Duru yağların qiyməti niyə durmadan artır? - SƏBƏBLƏR
Bizi izləyin

Sosial

Duru yağların qiyməti niyə durmadan artır? - SƏBƏBLƏR

Hazırda mağazalarda duru yağ əvvəlki qiymətlə müqayisədə xeyli baha satılır. Qiymət artımı son bir neçə ayda daha çox hiss olunur. Marketlərdə apardığımız müşahidələr göstərir ki, əvvəllər bu məhsul ayda 5-10 qəpik bahalaşırdısa, indi 2-3, hətta 3-5 manat qiymət artımı var. Bu, yerli yağlarla yanaşı, xaricdən idxal olunanlarda da özünü göstərir.

Duru yağların qiymətinin kəskin bahalaşması nə ilə əlaqədardır? Qiymət artımı nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, duru yağların qiymətinin kəskin artması dünyada inflyasiyanın sürətlə yüksəlməsi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda idxaldan asılılığın yuxarı olması inflyasiyanı sürətləndirən əsas amillərdən biridir:

“Yerli istehsalın məhdudluğu, eyni zamanda süni qiymət artımına imkan verən şəraitin mövcudluğu nəticədə inflyasiyanı daha yuxarı səviyyəyə qaldırır. Son 20 ilin inflyasiya göstəricilərini ərzaq məhsulları üzrə təhlil etsək görərik ki, əksər hallarda ən çox inflyasiyaya məruz qalan əmtəə məhsullarıdır. Ərzaq malları arasında isə daha çox duru yağlardır. Bu gün də sözügedən məhsulun inflyasiyaya məruz qalmasını görməkdəyik. Hazırda orta illik inflyasiya təxminən 13 faiz qiymətləndirilirsə, bu rəqəm duru yağda tamamilə fərqlidir. Hazırda bu məhsulda 50-70 faiz, bəzilərində isə 80-90 faiz artım mövcuddur. Buna görə də biz mağazalarda ərzaq məhsullarının qiymətini daha baha görürük, ümumi orta illik statistikada isə aşağı faiz göstərilir. İnflyasiyaya daha çox gündəlik istifadə etdiyimiz ərzaq məhsulları məruz qalır. Amma statistikada tanımadığımız, ildə bir dəfə istifadə etdiyimiz məhsulların belə adı var. Nəticədə orta statistika aşağı alınır”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov hesab edir ki, duru yağların qiymətinin artması keyfiyyətinin yüksəldilməsi anlamına gəlmir:

“İdxalın azalması qiymət artımına səbəb olur. Bu artım digər gündəlik tələbat məhsullarında da var və artım davam edəcək. Hesab edirəm ki, duru yağların qiymətinin kəskin artması 2023-cü ildə özünü daha qabarıq göstərəcək. Qiymət artımı yağın keyfiyyətli olması anlamına gəlmir. Məhsulun keyfiyyətini qaldırıb keyfiyyət nişanını alırlarsa, tərkibinə əlavə vasitələr qatılırsa, bu halda qiymət artımı normal qarşılana bilər. Amma hazırda marketlərdə satılan duru yağların tərkibində heç bir dəyişiklik yoxdur. Yəni, yağın keyfiyyəti eyni qalır, qiyməti isə qalxır”.

A.Salamov qiymət artımının qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb:

“Balaşmanın qarşısını almaq üçün çıxış yolu tapmaq lazımdır. İlk olaraq idxaldan asılılıq azaldılmalıdır. Məsələn, qarğıdalı və günəbaxan sahələrini genişləndirmək olar. Düzdür, bəzi ərazilərdə su qıtlığı yaşanır, çaylar quruyur. Amma çalışmaq lazımdır ki, əlavə su mənbələri hesabına münbit torpaq sahələrində qarğıdalı və günəbaxan becərilsin. İşğaldan azad olunan ərazilərimizi buna misal göstərə bilərik. Eyni zamanda bazarda rəqabət də olmalıdır. Bunun üçün fermerlərə daha çox şərait yaradılmalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm