Sabiq deputatlar nə qədər PENSİYA alır?
Bizi izləyin

Sosial

Sabiq deputatlar nə qədər PENSİYA alır?

Eks-deputatlar pensiya almaq hüququna malikdirsə, onlar da digər pensiyaçılar kimi pensiya alır. Sabiq millət vəkillərinin pensiyasının hesablanması fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi məbləğində və pensiyaların illik artımı digər pensiyaçılar kimi ölkə üzrə orta illik əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir”.

Bunu Publika.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Komitə sədri qeyd edib ki, əgər deputat parlamentdəki fəaliyyətinə xitam veriləndən sonra pensiya yaşında deyilsə, yaxud pensiya hüququ əldə etməyibsə, bir il müddətində fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında sosial təminat xərci alır:

“Həmin müddət ərzində o şəxs işə düzələ və əmək fəaliyyətini davam etdirə bilər. Bir ildən sonra isə pensiya təyin edilən müddətə qədər ona müavinətin verilməsi dayandırılır. Bundan başqa eks-deputatlar üçün xüsusi sosial təminat nəzərdə tutulmayıb”.

Sabiq deputatlar nə qədər pensiya alır?

Qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdə olan keçmiş həmkarlarının maaşlarının 80 faizi həcmində pensiya alırlar. Nəzərə alsaq ki, Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artıb, üstəlik, deputatlar hər ay vəzifə maaşlarının 2 misli qədər əlavə pul alırlar. Bu, “Milli Məclisin deputatının statusu” haqqında Qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.

Yeni artımla sıravi deputat maaşı 2 485 manat olub. Təkcə Milli Məclis üzvlərinin vəzifə maaşında yox, onlara hər ay verilən əlavə pul vəsaitində də artım olub – deputatlar indi hər ay maaşlarının bir misli deyil, iki misli qədər əlavə alır. Yəni deputat bundan sonra hər ay 2 485 manat maaşdan savayı, 4 970 manat vəzifə maaşına əlavə alır. Bununla da deputatın aylıq gəliri 7 455 AZN olub.

Hazırda deputatların aylıq məvacibinin 7 455 AZN olduğunu nəzərə alsaq, sabiq millət vəkillərinin ayda 5 964 AZN civarında pensiya aldığı aydın olur.

Pensiya alan eks-deputatların sayı

Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Digərlərinin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı olmayıblar. 1995-ci ildən bu yana isə təxminən 120-dən çox sabiq deputat pensiya almaq hüququna malikdir.

Qeyd edək ki, deputatların əməkhaqqındakı artımlar sabiq millət vəkillərinin pensiyasına təsir edir.

“Əmək pensiyaları haqqında” Qanunun “Qulluq stajına görə əmək pensiyasına əlavələr” adlı 20-ci maddəsində qeyd olunur ki, dövlət sektorunda çalışanların bir qismi pensiyaya əlavələr alır. Onların sırasında deputatlar da var. Pensiyada olan sabiq deputatlara (vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə) fəaliyyətdə olan deputatların əmək haqqının, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80%-i miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Başqa sözlə, sabiq deputatlar mövcud deputatların aldığı əmək haqqının 80%-ni pensiya kimi alır. Buna görə də deputat maaşının artması sabiq deputatların da pensiyasının artması deməkdir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm