Sosial
Azərbaycan mətbəxinə buraxılmayan yağ: Orqanizmə o qədər xeyri var ki...
Vətəni Hindistan olan "ağ qızıl"ın Zaqafqaziyada becərilməsinə hələ e.ə. VII-IV əsrlərdə başlanılıb. Amma pambığın Azərbaycanın təkcə aqrar sektoru yox, bütünlükdə iqtisadiyyatı üçün sözün hər mənasında qızıl dövrü var ki, o da keçmiş SSRİ vaxtına təsadüf edir. Ölkəmizdə pambıqçılığın kompleks inkişafı isə XX əsrin 70-ci illərinin əvvəllərində başlayıb. Ölkə başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam isə strateji məhsul olan pambığın "ağ qızıl" statusunun özünə qaytarılması istiqamətində atılmış ən mühüm addım hesab olundu. Məlumdur ki, pambıqçılıq təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrinin də aqrar sektorunda gəlirli sahələrdəndir. ABŞ, Meksika, Hindistan, Braziliya, Çin, Avstraliya kimi ölkələr hazırda əsas pambıq istehsalçısı hesab edilirlər.
“Ağ qızıl” sənaye ilə yanaşı gündəlik qida rasionunda da istifadə edilir və bir çox ölkələrdə günəbaxan yağı qədər məşhurdur. Pambığın toxumlarından əldə olunan pambıq yağı daha çox Orta Asiya və Birləşmiş Ştatlarda geniş yayılıb.
Ölkəmiz xaricə pambıq yağı satır, ixrac edir. Amma Azərbaycan mətbəxində sözügedən yağdan demək olar ki, istifadə olunmur. Ölkəmizdə pambıqçılığın inkişaf etməsinə baxmayaraq, pambıq yağının mətbəximizə daxil ola bilməməsi nə ilə bağlıdır?
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Publika.az-a açıqlamasında bildirib ki, ölkəmizdə günəbaxan yağlarından daha çox istifadə edilir.
“Pambıq yağı bir çox ölkələrdə daha çox istifadə olunur, çünki orda pambığa, yağına əlçatanlıq daha çoxdur. Ancaq Azərbaycanda daha əvvəllər pambıq əkini çox olsa da, indi kifayət qədər deyil. Həmçinin pambıqdan istifadə qaydaları digər yağlara görə tam fərqli olduğu üçün hazırda ondan geniş şəkildə istifadə olunmur. Günəbaxan yağına əlçatanlıq daha çoxdur, həm yerli istehsaldır, həm də vərdiş və adət halını alıb. Qida sənayesində pambıq yağından tortların, piroqların, vaflilərin hazırlanmasında istifadə edilir. Pambıq yağı Asiyanın bütün mətbəxlərində geniş yayılıb. Ondan Asiyada konditer məhsullarının, tərəvəz salatlarının hazırlanmasında, ərzağın qızardılmasında geniş yararlanırlar. Amma digər yeməklərin bişirilməsi zamanı pambıq yağından istifadə çox tövsiyə olunmur”.
Mütəxəssis pambıq yağının faydalarından danışıb. O, qeyd edib ki, pambıq yağının tərkibi bir çox vitaminlərlə zəngindir.
“B, PP vitaminləri var ki, bunlar pambıq yağında daha çoxdur. Eyni zamanda orqanizm üçün faydalı olan omeqa-3 və omeqa-6 yağlarıdır ki, bunlar da pambıq yağında kifayət qədər var. E vitamini də həddindən çoxdur.Vitaminin çox faydaları olduğundan orqanizmdə qocalmanı ləngidir, dərinin sağlamlığını bərpa edir. Dərini daha çox vitaminlə zənginləşdirir.
Bir faydalı tərkibi də var ki, pambıq yağı həddindən artıq antioksidantdır və viruslara qarşı qoruyucudur. Həmçinin sərbəst radikallarla mübarizə aparır. Damarların elastikliyini artırır, ürək-damar xəstəlikləri riskini azaldır. Bu kimi xəstəlikləri olan insanların da pambıq yağından istifadəsi daha faydalıdır. Çünki pambıq yağında həm doymuş, həm də doymamış yağ turşuları olduğu üçün orqanizmdə immun sistemini də lazımi miqdarda qəbul etdikdə yüksəldir. Sinir sistemi üçün də çox faydalıdır. Sözügedən yağda D vitamini var ki, bu da orqanizmdə demək olar ki, hər bir məqamda daxili orqanların funksiyasına xeyirlidir.
Pambıq yağının tərkibində olan bəzi maddələr orqanizm tərəfindən istehsal olunmur. Bu çatışmazlığı pambıq yağından istifadə etməklə aradan qaldırmaq mümkündür. Bu yağdan kosmetologiyada da dəri sağlamlığı üçün geniş istifadə olunur. Balzamların, kremlərin, dodaq boyalarının hazırlanmasında çox işlədilir”.
Lakin mütəxəssis deyir ki, pambıq yağının faydaları kimi zərərləri də mövcuddur: "Belə ki, onu uzun müddət qəbul etdikdə orqanizmdə immun sistemi zəifləyir. Xüsusilə qadınlarda sonsuzluq yaradır. Sözügedən vitamini də uşaqlığın iç divarlarının qalınlaşmasına gətirib çıxarır. Endometrik səviyyənin qalınlaşması da məhz qadının ana olmasının qarşısını alır. Rafinə olunmamış pambıq yağı isə kişilərdə sonsuzluq yaradır. Bu yağdan uzun müddət istifadə etməyən insan birdən-birə qəbul etməıyə başlayarsa, kəskin allergik reaksiya ola bilər ki, bu da hətta ölümlə nəticələnər. Yağı davamlı olaraq qəbul etdikdə orqanizmdə bəzi vitaminlərin həddən artıq çox olması daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır. Daha yaxşı olar ki, heç istifadə etməyən insan az miqdarda test edib qəbul etsin. Bununla da hər hansı əks təsir yaranmasın”.
Son illər pambıqçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Azərbaycan pambıq istehsalına görə dünyada 21-ci yeri tutur. Hazırda daxili resurslar pambıq yağının istehsalı üçün imkan yaradır?
İqtisadçı ekspert Asif İbrahimov hesab edir ki, Azərbaycan pambıq yağını istehsal etmək üçün kifayət qədər potensiala malikdir. O qeyd edib ki, bu istiqamətdə addımlar atılır.
“Məlum olduğu kimi pambıqçılığın inkişafı ilə bağlı dövlət tərəfindən bir çox addımlar atılır. 2022-ci ildə 330 min tona yaxın pambıq yığılıb. Məhsuldarlıq hər il artır və bununla bağlı dövlət tərəfindən yetərincə subsidiyalar ayrılır. Bu sahəyə, xüsusilə Mərkəzi Aran zonasında yaşayan insanların təşviq edilməsi istiqamətində bir çox fəaliyyətlər həyata keçirilir. Onların bu işlə məşğul olması üçün təşviqedici addımlar atılır. Yaxın illərdə ölkəmizdə, pambıq istehsalı ilə məşğul olan rayonlarda pambıq yağının istehsalı üçün müəssisə də fəaliyyətə başlayacaq. İnşası ilə bağlı işlər görülür. Ancaq düşünürəm ki, Azərbaycan bu zavodun imkanlarından daxili tələbatını ödəmək üçün yox, ixrac üçün yararlanmalıdır. İndi də müəyyən qədər ixracımız var, amma azdır. Bunu artırmaq üçün isə hər cür potensiala sahibik. Bildiyimiz kimi, bir çox ölkələr, xüsusilə də Çin, Hindistan, ABŞ pambıq istehsalına görə dünyada birinci yerdədir. Onu demək istəyirəm ki, biz bu məhsulu istehsal edərək sata bilərik və bununla bağlı yetərincə infrastruktur, maddi texniki bazamız mövcuddur. Müstəqillik dövründə də bununla bağlı addımlar atılıb. Pambıq yağı pambıq toxumalarından əldə olunduğu üçün xammal baxımından Azərbaycanda kifayət qədər resurslar var. Bu istiqamətdə xammal çatışmazlığından söhbət gedə bilməz. Potensialımız var. Lakin biz pambıq istehsalçısı olsaq da, pambıq yağından qida rasionumuzda istifadə etmirik. Bu səbəbdən də düşünürəm ki, istehsal edib ixrac edə bilərik. Xüsusilə də, bu məhsulun tələbatı labüd olan ölkələrə”.
Ekspertin sözlərinə görə, pambıq yağının mətbəximizə daxil edilməməsi tələbatın olmaması ilə bağlıdır.
“Haqqında danışdığımız məhsul xüsusilə Mərkəzi Asiya ölkələrində istifadə olunur. Onların gündəlik qida rasionlarına daxil olub. Azərbaycanda bu məhsulun istifadəsi SSRİ dönəmində də geniş yayılmamışdı. Bunun səbəbi bizim mətbəximizdə daha çox kərə yağı, nehrə yağı, günəbaxan yağının istifadə edilməsidir. Ağız dadı ilə əlaqədardır. Səbəblərdən biri də, zeytun yağının müstəqillik dönəmində mətbəximizə daxil olması ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda tələbat olmadığına görə pambıq yağının istehsalı geniş yayılmayıb. İstehsal edib maya dəyərinin də uyğun gəldiyi təqdirdə, digər ölkələrə satışını həyata keçirmək olar. Amma düşünmürəm ki, Azərbaycan istehlakçısı bu məhsulun geniş şəkildə istifadəsini həyata keçirsin. Çünki mətbəximizdə sözügedən yağdan daha yaxşı, sağlam və dadlı məhsullardan istifadə edilir. Gələcəkdə ölkəmizdə bu yağdan digər yağlar qədər istifadə edilə biləcəyinə inanmıram. Məsələn, günəbaxan və kərə yağları nə qədər baha olursa-olsun, Azərbaycan istehlakçısı onu alıb qida rasionunda istifadə edəcək. Bu məsələ sırf tələbatla bağlıdır”.
Ayşən Rəhim
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO