“Şəhid övladları üçün təqaüd proqramına start vermişik" - “Azərlotereya”nın rəhbəri ilə MÜSAHİBƏ
Bizi izləyin

Sosial

“Şəhid övladları üçün təqaüd proqramına start vermişik" - “Azərlotereya”nın rəhbəri ilə MÜSAHİBƏ

Publika.az xəbər verir ki, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri cənab Zafer Reisoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zafer bəy, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyətə başlayandan sonra “Azərlotereya”da hansı yeniliklər və dəyişikliklər baş verib?

- “Azərlotereya” ASC keçən ilin avqustundan Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib. Ötən dövr ərzində “Azərlotereya”nın fəaliyyəti yenidən təşkil olunub, yeni iş imkanları yaradılıb, lotereyaların uduş fondları artırılıb, satış şəbəkələri genişləndirilib, “qara bazar”la mübarizə tədbirləri gücləndirilib.

“Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin lotereya oyunları sektorundakı yeni beynəlxalq oyun texnologiyalarını və sektorda qazandığı təcrübəni Azərbaycanda tətbiq edərək bu işdə xaricdən mütəxəssislər cəlb etdik.

Azərbaycan bazarına yeni ani lotereyalar çıxardıq. “Qızıl”, “Şans ulduzu”, “Brilliant” ani lotereyaları satışa buraxıldı. Sonradan bu seriyanı davam etdirərək “5X”, “40 000 000 Pul yağışı”, “Uğurlu 7”, “10X” və “Zümrüd”ün satışını təşkil etdik. Ani lotereyalarda milyonlarla uduşların qazanılması cəmiyyətdə də xoş qarşılandı.

Tirajlı lotereyalarda da dəyişikliklər oldu. “Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” lotereyasının oyun qaydası dəyişdirilərək “Meqa 5/36” oldu. Ölkəyə 1 000 000 manat uduş imkanı yaradan “Super keno” oyununu gətirdik.

Bununla yanaşı, “Azərlotereya”nın tirajlı lotereyalar verilişinin yayımlandığı televiziya kanalını başqası ilə əvəzlədik. Verilişin studiyasını yeniləyərək müasir avadanlıqlarla təmin etdik. Lotereya sahəsində ən son texnoloji yenilikləri ilə tanınan Dünya Lotereya Assosiasiyasının üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən lototronlar aldıq.

Bu istiqamətdə dünya təcrübəsini daim izləyir, yeni layihələr üzərində çalışmağa davam edirik.

- Türkiyə ilə Azərbaycanın şans oyunları bazarını müqayisə etsək, nə kimi oxşar və fərqli cəhətləri qeyd edərdiniz?

- Hər iki ölkədə mentaliteti bir-birinə çox yaxın olduğundan deyə bilərəm ki, insanlar arasında da şans oyunlarına münasibət eynilik təşkil edir. Bu baxımdan Azərbaycanda öz vətənimizdəki kimi hiss edirik. Yerli əhalinin istəkləri ilə daim maraqlanır, onların marağını təmin edə bildiyimizi düşünürük.

Təbii ki, Türkiyə bazarı daha böyük miqyası əhatə edir. Orada qazandığımız təcrübəni burada da qanun çərçivəsində, beynəlxalq standartlara uyğun şəkildə tətbiq edirik.

- Son zamanlar “Azərlotereya”nın “Poz Qazan” lotereyasına artan marağı nə ilə əlaqələndirərdiniz? “Poz Qazan”ın bu qədər populyar olmasının səbəbini necə izah edərdiniz?

- Aparılan müşahidələr onu göstərir ki, bu sahədə idarəetmənin beynəlxalq standartlara uyğun aparılması, şans oyunlarının dünya təcrübəsinə malik mütəxəssislərlə birlikdə hazırlanması, oyunların çeşidinin, ümumi uduş fondunun və uduş imkanlarının artırılması lotereya oyunlarına populyarlıq qazandırıb.

Həmçinin böyük uduşlara sahib olan qalibləri görənlərdə lotereya oyunlarının şəffaf keçirilməsinə əminlik yaranır, inam hissini artırır. Bu niyyətlə düşünülə bilər ki, Azərbaycanda lotereya oyunlarına böyük maraq var. Təbii ki, insanları lotereya biletlərini almağa sövq edən müxtəlif səbəblər də ola bilər. Bura sosial-psixoloji amilləri də aid edə bilərik. Bu, nəinki bizim ölkədə, dünya təcrübəsində də belədir.

Ani lotereyaların geniş yayılma səbəbi isə adından da göründüyü kimi ani-yerində uduş şansı verməsi ilə əlaqəlidir.

- Rəhbərliyiniz dönəmində “Azərlotereya”nın qarşıya qoyduğu əsas məqsəd nədir və buna nə dərəcədə nail olmusunuz?

- “Azərlotereya” ASC fəaliyyəti ilə ölkə iqtisadiyyatında önəmli rola malikdir. Şirkətin fəaliyyətinin yenidən təşkil olunması ilə əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanan yeni iş imkanlarının yaradılmasına vəsilə olduğumuz üçün çox məmnunuq.

Qanun qarşısında hesabatlı şirkət olaraq hər zaman əsas amalımız lotereya oyunlarının qanun çərçivəsində, şəffaf keçirilməsini təmin etməkdir. Çox sevinirik ki, bu günə qədər gördüyümüz işlərlə qoyduğumuz məqsədə nail ola bilmişik. İstəyimiz qeyri-neft sektoru sahəsi olaraq ölkə iqtisadiyyatına daha böyük töhfə verməkdir.

Həmçinin vurğulayım ki, şirkətimizin fəaliyyəti beynəlxalq standartlara əsaslanır. “Azərlotereya” ASC Dünya Lotereya Assosiasiyası (WLA), eləcə də Avropa Dövlət Lotereyalar və Toto Assosiasiyasının (The European State Lotteries and Toto Association) üzvüdür. “Azərlotereya” ASC-nin fəaliyyəti hər zaman beynəlxalq standartlara əsaslanır. Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan şirkətimizin fəaliyyəti Dünya Lotereya Assosiasiyasının meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfi deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Əməkdaşlıq etdiyimiz "Scientific Games" lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Bizim bütün ani lotereya biletlərimiz Böyük Britaniyada "Scientific Games" şirkətində dizayn və çap edilir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində də "Scientific Games" kimi Dünya Lotereya Assosiasiyasının (WLA) üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir.

Fəaliyyətimiz boyunca insan kapitalına önəm verən sosial layihələrin həyata keçirilməsində də yaxından iştirak edirik. Korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin tərəfdaşı olaraq, həmçinin baş sponsor kimi qatılaraq dəstəyimizi göstəririk. Bu istiqamətdə sağlam həyat tərzini təbliğ etmək və idmanın inkişafına yönələn “Bakı Marafonu-2022” və jurnalistlər arasında təşkil olunan “Şahmat turniri”ni, eləcə də Azərbaycanda marketinq sahəsinin inkişafına dəstək məqsədilə təşkil edilən “Milli Marketinq Forumu-2022”ni misal çəkə bilərik.

Bunlardan əlavə, “Azərlotereya” ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün təqaüd proqramına start verib. Şəhid övladlarının parlaq gələcəyi naminə onları təqaüdlə təmin edirik. Proqram Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərclərinin qarşılanmasını nəzərdə tutur.

Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir.

Belə sosial əhəmiyyətli layihələrə gələcəkdə də davam edəcəyik.

- Qanunla bu cür oyunlar necə tənzimlənir? İstənilən uduşda vergi tutulur. Burada vergi tutulması olurmu?

- Lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilmiş qaydalar, habelə “Azərlotereya” ASC-nin daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir.

“Lotereyalar haqqında” qanunun 3-cü maddəsinə uyğun olaraq, dövlət normativ-hüquqi aktlar qəbul etməklə, lotereyaların qeydiyyatını aparmaqla, “Azərlotereya” ASC-dən keçirilən lotereyalarla bağlı hesabatları toplayıb təhlil etməklə və sair üsullarla dövlət tənzimlənməsini həyata keçirir.

Təbii ki, lotereyalardan əldə edilən uduşlar vergiyə cəlb edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan iştirakla bağlı ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Yəni, 500 manatadək olan uduşlar gəlir vergisindən azaddır.

- Böyük uduşlar necə qazanılır?

- Demək olar ki, hər gün böyük uduşların qazanılmasına şahid oluruq. Bizim rəsmi saytımıza və sosial media səhifələrimizə baxsanız, görərsiniz ki, biz mütəmadi olaraq qazanılan böyük uduşlarla bağlı məlumat veririk.

Qurum olaraq şəffaflığın təmin edilməsi naminə hər zaman qaliblərin adlarının açıqlanmasının tərəfdarıyıq və onlara adlarını açıqlamalarını icazə vermələri üçün daim müraciət edirik. Lotereyada udan şəxslərin razılığı olduğu halda onların adları açıqlanır, şəkilləri yerləşdirilir, onlar haqqında videoreportaj hazırlayır, uduşları göstəririk. Lakin qalib şəxsin kimliyinin bilinməsi məsələsi qanunvericiliklə tənzimlənir.

“Lotereyalar haqqında” qanuna əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan onun adı açıqlana bilməz. Bu tələb qanunun 8-1.2-ci maddəsində öz əksini tapmışdır. Kimsə icazə vermirsə, onun adını açıqlamağa, foto və video görüntüsünü yaymağa ixtiyarımız yoxdur. Beynəlxalq təcrübəyə əsasən də qalib şəxs kimliyinin açıqlanması və ya gizlədilməsi ilə bağlı qərarı özü verir.

Adlarının açıqlanmasına razılıq verənlər də var. Məsələn,qaliblərdən Füzulidə "40.000.000 Pul Yağışı" ani lotereyasında böyük uduş – 200.000 manata sahib olan Ərşad Əliyev, eyni məbləğdə böyük uduşu qazanan Ağcabədi rayon sakini Cahandar Süleymanov, "Brilliant -3" ani lotereya biletində böyük uduş – 100.000 manatı qazanan Şamaxı şəhər sakini Elçin Qədimov, "Uğurlu 7" ani lotereya biletində isə 50.000 manata sahib olan Xırdalan şəhər sakini Həsrət Göyçəyev və digərlərinin adlarını çəkə bilərik.

-Ümumiyyətlə, bu oyunlar qumar sayılırmı?

- Dünyanın hər yerində şans oyunları keçirilir. Bunu qumarla qarışdırmaq olmaz. Qumar oyununun anlayışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsində əksini tapıb. Orada deyilir ki, “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.

Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir. Yəni, qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar və idman mərc oyunları qumar sayılmır.

- Lotereya bileti alarkən nəyə diqqət etmək lazımdır?

- Vətəndaşlar biletləri yalnız “Misli” və lotereya satış nöqtələrində satıcılardan əldə etməlidirlər. Bu işdə alıcılar diqqətli olmalı, bilet əldə edərkən onun hər hansı bir hissəsinin daha öncə pozulub-pozulmadığından əmin olmalıdırlar.

Bununla bağlı “Azərlotereya” iştirakçılarını dünya standartları əsasında hazırlanmış “Məsuliyyətlə oyna!” konsepsiyası ilə tanış olmağa dəvət edir. Bu məqsədlə şirkətin rəsmi saytında “Məsuliyyətlə oyna!” adlı xüsusi bölmə yaradılıb. Burada şans oyunları iştirakçılarına ünvanlanmış müəyyən gözləntilər və tövsiyələr mövcuddur.

Şirkətimiz məsuliyyətli oyun standartlarının önəmini xatırladaraq şans oyunlarında əsas məqsədin pul qazanmaq deyil, əylənmək olduğunu vurğulayır. “Məsuliyyətlə oyna!”nın əsas prinsiplərindən biri intizamlı olmaqdır. Şans oyunlarına başlamadan öncə oyun şərtləri və əmsallarla tanış olmaq mütləqdir.

“Məsuliyyətlə oyna!” konsepsiyası çərçivəsində daha çox qazanmaq üçün daha çox oynamamağı tövsiyə edirik. Oyun zamanı büdcəyə və vaxta nəzarət etmək məsləhət görülür. Konsepsiyaya əsasən beynəlxalq təcrübə və qanunvericilikdən doğan çox vacib prinsip şans oyunlarının iştirakçılarının mütləq yetkinlik yaşına çatmış şəxslər olmasıdır. Qanuna görə şans oyunlarında yalnız 18 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

- Ölkə üzrə necə təmsil olunursunuz?

-Ani lotereya biletlərinin satışı bütün ölkə üzrə “Azərlotereya”ASC-nin rəsmi distribütor və dilerləri, eləcə də “Azərpoçt” MMC-nin filialları vasitəsilə həyata keçirilir. Satış şəbəkələri ilə əməkdaşlığımız daha da genişlənir.

Bilet satışı, həmçinin Azərbaycanın rəsmi idman mərc oyunlarının operatoru olan “Misli” məntəqələrində təşkil edilir. Hazırda ölkə üzrə 170-ə yaxın “Misli” məntəqəsi fəaliyyət göstərir. İlin sonunadək belə məntəqələrin sayının artırılması nəzərdə tutulur.

Satış nöqtələrinin ünvanları ilə “Azərlotereya”ASC-nin rəsmi saytından (https://azerlotereya.com/) tanış ola bilərsiniz.

- Oyunların təşkilində dünya təcrübəsi necə tətbiq edilir?

- “Azərlotereya” fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanır. Bununla bağlı biz qlobal lotereya sənayesində önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edirik. Lotereyaların təşkilində yüksək texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti oyun proqramlaşdırılması, məhsulun idarə edilməsi, şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərdə çox həssasdır. Bizim biletlərimizin hazırlanmasında da "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bütün ani lotereya biletlərimiz Böyük Britaniyada "Scientific Games" şirkətində dizayn və çap edilir. Həmçinin tirajlı lotereya oyunlarının keçirilməsində də "Scientific Games" kimi Dünya Lotereya Assosiasiyasının (WLA) üzvü olan Fransanın “Akanis Technologies” şirkətindən alınmış müasir avadanlıqlarından istifadə edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm