Gedişhaqqında güzəştlər ola bilər? - Deputat bu nazirliyə müraciət etdi
Bizi izləyin

Sosial

Gedişhaqqında güzəştlər ola bilər? - Deputat bu nazirliyə müraciət etdi

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Sözügedən qərar insanlar tərəfindən birmənalı qarşılanmayıb. İstər ətrafımızda, istərsə də sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevrilib.

Məlum olduğu kimi dünyanın əksər ölkələrində sosial vəziyyəti zəif olan və ictimai nəqliyyatdan gün ərzində daha çox istifadə edən təbəqələr üçün müəyyən güzəştlər tətbiq olunur. Misal olaraq çox uzağa getmədən elə qardaş ölkə Türkiyəyə nəzər salaq. Orada tələbələr aylıq 100 lirə (təxminən 10 manat) ödəməklə 200 gediş əldə edirlər. Artıq Almaniya hökuməti də 49 avroluq aylıq biletin tətbiqini təsdiqləyib. SSRİ vaxtı Azərbaycanda da bu ənənə bir qədər fərqli formada tətbiq olunurdu. .Həmin vaxt sərfəli qiymətə aylıq biletlər satılırdı. O bileti əldə edən vətəndaş bütün ay ərzində ictimai nəqliyyatdan pulsuz istifadə edirdi ki, bu da büdcəsinə qənaət demək idi. İndi necə, bu tip ideyaları gerçəkləşdirmək olarmı?

Mövzu ilə bağlı Publika.az-danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qiymət artımı hər zaman sosial qayğılı bir məsələ olub və vətəndaşlar bunu asanlıqla qəbul etməyiblər.

Onun sözlərinə görə, hazırda ictimai nəqliyyat infrastrukturu sırf metro və avtobuslardan ibarət olduğu üçün daha çox hiss edilir:

“İctimai nəqliyyatda qiymət artımı müəyyən proseslərə yenidən baxmağa sövq edir. Əhalinin əsas hərəkətverici qüvvəsinin tələbələr olduğunu düşünsək, onlar üçün aylıq, yaxud illik gediş güzəştləri hazırlamaq lazımdır”.

Deputat Musa Quliyev mövzu ilə bağlı münasibət bildirərkən təklif edib ki, bu məsələ qaldırılsın.

“Sosial rifahı zəif olan təbəqələr xüsusilə də, tələbələr üçün müəyyən güzəştlərin olunması lazımdır və buna ehtiyac var. Nəzərə alsaq ki, onların çoxu təhsil müəssisələrindən aldıqları aylıq təqaüd hesabına yaşayışlarını təmin etməyə çalışırlar. Bir çoxu ətraf rayonlardan Bakıya gəlir və kirayədə qalır. Xatırlayıram ki, biz tələbə olanda sovet dönəmində daimi tələbə kartları verilirdi gedişlər üçün. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələni qaldırsa, yaxşı olar”.

İqtisadçı ekspert Elçin Süleymanov isə bildirib ki, gediş haqqının artırılmasından sonra qərarın iqtisadi cəhətdən təsir göstərəcəyi təbəqələr üçün fərqli tariflər əsasında gediş sistemi mexanizmi qurulması üçün tapşırıq verilib: “Düşünürəm ki, güzəştləri tətbiq etmək və bunu formalaşdırmaq qısa zamanda mümkündür, çünki avtobuslar kart sisteminə keçib”.

O, qeyd edib ki, bütün dünyada güzəştli kateqoriya daha çox tələbələri, təqaüdçüləri, eyni zamanda fiziki imkanları məhdud olan insanları, müharibə veteranlarını və s. statusa malik olanları əhatə edir.

“Bildiyimiz kimi Sovet dönəmində və müstəqilliyin ilk illərində bu cür kart və güzəşt sistemi mövcud olub, amma bu nəqliyyat infrastrukturunun inkişafına maneə törədib. Ona görə ki, bir avtobusa minənlərin yarıdan çoxu həmin kateqoriyaya daxil olurdu. Həmin dövrdə təhsil və hərbi qurumların sayı kifayət qədər yüksək idi. Amma indi bu kateqoriyalardan məcburi köçkün və qaçqın statusunda olanlar çıxarıla bilir”.

E.Süleymanovun sözlərinə görə, sərnişindaşımalardakı gediş haqqının güzəşt mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.

“Bir çox ölkədə tətbiq edilən güzəştlər daha ucuz tarifə zaman və saya uyğun gedişin reallaşdırılmasıdır. . Bu qayda nəqliyyatın infrastrukturuna, xidmətin inkişafına da təsir edəcək. Gediş sayının aylıq olaraq əvvəlcədən alınması yerüstü nəqliyyatdan daha çox istifadəyə səbəb olacaq və mənfəətliliyi artıracaq”,- o, deyib.

İqtisadçı bildirib ki, Qərb ölkələrində bu güzəştlərin mövcudluğu praktikası gəlirin artması ilə nəticələnib.

“Məsələn, bir tələbə gediş haqqı 40 qəpik olduğu üçün bundan imtina edir, lakin 25 qəpik olarsa, bu zaman ictimai nəqliyyatan istifadə edir. Sözsüz ki, avtobus sərnişinin gedişindən 25 qəpik qazanmış olur. Dolayısı ilə kart sistemi əslində dövriyyəni artıra bilər. Azərbaycanda İT sahəsinin, texnoloji səviyyənin kifayət qədər yüksək olduğunu nəzərə alsaq, hesab edirəm ki, yenilikləri ölkəmizdə tətbiq etmək rahatlıqla mümkündür. Hər şeydən əlavə bu, artıq nəqliyyatdan mütəmadi istifadə edən sosial vəziyyəti iqtisadi baxımdan zəif olanlar üçün bir növ zərurət halına gəlib. Bununla bağlı verilən tapşırığın yaxın zamanda həyata keçirələcəyinə ümid edirəm”, - deyə E.Süleymanov diqqətə çatdırıb.

Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri Vüqar Məmmədzadə deyib ki, sözügedən güzəştlər dövlət tərəfindən tətbiq olunduğu təqdirdə, BNA-da onu icra edəcək. O vurğulayıb ki, elə bir qayda qəbul edilmədən öncə, onu sərnişindaşımada tətbiq etmək agentliyin səlahiyyətində deyil.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm