildə Azərbaycan xalqının əldə etdiyi ən böyük qələbənin – şanlı Zəfər Gününün birinci ildönümüdür. Bu günü Azərbaycan xalqının genetik yaddaşı nə az, nə çox -düz 200 il gözlədi. Bu gün ölkənin ən uc nöqtələrindən mərkəz yaşayış mərkəzlərinə, paytaxtına qədər hər yerdə qələbə, zəfər, məğrurluq ab-havası hökm sürür.
Səhərin erkən saatlarında “Azneft” dairəsindən 8 Noyabr prospekti boyunca düz Hərbi Qənimətlər parkına qədər minlərlə insan izdihamı Zəfər yürüşünə çıxmışdı. Göydə günəş və aydın səma bu izdihama əsgər salamı verirdi. Tanrının özü belə şəhid analarının, atalarının üzünə gülümsəyirdi.
Gördüklərimi Publika.az-ın obyektivindən oxucularımıza da yansıtmaq istəyirəm:
Birinci epizod: İnsanlar əllərində şanlı üçrəngli bayraqlar ümumi uzunluğu 470 metr olan Zəfər bayrağının arxasınca Hərbi Qənimətlər Parkına doğru irəliləyirdi. Şüarlar isə ötən ilin zəfər şüarları idi: “Başını dik tut, şəhid anası!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!”... İnsanların gözündə zəfərin ulduzları parlayırdı. Hər kəs gözündən gülürdü. Şəhidlər də bizimlə idi, başımızın üstündə... Əllərində şəhadət şərbətinin qədəhi, 44 günlük savaşdakı şanlı Zəfərimizin birinci ildönümünü bizimlə qeyd edirdilər. Elə Ulu Yaradan da bizimlə idi, hərbi geyimli uşaqların üzünə gülümsəyir, şəhid analarının sevinc göz yaşlarından öpürdü.
İkinci epizod: (Dənizkənarı park): Qazilərimiz sadə insanların rəqslərinə qoşulurlar. Onların rəqsi gurultulu alqışlarla qarşılanır. Qazilərin qollarında Şuşanın Xarıbülbülü, Həkərinin sərin sularının şırıltısı, Kirs dağının dumanı başını dik tutub “Qoçəli” havasına oynayırdı. Qazilərimizin məğrur rəqsində nə yox idi ki; Araz çayının güzgü baxışları, şəhid Xudayarın “Vətən yaxşıdır” təsnifinə söykənən Kirs dağının rahat nəfəs alıb verməsi, Kəlbəcərin ağaran alaçıqlarında qantəpər, qaymaqçiçəyi qoxuları... Biz sözlə, Vətənin daşı, torpağı, qayası da Azərbaycan qazisinin oynaq addımlarına əl çalırdı.
Üçüncü epizod: (Hərbi Qənimətlər Parkı): Qazilər, döyüşçülər, Birinci və İkinci Qarabağ savaşının iştirakçılarının – xələflərin və sələflərin görüşü... Sələflərin xələflərə təbəssümlü təşəkkürləri... Hər kəs müzəffər ordumuzun şanlı nəfərləri ilə foto çəkdirərək onlara təşəkkür edirdi. Hər kəs Hərbi Qənimətlər Parkının önündə izdiham yaratmaqla Vətən sevgisini göstərməyə çalışırdı. Oynayana bax, deyib-gülənə bax... Arada sevinc nidaları Hərbi Qənimətlər Parkından İrəvana da mesaj göndərirdi: “Cəbrayıla yol çəkirdin, bəs nooldu Paşinyan?”... Sonra da gülürdülər. Hamı gülürdü. Bu gülüş işğalın nəbzinin dayanması münasibəti ilə içdən vulkan kimi qaynayan bir şaqqanaq gülüşü idi...
Dördüncü epizod: (8 Noyabr prospekti boyunca): Azyaşlı uşaqlar Azərbaycanın Dövlət Himnini oxuyurlar: “Azəybaycan! Azəybaycaan!” Onların ürəkdən oxuduqları bu zəfər himnində vətənpərvərlik hisslərinin necə dil açdığını, kövrək addımlarla yeridiyini, böyüdüyünü görürdük. Hələ azyaşlı bir məktəblinin uzaqdan bir qazinin üzərinə qaçıb onun yolunu kəsməyini demirəm. Təxminən 7-8 yaşlarındakı həmin qızcığaz qazinin qarşısını kəsir və ona təzəcə əzbərlədiyi şeiri deyir. Bəlkə də Azərbaycan adlı ölkə bu şeirlə bir kərpic də böyüdü, üç bənd şeirin boyu boyda daha da yüksəldi.
Beşinci epizod: (8 Noyabr prospekti boyunca): Avtomobillərin zəfər yürüşü... Avtomobillər sanki zəfər çiçəkləyirdi. Azərbaycan-Türkiyə-Pakistan bayraqlarına bəzənən bu bayraqları bir amal birləşdirirdi: Həqiqətin qələbəsi! Maşınların siqnalları sanki Zəfər zəngi idi, adamı əsəbləşdirmirdi, sanki müjdələyirdi, təbrik edirdi.
Altıncı epizod: (Bəxtiyar Vahabzadə küçəsi): Xüsusi təyinatlı gənclər (XTG) yürüşə hazırlaşırdı. Bu həm anım, həm Zəfər, həm ehtiram, həm də gələcəyin əmin addımlarının yürüşü idi. Bir sözlə, yürüşün adı da elə xüsusi təyinatlı missiya olaraq qoyulmuşdu. Hərbi forma geyinən gənc qızlar və oğlanlar Azərbaycanın 8 Noyabr zəfərindən sonra informasiya savaşında yenə də döyüşdüklərini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdıqlarını, bundan sonra da həmin missiyanı davam etdirəcəklərini söylədilər.
Yeddinci epizod: (Zəfər fatehləri): Qazilərimizlə söhbətləşdik. Şuşa zəfərini elə Şuşada qeyd edən qazilərimizin ayağının tozunu bu dəfə noyabrın 8-də işıldayan günəşin özü öpürdü. Onlar fəxrlə danışırlar, qələbənin hansı yollardan, zirvələrdən, dolaylardan keçilərək qazanıldığını jurnalistlərə danışırlar. Aydın olur ki, sən demə, bir il əvvəl Azərbaycan Ordusunun və müzəffər xalqımızın bütün saatları, ürəklərinin nəbzləri də Şuşaya işləyirmiş... Qazilərimiz söyləyir ki, ötən ilin noyabrın 8-də 30 illik işğalın nəbzi əbədi dayandı...
Səkkizinci və sonuncu epizod: (Dilarə Əliyeva küçəsi) Əllərində övladlarının fotoları olan şəhid analarının gözlərindəki kədər qarışıq Zəfər sevincinin bir adı var idi: Şəhid analarının xalqımızın alın yazısının ən şərəfli səhifəsi olan 8 noyabr Zəfər Gününün alnından öpdüyünü gördük... Şəhid anaları bu alın yazısını öz məğrur addımları, ötkəm baxışları və dik duruşları ilə öpürdülər. Bir sözlə, bu gün şanlı və zəhmli Dəmir yumruğumuzun düyünləndiyi yerdə zəfər çiçəkləri açmışdı. Bu gün dəmir yumruğumuz gülümsəyirdi. Bu gün zəfər addımlarımız yeni zəfər salnaməsi yazırdı: Üzü Zəngəzura, İrəvana doğru...
Bu gün Azərbaycanın yanaqlarından gülüş və təbəssüm damır. Bu gün Vətənimizin gözlərindəki 200 illik yas sökülür. Bu gün tanrının küləyi də şanlı bayrağımızın başına qol qaldırıb oynaya-oynaya dolanır. Şuşada payız çiçəkləri bülbülü çağırır ki, gəl, nəğmənlə bu xoş günümüzün şəklini çək... Dan yeri də bu səhər başından toran örpəyini daha tez açmışdı. Hamısı Zəfər Günümüzün, qələbəmizin şərəfinə idi...
8 Noyabr! Bu gün Ali Baş Komandan Şuşada Zəfər Gününü qəhrəman əsgər və zabitlərimizlə qeyd etdi. Bu ismarışın arxasında bir gerçək yatır: Hazırda təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının saatları Şuşaya, Zəngilana, hətta Zəngəzura işləyir... Elə bu məqamda içimdən bu zəfər misraları süzülür:
Döyür qapıları gözaydınlığı,
Əsgər çəkməsində ağ palçıq gülür.
Dua badələri deyir sağlığı,
Şuşada ağaran alaçıq gülür...
Tural Turan
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO