Bakıda "pələnglər" yoxa çıxdı - REPORTAJ (FOTO)
Bizi izləyin

Sosial

Bakıda "pələnglər" yoxa çıxdı - REPORTAJ (FOTO)

- Salam. Qar suveniri neçəyədir?

- 10 manata.

- Burdan seçək, gördüyümüz yerdən daha aşağı alarıq.

Xanım müştərilərin yarmarkadan seçdiklərini daha ucuz qiymətə aldıqları məkanlardan xəbərdar deyilik, ancaq bu gün hər kəs “qiymət münasibdir” deyə paytaxtda metro stansiyaların çıxışında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan bayram çadırlarına üz tutur.

Biz də həm qiymətləri, həm də insanların bayrama necə hazırlaşdıqlarını öyrənmək üçün bayram yarmarkalarından bir neçəsinə baş çəkdik və vəziyyətlə tanış olduq.

2022-ci ilin gəlişinə artıq sayılı günlər qalıb və bütün dünyada olduğu kimi paytaxt Bakıda da insanlar Yeni ilin gəlişini səbirsizliklə gözləyir, bayrama hazırlıq işləri görürlər. Sakinlər daha çox yarmarkalardan bayramın əsas atributları sayılan yeni il yolkalarını (şam ağacları), Şaxta baba, Qar qız fiqurlarını, müxtəlif oyuncaqları, bəzək əşyalarını, suvenirləri alırlar.

Əvvəlcə yolumuzu “Gənclik” metro stansiyasının çıxışındakı bayram çadırından salırıq. Burada yolkalar, suvenirlər, yolka bəzəkləri, müxtəlif bayram aksesuarları, uşaqlar üçün hədiyyə paketləri və digər bayram məhsulları satışa çıxardılıb. Burada alıcı bolluğunu kənardan da hiss etmək olar.

Satıcı Şahlar Yusubov deyir ki, hazırda bayram çadırında satışda olan məhsullarda bahalaşma yoxdur. Ancaq növbəti ilə qiymətlər xeyli artacaq: “Hazırda gətirdiyimiz mallar ötən illərdən qalıb. Yəni məhsulların ödənişini bahalaşma olmadan əvvəl edib almışıq. Ona görə də qiyməti qaldırmamışıq, hətta endirim də edirik ki, məhsullarımız gələn ilə qalmasın”.

Bayram çadırının ölçüsünün kiçik olması içəridə sıxlıq da yaradır. Amma buna baxmayaraq müştərilərə xidmət edən əlavə 3-4 satıcı da gözə dəyir. Buraya üz tutanlar arasında həqiqi alıcılar da var, sadəcə qiymətlərlə maraqlanıb, baxanlar da.

Ş.Yusubov bildirir ki, bəzən insanlar burada gördükləri məhsulların qiymətinin yüksək olduğunu düşünüb fərdi şəkildə satış aparılan başqa yerlərə üz tuturlar: “Düzdür, orda bir qədər ucuz olur. Amma biz yerpulu da ödəyirik və digər xərclər də olur. Ona görə də 5-10 qəpik üstünə qoyub satmalıyıq. Mən də evimdəki məhsulları yarmarkaya çıxarmasaydım, özüm fərdi şəkildə daha ucuz qiymətə satacaqdım ki, məhsulum gələn ilə qalmasın. Hətta bir çox məhsullara endirim də edirik, çünki bayrama da az vaxt qalıb”.

Yarmarkada ən çox maska, suvenir və oyuncaqların qiymətində endirim edildiyinin şahidi olduq. Satışdakı yolkaların qiymətində isə, onun bəzəklərini və digər yeni il aksesuarlarını aldıqda endirim edilir. Satıcılar bildirirlər ki, yolkaların qiyməti ölçüsünə və keyfiyyətinə görə dəyişir.

Yarmarkada ən ucuz yolka 6 manatadır (ölçüsü 60 sm). Ən bahalı dekorativ şam ağacları isə 300-350 manata müştərilərə təklif olunur. Orta qiymət isə 40-65 manat arasında dəyişir.

Bayram yolkalarının gözəl görünməsi üçün istifadə olunan bəzəklərin qiymətləri isə müxtəlifdir. Şaxta baba oyuncaqları 3-70 manat, Yeni il şarları 20 qəpik -1 manat, suvenirlər 3-35 manat, zərlər qalınlığından və ölçüsündən asılı olaraq 1-3 manat, müxtəlif rəngli işıqlar 5-30 manatdır. Yolka bəzəklərinin kiçik ölçüdə olanlarının 6 ədədi 1,80 manata, böyüklərinin ədədi isə 2-3 manata, ən bahalısı 6 ədədi 20-25 manata satılır. Zənglər isə 25 manata müştərilərə təklif olunsa da, bu məhsulda 10 manat endirim edilir. Səbəb isə daha az maraq göstərilməsidir. Əgər çələng almaq istəsəniz, 20-30 manata qədər pul xərcləməli olacaqsız. Boş hədiyyə qutularını alıb özü içini doldurmaq istəyənlər isə 0.60-2 manatlıq qutuları seçə bilərlər.

Gözümüzə az görünən isə nədənsə, Pələng ili olan 2022-ci ilin əsas atributu pələng oyuncaqları və suvenirləridir. Alıcıların bu fiqurlara olan marağını nəzərə alsaq, onların satışda az olması və ya heç olmaması suallar yaradır. Şahlar Yusubov deyir ki, bu sarıdan bu il qıtlıq yaşanaır: “Gətirmişdik, tez də bitdi. Pandemiya səbəbindən bu il demək olar ki, məhsul gətirmək mümkün olmadı. Məhsullarımız isə əsasən Çindən gəlir. Keçən il isə çoxlu öküz fiqurları gətirdik, satılmadı, əlimizdə qaldı. Bu il isə pələng tapa bilmirik. İnsanlar hamısı gəlir, bu oyuncaqlarla maraqlanırlar. Ancaq kiçik ölçüdə olan pələng fiqurları qiymətinə görə çox tez satıldı, böyüklər isə 70-130 manat olduğu üçün maraq azdır”.

Alıcılar isə bildirirlər ki, qiymətlər aşağı olsa, onlar üçün daha münasib olar. Çünki Yeni il atributları təkcə yolka ilə bitmir, onun bəzəkləri və digər məhsullar daha baha başa gəlir. Ancaq onu da etiraf edirlər ki, yarmarkalarda təklif olunan qiymətlər mağazalara nisbətdə xeyli ucuzdur.

“Nəriman Nərimanov” metro stansiyasının ətrafında da üç bayram çadırı quraşdırılıb. Burada da qiymətlər demək olar ki, əvvəlki məkanla eynidir. Ancaq bəzi məhsulların qiymətində artım var. Satıcı Şahmar Ağayevin sözlərinə görə, 5 manatlıq suvenirlər bu il 7 manata müştərilərə satılır:

“Bütün məhsullarda artım yoxdur, bəzilərində isə var. Bununla yanaşı, ucuzlaşanlar da var. 2021-ci il öküz ili idi, ona aid bütün fiqrular satılmadı. Ona görə də 2022-ci ilin atributları gətirilmir. Gətirilənlər isə çox azdır. Ümid edirik yaxın günlərdə gələr. Balaca pələng fiqurlarını 10-11 manata, böyükləri isə 70 manata satırıq”.

Müştərilər isə burada qiymətlərin yüksək olmasından şikayətlənirlər. Onlar bildirirlər ki, yolka bəzəklərində, xüsusilə də rəngli işıqların qiymətində artım ciddi hiss olunur. Buna görə də alıcıların seçimi daha çox ucuz məhsullar olur.

Qeyd edək ki, hər il paytaxtda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə metro stansiyalarının yaxınlığında bayram yarmarkaları təşkil olunur. Ötən il isə pandemiya səbəbidən bu yarmarkalar təşkil edilməmişdi.

Akqabay Mıradov

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm