Onlar 3-5 dəqiqə ərzində ölə bilər: Bilməli olduğumuz vacib məqamlar - Video
Bizi izləyin

Sosial

Onlar 3-5 dəqiqə ərzində ölə bilər: Bilməli olduğumuz vacib məqamlar - Video

Qəfil ölüm səbəblərindən biri də nəfəs borusuna yad cismin düşüb, tənəffüsün qarşısını almasıdır. Daha çox uşaqlarda rast gəlinən bu hal böyüklərdə də yemək yeyərkən baş verir. Hər hansı qida qalığı və ya sadəcə yad cisim qida borusuna yox, nəfəs yoluna düşür ki, bu da ölümlə nəticələnir. Misal üçün, dünən Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş vaxtı yemək yediyi zaman nəfəs borusuna qida düşməsi nəticəsində vəfat edib. Təcili tibbi yardım gəlsə də, artıq onu həyata qaytarmaq mümkün olmayıb.

Belə hallarda ətrafdakılar boğulana yardım üçün su verir, kimsə barmağı ilə çıxarmağa çalışır, kürəyinə döyəcləyir, amma bütün bunlar effektsiz ola bilər.

Bəs dəqiqələr içində boğulmağa başlayan insanın təcili yardım gələnə kimi həyatını itirməməsi üçün nə etmək lazımdır?

Mövzu ilə Publika.az-a danışan həkim otolarinqoloq Sadiq Rzayev nəfəs borusuna düşmüş yad cismi çıxarmaq üçün xüsusi “Heymlix manevri”ndən yararlanmağı tövsiyə edib.

Nəfəs borusuna düşmüş yad cismi çıxarmağın 3 üsulu

“Bu üsul haqda internetdə çoxlu məlumat var və icra olunması çox da çətin olmayan manevrdir, istənilən insan bunu asanlıqla öyrənə bilər. Xüsusilə mühafizədə çalışan, kiçik uşaqlarla işləyən insanların bunu öyrənməsi çox yaxşı olar. Çünki bu, sıx rast gəlinən patologiyadır. “Heymlix manevri”nin öyüklərdə icra olunması üçün döş sümüyünün altından iki əllə xəstənin arxasına keçərək bir əlini yumruq, digərini açıq saxlayaraq sürətli təkan şəklində sıxmaq lazımdır. Bu zaman əksər hallarda nəfəs borusuna qaçmış cisim oradan çıxır. Uşaqlarda isə diz üstünə qoyaraq, başı aşağı şəkildə kürəyinə vuraraq bunu icra edirlər”.

Həkim yad cismi nəfəs borusundan çıxarmaq üçün başqa bir üsulu da qeyd edib:

“İlkin tibbi yardım metodlarından biri də “ABC” (Airway, Breathing, and Circulation) - hava yolu, tənəffüs və qan dövranı ardıcıllığıdır. Öncəliklə xəstəyə baxmaq lazımdır, əgər nəfəs yolunda nəsə varsa onu təmizləməyə çalışmalıyıq. Daha sonra tənəffüsü təmin etmək lazımdır. Əgər xəstə nəfəs almırsa, burunu tutaraq ciyərlərinə nəfəs verilir, ürəyində dayanma varsa, döş sümüyünün üstündən sürətli təkanla ürək masajı icra edilməlidir. “ABC” klassik addımlardır.

Digər bir üsul isə - “Look, Listen, Feel” (bax, qulaq as, hiss et) metodudur. Əgər görsək ki, döş qəfəsində hərəkət yoxdur, o zaman nəbzi yoxlayırıq. Döyüntünü hiss etmiriksə, bu halda ürəyi masaj edirik. Ağızı tutub nəfəs verdikdən sonra ürəyin dolayı masajı olmalıdır. İki əl ilə maksimum dərəcədə sürətli masaj edilməlidir. Qabırğası sınacaqsa belə, bu, edilməlidir. Çünki qabırğanın sınması o qədər də ciddi problem deyil, həmin an önəmli olan ürəyi yenidən işə salmaqdır.

Look (Bax) - Həyati əlamətləri qiymətləndirmək üçün gözlərinizi istifadə edin!

Listen (Dinlə) - Hava axını düzgün qiymətləndirmək üçün qulaqlarınızdan istifadə edin!

Feel (Hiss et) - Ürəyin funksiyasını düzgün qiymətləndirmək üçün barmaqlarınızdan istifadə edin!

Bəs daha çox hansı qidalar nəfəs borusuna qaçır?

S.Rzayevin sözlərinə görə, uşaqlarda daha çox plastik parça, qəpik, və yaxud başqa metal hissələr nəfəs borusuna qaçır: “Bəzən həmin cisimləri burunlarına salırlar ki, oradan da boğaza düşmə ehtimalı var. Böyüklərdə daha çox yemək yeyən zaman hansısa qida parçası nəfəs borusuna qaça bilir. Tənəffüs yoluna su düşərsə, həmin insanın ölməsi ehtimalı demək olar ki, yoxdur”.

"O şəxslər 3-5 dəqiqə ərzində ölə bilər"

Təcili tibbi yardım həkimi, terapevt-qastroentroloq Aleksandr Xiletski söyləyib ki, əgər nəfəs borusuna yad cisim qaçan şəxsə 3-5 dəqiqə ərzində yetərli yardım göstərilməzsə, ölümlə nəticələnə bilər:

“Belə çağırışlar olsa da, biz xəstəyə tez bir müddətdə çata bilmirik. Çünki əgər insan nəfəs ala bilmirsə, tənəffüs yolu tıxanıbsa, onun həyatda qalması üçün 3-5 dəqiqə vaxt var. Biz də həmin müddət ərzində hadisə yerinə çata bilmirik. Buna görə də əsas məsuliyyət həmin vaxt orada olan insanların üzərinə düşür. Əgər 3-5 dəqiqə keçibsə və xəstə özündə deyilsə, ürəyi masaj edib bədəni özünə qaytarmaq olar. Amma inanmıram ki, beyin fəaliyyətini bərpa etsin. Ya həmin adamda yaddaş pozğunluğu olacaq, ya da komada qalacaq”.

A.Xiletski ilkin tibbi yardımla bağlı əhalinin maarifləndilməsinə daha çox ehtiyac olduğunu qeyd edib:

“Əgər “Heymlix manevri” ilə xəstəni həyata qaytarmaq mümkün deyilsə, o zaman masaja və nəfəs verməyə ehtiyac yaranır. Ancaq biz hələ də o mərhələyə çatmamışıq. Avropa ölkələrində bununla bağlı xüsusi kurslar təşkil olunur. “Basic Life Support” kurslarında belə hallarda necə davranılmalıdır, ilk nəyə diqqət yetirilməlidir və ciddi fəsad olarsa hansı addımlar atılmalıdır və s. öyrədilir. Ona görə də həmin ölkələrdə belə hadisələr olan zaman ətrafdakılar anında müdaxilə edərək şəxsin həyatını xilas edirlər. Ölkəmizdə də bu sahədə daha çox maarifləndirici kursların təşkilinə ehtiyac var. Əksər insanlar ilkin tibbi yardımın göstərilməsi ilə bağlı az məlumata sahibdir. Dövlət tərəfindən qısa kurslar təşkil olunarsa, çox effektiv olar”.

“Heymlix manevri” nədir?

Bu üsul nəfəs borusundan qida və ya digər yad cismin çıxarılması üçün edilən tibbi müdaxilədir. Bu zaman təcili yardıma ehtiyacı olan şəxsin arxasına keçərək əllər yumruq kimi sıxmaq lazımdır. Sonra boğazındakı cismin daha asan çıxması üçün adam bir qədər önə əyilməlidir. Yumruq formasında tutulan əllər ilə qarının yuxarı hissəsi sıxılır. Bu hərəkəti təxminən 8-9 dəfə təkrar etdikdən sonra yad cisim rahatlıqla boğazdan xaric olur.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm