13 yaşlı anaya kim sahib çıxmalıdır? - QANUN bunu deyir
Bizi izləyin

Sosial

13 yaşlı anaya kim sahib çıxmalıdır? - QANUN bunu deyir

Xəbər verdiyimiz kimi, Azərbaycanda 13 yaşlı qız ana olub. Hadisə Sabunçu rayonunda baş verib. Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, qeyd edib ki, qız təcavüzə məruz qalıb. Məlumata görə, qızın atası rəhmətə gedib və o, anası ilə yaşayırmış.

Məsələ ilə bağlı Publika.az-a danışan “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə qızın anasının nəvəsindən və öz qızından imtina etdiyini deyib:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən qızla gedib görüşüb, uşağın vəziyyətini öyrəniblər. Artıq məsələ ilə bağlı istintaq başlayıb. 13 yaşlı qızın anası sarsıntı içərisində qızından və nəvəsindən imtina etdiyini deyir. Bəlkə də bir müddət sonra onda başqa fikir formalaşacaq. Biz də istəyirik ki, qız ailəsinin yanında olsun, çünki onun günahı yoxdur. İstintaq olayı araşdıracaq, bundan sonra hüquqi məsələlər müəyyən olunacaq”.

Birlik sədri 13 yaşında ana olan qızın hüquqlarının müdafiəsinin həmin rayonun ərazisi üzrə İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən müəyyən olunacağını deyib: “Onlar bununla bağlı iş aparmalıdır. Qız hazırda xəstəxanadadır. Hər halda, uşağın qəyyumu anasıdır, onun verəcəyi qərar əsasında qızın sonrakı taleyi formalaşacaq, eləcə də körpədən imtina etmə də nənənin üzərində olacaq”.

Anasının imtina etdiyi 13 yaşlı qızın və körpəsinin hüquqlarının hansı formada müdafiə olunacağı ilə bağlı hüquqşünas Zibeydə Sadıqova bildirib ki, valideynin uşaqdan imtina etmək kimi hüququ yoxdur. Onun sözlərinə görə, əgər qızın valideyni övladı ilə maraqlanmırsa, dövlət onu himayəyə götürəcək:

“13 yaşlı uşağın ana olması faktı ilə bağlı prokurorluq dərhal araşdırma başlatmalıdır, çox güman ki, başladıb. Çünki bu, cinayət əməlidir. Yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət hesab olunur. Cinayət Məcəlləsinin 152-ci maddəsinin (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) 2-ci bəndində qeyd olunur ki, 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə 3 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Prokurorluq və digər hüquq-mühafizə orqanları bu məsələdən məlumatlı olduqları halda dərhal araşdırma başladılır”.

Hüquqşünas vurğulayıb ki, 13 yaşlı qız yetkinlik yaşına çatmayan şəxs olduğu üçün ona qəyyum təyin olunur və dövlətin tam nəzarətinə götürülür. Bundan sonrakı proseslərdə də məhz o qəyyumla birgə hərəkət edilir:

“Təhlükəsizliyini təmin etmək üçün qız sığınacağa yerləşdiriləcək. Hələ araşdırma getməlidir ki, “nə baş verib, necə olub ki, 13 yaşlı qız uşaq dünyaya gətirib, niyə nəzarətsiz qalıb və s.” – bütün bunlar araşdırılacaq. Ananın rolu, hüquq-mühafizə orqanlarına daha əvvəl müraciət olunub-olunmadığı, 13 yaşlı qızın kimdən hamilə qaldığı araşdırılacaq və mütləq ortaya çıxacaq. Məsələ ilə bağlı təfərrüatlı məlumat yoxdur, ona görə də əvvəlcədən detalları demək olmur. Qız çox güman ki, 12 yaşında hamilə qalıb. O, evdə hamiləliyi necə keçirib və s. bütün bunlar araşdırılmalıdır. Bütün hallarda bu, cinayət əməlidir və uşaqla cinsi əlaqədə olan şəxs (və ya ona təcavüz edən şəxs ki, bu da araşdırma gedişatında müəyyən olunacaq) barəsində cinayət işi başlanacaq”.

Körpənin taleyi ilə bağlı Z.Sadıqova əlavə edib ki, o da avtomatik dövlətin nəzarətinə veriləcək:

“Çünki ana özü də uşaqdır, 13 yaşı var... Buna görə də çox güman ki, körpə dövlətin himayəsinə keçəcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, 13 yaşlı qızın ana olması barədə yayılan məlumatla əlaqədar komitə dərhal aidiyyəti qurumlara müraciət edib:

“Həmçinin Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib. Azyaşlı ananın və yenidoğulmuş körpənin sonrakı taleyi ilə bağlı məslələlər Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirilib ki, hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm