Səfər Mehdiyevin “qara kassası” olan general kimdir?
Bizi izləyin

Sosial

Səfər Mehdiyevin “qara kassası” olan general kimdir?

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla yüksək vəzifəli şəxslərin həbsindən sonra bu quruma yaxşı bələd olan Şahin Bağırovun sədr səlahiyyətlərini icra edən şəxs kimi geri qaytarılması sabiq sədrin fəaliyyətinin ciddi araşdırılması ilə də müşayiət olunur. Mediada yayılan iddialara görə, Maliyyə Nazirliyi 2018-2022-ci illəri əhatə edən irimiqyaslı yoxlamalara başlayıb, eyni zamanda Səfər Mehdiyevin ölkədən çıxışına da qadağa qoyulub.

Publika.az xəbər verir ki, S.Mehdiyevin “qara kassası” hazırda sədrin birinci müavini vəzifələrini yerinə yetirən İsmayıl Hüseynovdur və indi bütün diqqət də onun üzərində cəmləşib. Bu iddianın yaranması isə qətiyyən təsadüfi deyil.

Belə ki, 1974-cü ildə anadan olan İ.Hüseynov hələ tələbə ikən (o, 1991-1996-ci illərdə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsində təhsil alıb), 1995-ci ildə gömrük orqanlarında xidmətə başlayıb.

Onun yüksək vəzifəyə təyin edilməsi isə birbaşa Səfər Mehdiyevlə bağlıdır. Belə ki, 23 aprel 2018-ci ildə DGK-nin sədri təyin edilən Səfər Mehdiyev dərhal ən yaxın adamı sayılan İsmayıl Hüseynovun birinci müavin təyin edilməsi üçün təqdimat verir və iki aydan sonra, 25 iyunda İ.Hüseynovun DGK-də özündən sonra səlahiyyətli şəxs olmasına nail olur. İ.Hüseynovun birinci müavin təyinatına nail olandan dərhal sonra isə S.Mehdiyev indi sədr səlahiyyətlərini icra edən, o vaxt isə sədr müavini olan Şahin Bağırovu vəzifədən azad edilməsi ilə bağlı təqdimat yazır. Beləliklə, İ.Hüseynov birinci müavin təyin ediləndən bir neçə gün sonra, iyul ayında Şahin Bağırov nəinki sədr müavini vəzifəsindən azad edilir, ümumiyyətlə, gömrük orqanlarından xaric olunur.

4 il müddətində İ.Hüseynov S.Mehdiyevə sadiqliyini nümayiş etdirib və bunun sayəsində bir sıra ciddi problemlərdən xilas olmağı bacarıb.

Belə ki, İ.Hüseynovla bağlı ən ciddi qalmaqal 2020-ci ildə baş verib. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) casusluqda şübhəli bilərək saxladığı və məhkəmə qərarı ilə həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının işi ilə bağlı İsmayıl Hüseynovun adı hallanmışdı. Həbs edilən Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovun yaxın qohumu olduğu üzə çıxmışdı.

Sfera.az o zaman yazmışdı ki, casusluqda ittiham edilən Abbasquliyeva Lamiyə Elxan qızının dost-doğma qardaşı Emin Hacıyev Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı olub. Maraqlıdır ki, onun burada işə düzəlməsində Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-leytenant İsmayıl Hüseynov həlledici rol oynayıb. İsmayıl Hüseynovun bibisioğlu olan Emin Hacıyev də axtarışa verilmişdi. Məlumata görə, Emin Hacıyev 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol vermişdi.

Bu boyda qalmaqala baxmayaraq, İ.Hüseynov vəzifəsini və mövqelərini qorumağı bacarmışdı. Buna isə S.Mehdiyevin sayəsində nail olduğu bildirilir.

Onu da xatırladaq ki, 2020-ci ildə baş verən hadisə İ.Hüseynov haqda ilk qalmaqal deyildi.

(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm