Azərbaycanda bankların sayı tələbatdan çoxdur: Daha hansılar bağlanacaq?
Bizi izləyin

Sosial

Azərbaycanda bankların sayı tələbatdan çoxdur: Daha hansılar bağlanacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib.

Mərkəzi Bankın sədri 2 həftə əvvəl bəzi banklarda problemlər olduğuna işarə etmişdi. Ardınca isə bank olmayan kredit təşkilatı “Union Kredit” fəaliyyətini dayandırdı. “Günay Bank”ın bağlanması qərarı bir növ digər kiçik və orta banklar üçün xəbərdarlıq siqnalı kimi qəbul edildi. Bir neçə ekspert bu qənaətə gəlib ki, Azərbaycanın maliyyə bazarındakı bankların sayı ölkə iqtisadiyyatının tələbatından artıqdır. Bu, da onu deməyə əsas verir ki, onların bir neçəsi getdikcə maliyyə bazarındakı yerlərini itirməkdədirlər.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, digər banklarda vəziyyət pisləşməyəcək.

O, Publika.az-a açıqlaması zamanı deyib ki, bankaların bağlanmasını tendensiya halına gətirmək olmaz.

"Çünki elə olan təqdirdə, ciddi psixoloji təhdid yaranacaq. Bu isə bank sektoruna ciddi təsir göstərə bilər. Perspektivdə nəyin gözlənildiyinə gəldikdə isə, Mərkəzi Bank tərəfindən bildirilib ki, bir neçə bankın vəziyyəti yaxşı deyil. Hesab edirəm ki, sadəcə banklarda mövcud olan pis vəziyyət daha detallı şəkildə ictimaiyyətə açıqlanacaq”.

Bir-birinin ardınca bağlanan banklar Azərbaycan bank sektoruna, maliyyə sisteminə necə təsir edəcək?

“Bu gün bağlanan bank olmayan kredit təşkilatı (BOKT) “Union kredit”ə gəldikdə isə görürük ki, təxminən ONUN yarım milyon manata yaxın nizamnamə kapitalı var. Hesab edirəm ki, “Günay Bank”ın və sözügedən təşkilatın bağlanması yaradacağı təsirlər baxımından, həm əhali üçün, həm də bank və maliyyə sektoru, üçün üçün fərqli təsirlərə malikdir.

Bu bankda da məhz öhdəliklər, aktivləri, üstələyib. Bu da nəhayət iki yüz min manatlıq çatışmazlıq yaradıb. Bu, reallıqda bir məcburiyyət yaradır ki, fəaliyyəti dayandırılsın. Ümumiyyətlə, bank olmayan kredit təşkilatı bank sistemindən fərqlənir. Təşkilatın fəlsəfəsi, mənası odur ki, onlar kredit verməklə məşğuldurlar. Burada insanların hansısa kütləvi pulunun batmasından söhbət getmir. Ona görə də bank və bank olmayan kredit təşkilatlarının müflis olmasının təsirləri də bir birindən fərqlənir”.

Digər tərəfdən bir diqqətçəkən məqam ondan ibarətdir ki, Mərkəzi Bank “Günay Bank”ın” bağlanması ilə bağlı verdiyi açıqlamada bildirib ki, "Günay Bank ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.

Burada təhdid dedikdə nə nəzərdə tutulur?

“Yəni, mənfi təsir 0% olacaqdır. Amma eyni zamanda bildirilir ki, 108,56 milyonluq əmanətdən cəmi 38,5 milyonluq əmanət sığortalanıb. Deməli, 70 milyon manatlıq sığortalanmamış əmanət var. Söhbət 70 milyon həcmindən getmir, yaratdığı psixoloji basqıdan gedir. 2023-cü 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycan bankları 2022-ci ildə müştərilərdən cəlb etdiyi depozit portfelini 25.1% artaraq 33.69 mlrd. manata yüksəldib. Depozit portfelinin 66%-i hüquqi şəxslərin depozitləri (22.3 mlrd. manat), 34%-i isə fiziki şəxslərin depozit portfeli (11.5 mlrd. manat) təşkil edir. “Günay Bank” da ötən il depozit portfelini 19,1% artıraraq 111,4 milyon manata çatdırıb. Yəni bir il ərzində bir banka inamın bu qədər artmasından cəmi 4 ay sonra bank bağlanırsa bu kütləyə psixoloji təsirsiz ötüşə bilməz. İnamsızlıq isə bank sektoru üçün ən böyük təhdiddir. Digər bir tərəfdən isə əgər “bir bankın bağlanmasının heç bir mənfi təsir yoxdur” deyiriksə, onda məntiqlə belə çıxır ki, təzə bir bankın yaranmasının da heç bir müsbət təsiri olmayacaq. Lakin bu belə deyil”, - ekspert deyib.

E.Əmirovun sözlərinə görə, sözü gedən bankın bağlanması bank sektorunda həyəcan təbili çalacaq.

“Kəpənək effekti” (Butterfly effect) deyilən bir nəzəriyyə var. Amazon meşələrində bir kəpənəyin qanad çırpması ABŞ-da fırtına baş verməsinə səbəb ola bilər. O ki, qaldı ölkədəki 25 bankdan biri bağlanır, bu təbii şəkildə bu sektora həyacanını yansıdacaq. Sadəcə, biz bu bankın bağlanmasının təsirini “heç bir” deyə yox, bu bankın bağlanmasının maliyyə sabitliyinə təsirinin hiss edilməyəcəyini deyə bilərik. Bunu əsaslandıra da bilərik. Çünki, qeyd etdiyim kimi 2022 ilin sonuna olan 33.69 milyard manatlıq depozit portfelində “Günay Bank”ın çəkisi təxminən 0.3%-dir. Yəni banklara etibar edilən depazitlərin hər 100 manatından cəmi 30 qəpiyi “Günay Bank”a aid idi. Bu 30 qəpikdən isə təxminən 10 qəpiyi sığortalanıb.Yəni problem yoxdur. Deməli, 100 manatdan cəmi 20 qəpikdə problem yaranıb. Odur ki, 20 qəpik 100 manat üçün nə qədər təsirlidirsə, bu hadisə də kəmiyyət ifadəsində təxminən eyni qədər təsirlidir. Amma vətəndaşlar bu 20 qəpik və 100 manat müqayisəni bilməsə, o zaman ciddi problem olmasa belə yenə də narahat olmağa başlayar. Narahat insan isə nə edər? Pulunun batacağından qorxuduğu üçün bankdan geri çəkmək istər. Bu hal kütləvi olanda isə, problemin olmadığı bir halda heç nədən problem başlaya bilər.

Buna görə də hazırda iki addımın atılması mütləqdir. Birinci, vətəndaşları rəqəmlərlə bağlı doğru məlumatlarla təmin edilərək güvəni qorunmaq, ikinci isə vəziyyəti yaxşı olmayan hər hansı növbəti bir bankın bağlanmasına imkan verməmək lazımdır. Çünki digər bir bankın bağlanmaması üçün “x” manat xərcləmək bəs edərsə, amma o bağlanandan sonra onun yaratdığı fəsadların aradan qaldırılması üçün çoxlu “X”lər lazım gələr”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm