Sosial
Azərbaycanda "Novruz tonqalı"nda yananlar: Qiymətlər üç dəfə bahalaşsa da...
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başlayır. Bayramda 9 gün istirahət olacağını nəzərə alaraq, rayonlara, xarici ölkələrə dincəlmək üçün üz tutan insanlar da çox olur. Novruz tətilini maraqlı keçirmək istəyənlər həm turizm agentliklərinin təklif etdiyi turpaketlərdən, həm də yerli hotellərin xidmətlərindən faydalanırlar.
Publika.az-ın məlumatına görə, Novruz bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov deyir ki, CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq:
“Regionlarda turizmin inkişafı vacibdir və bu, valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır”.
Millət vəkili bildirib ki, turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır:
“Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Publika.az-a bildirib ki, bayram günlərində qiymətlərin yüksək olması təbiidir və bu, hər il müşahidə olunur:
“Artıq sabahdan turizm fəaliyyətləri canlanmağa başlayacaq. Quru sərhədlərimiz açıq olan zaman İrandan bayramla əlaqədar Azərbaycana çoxlu turist gəlirdi. Hazırda da pandemiyadan öncəki illərdəki kimi olmasa da, ölkəyə turistlərin axını var. Regionlarda bir çox beşulduzlu hotellər artıq dolub, ümumiyyətlə satışları saxlayıblar. Yaxud, olan satışlar da bahadır. Bu da onu göstərir ki, tələbat çoxdur, ona görə də baha qiymətə təkliflər olur. Digər tərəfdən, bəzi xidmətlər, hətta imkanlı turistlərə belə uyğun deyil. Biz bununla bağlı monitorinqlər aparırıq. Turizm kompleksinin ərazisində beşulduzlu hotel var, çox sayda turist qəbul edə bilən bir mərkəzdir, lakin hazırda orada 4-6-8 nəfərlik yalnız villalar təklif olunur. Qalan yalnız bahalı və bir qədər fərqli imkanlar təklif edən mərkəzlərdir”.
S.Dübəndi qeyd edib ki, hazırda yerli turizmdə təklif tələbdən daha aşağıdır və bu, qiymətə təsir edir:
“Tövsiyə edirəm ki, hər kəs öz istirahətini öncədən planlasın. O zaman alternativ təkliflər, eyni zamanda müxtəlif qiymət seçimi imkanı olur. Amma son günlər görürük ki, təkliflər azalıb. Digər tərəfdən, tələb və təklifin bir-birini üstələməsi məsələsi var. Hazırda yerlər məhduddur. Regional səviyyədə iri hotellərin və digər müəssisələrin dolum faizi də yüksəkdir. Təhlillər göstərir ki, təklif tələbdən daha aşağıdır. Ona görə də bu təklifləri genişləndirmək lazımdır”.
Ekspert son iki illə müqayisədə daxili turizmdə canlanma olduğuna diqqət çəkib:
“Daxili turizmdə canlanmanın səbəbləri quru sərhədlərin bağlı olması, digər tərəfdən aviabiletlərin qiymətidir. Bu, xaricə getmək istəyən insanların sayını bir qədər məhdudlaşdırır. Postpandemiya dövründə çalışırıq ki, 2018-2019-cu ilin rəqəmlərinə çataq. Düzdür, hələ ki, qarşıda görüləsi işlər var. Amma bu ilin yanvar-fevral aylarının rəqəmlərinə baxsaq keçən ilin eyni dövrü ilə müqayisədə 55 faizlik fərqi görə bilərik. Düşünürəm ki, gələn il biz 2019-cu ilin rəqəmlərinə çata biləcəyik. Hər bir vətəndaşın istirahət etmək, əylənmək hüququ var. Bu hüququ təmin etməliyik. Ən yaxşı üsul da məhz turizm fəaliyyətləridir. Bunun üçün əlçatanlığı artırmalıyıq. Qonaq evlərini, kənd evlərini inkişaf etdirmək lazımdır. Bu gün Azərbaycan dünyada mədəni, müxtəlif tədbirlərə ev sahibliyi edən ölkə kimi tanınır. Bu da turizmimizin inkişafına təkan verə bilər”.
Ölkə daxili turların minimum qiymətini təqdim edirik:
1 gecə 2 günlük turlar Lənkəran, Lerik, Astara - 79, Quba turu - 89 ( kotecdə gecələmə), Xəmsə turu (İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Mingəçevir ) - 89, Quba Qusar Laza turu Qala gecəsi daxil – 109, Mingəçevir, Gəncə, Göygöl turu - 89, Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ turu – 89, Tovuz, Gədəbəy turu – 89, Qax Şəki Qəbələ turu – 89 AZN-dən başlayır. 2 gecə 3 günlük turlar 149 – 200 AZN, 3 gecə 4 günlük turlar isə 180 – 250 AZN arası dəyişir.
Yerli hotellərin qiymətlərinə gəlincə, 20-23 mart günlərində 2 nəfərin yerli hoteldə Novruz bayramını qeyd etməsi üçün 429 -1272 manat civarında bir məbləğ xərcləməlidir. Qiymətlər hotel otağından və xidmətlərdən asılı olaraq dəyişir.
20-23 mart tarixləri üçün (3 gecə, 4 gün) Şabranda yerləşən “Qalaalti Hotel & SPA”da qiymətlər 1089 manat və 1164 manat, Lənkəranda yerləşən “Lankaran Springs Hotel”də 1125 manat və 1272 manat, Şamaxıda yerləşən “Shamakhi Palace Hotel”də isə 1245 manatdır. Qiymətlərə 3 dəfə qidalanma da daxildir. Şəkidə yerləşən “Marxal Resort & SPA” 660 manat və 780 manat, Qəbələdə yerləşən “Qafqaz Riverside Hotel” 774 manat, İsmayıllıda yerləşən “Basqal Resort & SPA” 990 manat, Qubada yerləşən “Macara Lake Resort” 730 manat qiymət təklif edir. Qiymətlərə səhər və axşam qidalanma daxildir. Qaxda yerləşən dağ mənzərəli “El Resort” hoteldə standart otaq 429 manata təklif edir. “Quba Palace Hotel”də 2 nəfər üçün 1 gecənin qiyməti 195 manatdır. Bu qiymətə dağ mənzərəli “Deluxe” otaqda gecələmə, geniş çeşidli səhər yeməyi (açıq bufet), SPA (qapalı hovuz, idman zalı, türk hamamı, sauna) və Novruz bayramı proqramı daxildir. Səngər Qala Resort (Qax) – standart qiymətlər olduğu kimi qalır. İki nəfərlik otağın qiyməti 98 manatdır. Səhər yeməyi və SPA mərkəzi qiymətlərə daxildir. VİP otaqlar isə 328-378 manat aralığında dəyişir.
Bayramı İstanbulda qeyd etməyin tur qiymətləri isə 6 gecə 7 gün üçün (19 mart - 25 mart) 820 dollardan 1135 dollaradək dəyişir. Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Monteneqro turunun qiyməti 2106 dollardan (7 gecə 8 gün), Tiflis turunun qiyməti isə 1040 dollardan (3 gecə 4 gün) başlayır. Novruz tətilinizi Dubayda keçirmək istəsəniz minimum 875 dollarınızdan keçməli olacaqsınız. Hotellərə uyğun olaraq bu qiymət 1410 dollara qədər dəyişir. Şarm əl-Şeyxdə 830 dollara 8 günlük səyahət paketi təklif olunur.
Akqabay Mıradov
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO