Sosial
Əhaliyə ŞAD XƏBƏR: Maaş və pensiyalar BU QƏDƏR arta bilər
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Dünyadakı iqtisadi böhran fonunda dövlət büdcəsi gəlirlərinin yüksək olmasının ölkəmiz üçün hansı üstünlükləri var? Bu, pensiya və əməkhaqqının artırılmasına necə təsir göstərəcək?
İqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, növbəti ilin büdcəsində daha çox üç istiqamət üzrə büdcə xərclərinin artırılması nəzərdə tutulub:
“20 faizdən yuxarı kənd təsərrüfatı, 24 faizdən yuxarı ərzaq təhlükəsizliyinin təmin olunması, 20 faiz isə əsasən müavinətlər və sosial ödənişlərin artırılması nəzərdə tutulub. Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manatın xərclənməsi nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. Növbəti ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. Büdcə layihəsindən aydın olur ki, 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri cari illə müqayisədə 5,6 faiz. faiz çoxdur”.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır. Bu isə 2022-ci illə müqayisədə 1 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
E.Kərimli hesab edir ki, dövlət büdcəsinin gəlirləri kimi xərclərinin də yüksək olması onu deməyə əsas verir ki, ölkəmizin iqtisadi inkişafı dayanıqlıdır, iqtisadi siyasət uğurla aparılır və sabitlik təmin olunub:
“Bunu bir neçə amilin təsiri ilə izah edə bilərik. Burada daha çox ölkədə aparılan iqtisadi islahatların təsiri mühüm rol oynayıb. Həmçinin, qeyri-neft sektorunun inkişafının da təsirləri var. Cari ilin büdcəsinə nəzərə yetirsək görərik ki, qeyri-neft sektorundan gələn gəlirlər neftdən gələn gəlirləri üstələyib. Burada həm nəqliyyat-logistika imkanlarımızın və tranzit xərclərinin artırılması, həmçinin növbəti illərdə kənd təsərrüfatı məhsullarının artırılması, ixracdan asılılığın azaldılması da əhəmiyyətli rol oynayacaq”.
2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bərabərləşdirilərək 246 manat təşkil edəcək. Bu isə 2022-ci illə müqayisədə 17 faiz və ya 36 manat artım deməkdir. 2022-ci ildə ölkədə yaşayış minimumu 210 manat olub.
İqtisadçı hesab edir ki, cari illə müqayisədə bu rəqəm bu ilin inflyasiya hədlərinə adekvat deyil: “Aparılan təhlillər bizə onu deməyə əsas verir ki, növbəti ildə inflyasiya tempi aşağı düşəcək. Dünya maliyyə qurumlarının analizləri də bahalaşma və inflyasiyanın səngiyəcəyinə işarədir. Bu, növbəti il üçün gəlirlərin qorunmasına və inflyasiyanın təsirlərinin azaldılmasına az da olsa təsir edəcək”.
İqtisadçı Eldəniz Əmirov hesab edir ki, hazırkı məqama görə rəsmi statistikanın ortaya qoyduğu inflyasiya göstəricilərini qarşılamaq üçün 2023-cü ildə artımları müşahidə edə biləcəyik:
“Dövlət büdcəsinin əvvəlki illərlə müqayisədə ortalama hər il həm xərcləri, həm də gəlirləri artır. Bütün hallarda xərclər həmişə gəlirlərdən yuxarı olur, çünki büdcə kəsrlə icra olunur. Bu, təbii haldır. Hazırda da yaşayış minimumunun ehtiyac meyarı səviyyəsinə, yəni 210 manatdan 246 manata çatdırılması 17 faizlik artım deməkdir. Bu da orta illik inflyasiyanı hazırkı məqama görə üstələyir. Amma ərzaqla bağlı göstəricilər fərqlidir. Ərzaq inflyasiyasının göstəricisi yuxarıdır. Amma hazırda gəlirlərin yuxarı səviyyədə göstərilməsi bilavasitə daxilolmalarla bağlıdır. Xərclərin yuxarı səviyyədə göstərilməsi, dövlət xərclərinin, o cümlədən pensiyaların, əməkhaqqının artırılmasına hədəflənmiş göstəricidir. Nə qədər artım olacağı isə zaman məsələsidir. Ola bilər inflyasiya sürətlənsin, indiki nəzərdə tutulandan daha çox artırıla bilər. Yaxud da neftin qiymətində kəsin eniş ola, büdcənin icrasında problem yaşana, fərqli yanaşma ola bilər”.
İqtisadçı Xalid Kərimli büdcə gəlirlərinin çox olmasının minumum pensiya və əməkhaqqının artırılmasına təsir göstərəcəyini söyləyib:
“Hökumət büdcəni artırması çox yaxşıdır və bu, dövlətin gücünü göstərir. Burada həm də enerji bazarında baş verən müsbət proseslər də öz əksini tapıb. Ölkənin əsas gəlirləri enerji sektorundan gələn vergilər əsasında formalaşır. Dünyada baş verən proseslər, enerjinin pandemiyadan sonra uzunmüddətli qalması imkan verir ki, hökumət Neft Fondundan daha cəsarətli resursları götürə bilsin və eyni zamanda enerji sektorunda qazanc çox olduğu üçün ödənilən vergilər də çox gəlsin. Yəni buna dünya bazarı ilə əlaqədar formalaşan imkanlar da müsbət təsir göstərir. Cari xərclərə baxanda görürük ki, ötən il ilə müqayisədə artım planlaşdırılır. Nəzərə alsaq ki, Azərbaycanda bütün pensiyalar illik orta aylıq əməkhaqqının artımına indeksləşdirilir. Buna görə də demək olar ki, Azərbaycanda növbəti ildən pensiyalar 14-15 faiz artacaq. Ölkədə 2022-ci ildə yüksək inflyasiya müşahidə olunduğu üçün, eyni zamanda büdcədə sosial və cari xərclərə əlavə resurslar nəzərdə tutulduğuna görə, güman etmək olar ki, hökumət minimum pensiyanın və əməkhaqqının artırılmasına diqqət göstərəcək”.
Ekspert vurğulayıb ki, büdcə gəlirlərinin artımı fonunda pensiya və maaşların da artırılması xüsusilə büdcədən maliyyələşən və əməkhaqqı aşağı olan şəxslərin inflyasiyadan qorunmasına gətirib çıxacaq:
“Ərzaq inflyasiyası çox yüksək səviyyədədir, 22-23 faizi keçir. Təkcə sentyabr ayında ölkə üzrə inflyasiya 3.1 faiz olub ki, bu da son 7 ilin ən yüksək göstəricisidir. İnflyasiyanın son 12 ayda ortalama 15.6 faiz olması, hökumətin gözləntilərinin üzərinə çıxması əhalinin sosial cəhətdən həssas təbəqəsinin ziyanına işlədi. İndi hökumət bu imkanlar çərçivəsində pensiyaları indeksləşdirəcək. Biz bunu ilin sonundakı vəziyyətlə əlaqədar daha dəqiq biləcəyik. Gözləntim isə odur ki, minimum əməkhaqqı və pensiyanın artması olacaq. Ancaq yaşayış minimumu ilə ehtiyac meyarının bərabərləşdirilməsi hökumətin fərdi sosial yardımlarına müsbət təsir göstərəcək. Ölkədə bir çox ödəmələr, hətta aliment ödəmələri də yaşayış minimumu ilə əlaqəlidir. Ona görə də bu, sosial cəhətdən hökumətin xərclərinə, inflyasiyasının təsirlərini azaltmağa imkan verəcək”.
Akqabay Mıradov
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar