Sosial
Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?-Video
Bir çoxumuzun hər səhər gördüyü ilk işlərdən biri dişləri fırçalamaqdır. Ta qədim zamanlardan insanlar həm nəfəsin təravətlənməsi, həm də dişlərin sağlamlığı üçün müxtəlif vasitələrdən, reseptlərdən yararlanmağa çalışıblar.
Misirlilər nanədən, ərəblər “misvak”dan istifadə ediblər
Diş məcununa ilk dəfə eramızdan əvvəl IV əsrdə yazılmış Misir əlyazmalarında rast gəlindiyi söylənilir. Qədim Misirlilər nanə, gül, döymə duz və istiot qarışığından istifadə ediblər.
Onlar, həmçinin dişlərin ağarması üçün narın doğranmış süngər daşıyla sirkə qarışığını dişlərinə sürtüblər. İslamın ilk illərində Ərəbistanda ağız qoxusunun aradan qaldırılması üçün “misvak” çubuqlarından geniş istifadə olunub.
Rusiyada insanlar dişlərin sağlamlığı üçün arı şanı, meyvə ağaclarının şirəsi, qara şam ağacı kömürü qarışığından hazırlanmış maddəni çeynəyiblər.
Ftorun orqanizm üçün əhəmiyyəti
Nəhayət, 1873-cü ildə "Colgate" adlı şirkət bankalarda diş məcununun emalına başladı. İkinci dünya müharibəsinə qədər diş məcununun tərkibində sabun da olub. Sonradan onun tərkibinə digər maddələr əlavə edilib. Dişlərin emal qatını qoruyan ftorun əlavə edilməsi isə diş məcununun inkişafında yenilik idi.
Yeri gəlmişkən, orta yaşlı insanın gün ərzində ftora olan ehtiyacı 2-3 mq-dır. Biz ftoru qida və qəbul etdiyimiz su vasitəsilə alırıq. Onun orqanizmə toksiki təsiri, qəbul edilən miqdarından asılı olur. Ftorun orqanizmdə normadan çox olması isə fosfor-kalsium balansının pozulmasına səbəb olur ki, bu da fizioloji qocalmanı sürətləndirir, immuniteti aşağı salır və qalxanabənzər birləşdirici toxumanı zədələyir.
“Brain Research” jurnalı ftor haqqında yazdığı məqalədə onun insan beyninə təsir etdiyini və “Alsheymer” xəstəliyi kimi əqli zəifliyə səbəb olduğunu yazır. Yazılanlardan belə nəticəyə gəlmək olur ki, ftoru normadan artıq istifadə etmək zərərli hesab edilir.
Tərkibində bahalı nə var ki…
Hə, indi isə gələk əsas məsələyə. Söhbət ondan gedir ki, bu gün market və apteklərdə müxtəlif növ və adda diş məcunları ilə qarşılaşırıq. Buna görə də seçim etmək bir qədər çətin olur . Seçim zamanı diş məcununun həm də büdcəmizə uyğun olmasını istəyirik. Bəzi marketlərdə diş məcunlarının qiymətləri ilə maraqlandıq. Qiymətlər, sözün əsl mənasında “cib yandırır”. Təbii ki, qiymətlər çeşidə və ada uyğun dəyişir. Çəkisi 100 qram olan bu məcunlar 5 azn-dan 10 azn-a qədər qiymət yarlıqları ilə rəflərdə sıralanmışdı.
Ortaya belə bir sual çıxır : Necə olur ki, diş məcunlarının tərkibinə daxil olan komponentlərin maya dəyəri ucuz olduğu halda, onların qiymətləri ciblərimizi və dişlərimizi “yandırır”?! 100 qramlıq diş məcununun qiyməti 10 manatdırsa, deməli, bir kiloqramı 100 manat edir. Kərə yağından 6, baldan 4 dəfə baha. Az qala, qızıl qiymətinə. Diş məcunlarının tərkibində kərə yağının, balın olmadığı dəqiqdir. Bəs bu qədər bahalı nə var ki, qiyməti “ceyran belində”dir?
İqtisadçının təklifi: ərzaq səbətində yer almalıdır
Bu barədə Publika.az-a danışan iqtisadçı ekspert Elçin Süleymanov bildirib ki , qiymət artımı qlobal xarakter daşıyır.
“Diş məcunları ağız sağlamlığı üçün kifayət qədər əhəmiyyətli bir məhsuldur. Buna görə də Türkiyə, Rusiya, Amerika və başqa Avropa ölkələrindən ölkəmizə bir ildə, ortalama olaraq 2 ton müxtəlif çeşidli diş məcunları və diş fırçaları idxal olunur.
Pandemiyadan sonra istehsalat zəncirindəki dayanmalar və ləngimələr diş məcunlarının və flrçaların qiymətinə təsir etdi. Sözügedən məhsullar sağlamlığa birbaşa təsirli olduğundan, ərzaq səbətində yer almalıdır. Qiymətlərin baha olması, sözsüz ki, insanların büdcəsinə təsir göstərir.
Dünyanın bir çox ölkələrində diş məcunları kosmetik məhsul sayılır və kosmetik məhsulların tarif dərəcəsi, ƏDV (Əlavə Dəyər Vergisi) rüsumu kifayət qədər yüksəkdir”.
Ekspert vurğulayıb ki, qonşu Türkiyədə ƏDV diferensialdır və müəyyən məhsullara fərqlilik tətbiq olunur: “Bunu biz də tətbiq edə bilərik. Təklif edirəm ki, sağlamlığa təsiri olduğu üçün diş məcunları ölkəyə idxal olunan parfümeriya məhsulları ilə bir tutulmasın. Bundan sonra məhsul ƏDV-dən və vergi rüsumundan azad oluna bilər”.
Ölkədə istehsalı məqbul sayılmır
Ekspert, həmçinin diş məcununun ölkədə istehsalı haqda da fikirlərini bildirib:
“Ölkəmizdə bu istiqamətdə istehsal prossesinin olmamasının bir sıra subyektiv səbəbləri var. Əvvəla, hesab edirəm ki , 10 milyonluq ölkə üçün böyük istehsalat müəssisəsinin qurulması iqtisadi baxımdan doğru deyil. Azərbaycan öz məhsulunu Orta Asiya bazarına ixrac edə bilərsə, uğurlu olar. Bu, mümkün olsa da, bir qədər qəlizdir. Çünki 150-200 il istehsal yaşı olan brendlər arasında rəqabət aparmaq olduqca çətindir”.
Həkim: “Məhsulun qiyməti ucuz ola bilər, amma...”
Tanınmış həkim Qalib Əsədov qeyd edir ki, diş məcunlarının qiyməti, onların keyfiyyəti ilə deyil, dünya bazarındakı mövqeyi ilə əlaqəlidir. Yəni ola bilər ki, məhsulun qiyməti təklif olunan digər məhsulun qiymətindən daha ucuzdur, amma həmin məhsuldan daha keyfiyyətlidir. O, həmçinin diş məcunu seçərkən tərkibində olan ftorun miqdarına xüsusi diqqət yetirməli olduğumuzu vurğulayıb:
“Burada qiymət əsas meyar kimi götürülməməlidir. Diş məcunlarının tərkibindəki komponentlər məhsulu istehsal edən şirkətlər tərəfindən müəyyən olunur. Hər şirkət müxtəlif komponentlərdən istifadə edir. Qiymətlər də buna uyğun dəyişir. Hər bir halda, məhsulu alarkən onun hansı şirkətə məxsus olması haqqında dolğun məlumata sahib olmaq lazımdır . Üstəlik, nəzərə alsaq ki, haqqında danışdığımız məhsulun birbaşa ağız sağlamlığına təsiri var, bu zaman daha diqqətli olmalıyıq. Təbii ki , Amerika və Avropa ölkələrində istehsal olunan məcunlar keyfiyyət və dəqiqlik baxımından naməlum yerdə, zirzəmilərdə hazırlanan məcunlardan daha yaxşıdır”.
Ayşən Rəhim
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...