Sosial
Aşura qurbanına çevrilən uşaqlar: “Dinə xidmət” adı altında onlara görün hansı zülm edilir
İslam dinində uzunmüddətli matəm saxlamaq, yas tutmaq qəbul edilməsə də, min ildən çox keçməsinə baxmayaraq hələ də ölkəmizdə Məhərrəm ayında yas tutub, Aşura gününü matəm kimi qeyd edənlər var. Məhərrəm ayının 10-cu günündə bunun üçün xüsusi məclislər təşkil edilir. İnsanlar məscidlərə toplaşır, özlərini zəncirlə döyür, bədənlərinə müxtəlif xəsarətlər yetirirlər.
Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu barədə vətəndaşlara müraciət etsə də, bəzi hallarda valideynlər hətta azyaşlı uşaqlarını da dini ayinlərin icra olunduğu məkanlara aparırlar.
Hələ dünyadan xəbərsiz körpələrin gözü önündə baş verən bu proseslər onların həyatında sarsıdıcı izlər buraxır. Həmçinin İslam dini onların gözündə zorakı, işgəncə verən bir din kimi təbliğ edilmiş olur. Bundan əlavə, isti havada insanların sıx olduğu məkanlara aparılan azyaşlıların həyatı üçün təhlükə yaranır.
Hələ ətrafda baş verənləri dərk etməyən körpələrə İslam dinini qantökən, özünə zülm edən kimi təbliğ etmək nə dərəcədə doğrudur? Bu onların psixologiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin VI çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov azyaşlı uşaqların məscidlərə aparılmasının düzgün olmadığını bildirdi:
“Azərbaycanda hər il Məhərrəmlik ayı və Aşura günü yüksək formada qeyd olunur. Xüsusilə məscidlərdə izdiham yaşanır. İnsanlar ənənələrə sadiqlik nümayiş etdirərək məscidlərə gedirlər. Lakin bir məsələni qeyd etmək lazımdır ki, azyaşlı uşaqların məscidlərə aparılması düzgün deyil. Bu, onların psixoloji vəziyyətinə təsir göstərir”.
Ceyhun Məmmədovun fikrincə, bu cür halların yaşanmaması üçün məscidlərə ciddi nəzarət edilməlidir:
“Bəzi məscidlərdə hələ də insanların zəncirlə özlərini döydüklərinin, özlərinə xəsarət yetirdiklərinin şahidi olurduq. Bu da birmənalı olaraq azyaşlılara ciddi təsir göstərir. Azərbaycan cəmiyyətində bu məsələnin mahiyyəti barədə insanlarda kifayət qədər bilgi və məlumat yoxdur. İnsanları daha çox bilgiləndirməli, maarifləndirməli və bu cür zərərli əməldən qorumalıyıq. İnsanlar bu ayın fəlsəfəsini bilməlidir. Bunun üçün davamlı olaraq televiziyada, mətbu orqanlarda işlər aparılmalıdır. Məhərrəm ayı haqsızlığa qarşı mübarizə deməkdir. Bu, şəhadət məktəbidir və insanlara Vətən yolunda canından keçməyi təbliğ edir. Heç kim özünə xəsarət yetirməməlidir. İnsanları zərərli davranışlardan qorumalıyıq”.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, dini mərasimlərə azyaşlı uşaqların aparılması nə psixoloji olaraq, nə də hüquqi olaraq doğrudur:
“Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqların olması onların psixoloji inkişafını nizamsızlaşdırır. Uşaqları dini mərasimlərə aparmaq olmaz. Müstəqil düşüncə formalaşandan sonra hər kəsin şəxsi seçimləri də formalaşır. Yetkinlik yaşına çatmamış uşaqların yerinə qərarları valideynlər verir. Heç bir valideyn uşağının yerinə cinayi düşüncəli qərarlar verə bilməz. Uşaqları valideynlər istismar etməməlidirlər. Ətrafda baş verən hadisələr uşaq psixologiyasında dərin izlər qoyur və gələcəkdə bir çox psixoloji problemlərin yaranmasına səbəb olur. Uşağın psixoloji travma yaşamasına şərait yaratmaq olmaz. Valideynlər öz istəklərini və fəaliyyətlərini uşaqlarla reallaşdırdıqları zaman diqqətli olmalıdırlar. Onlarda sağlam düşüncə formalaşdırılmalıdır ki, gələcəkdə seçimində öz həqiqətini tapsın”.
Rövşən Nəcəfov qeyd etdi ki, azyaşlılar valideynlərinə və ətrafa baxıb davranış sərgiləyirlər: “Uşaqları elmə və təhsilə yönəltmək lazımdır. Onlar öz uşaqlıqlarını yaşamalıdırlar. O zaman yetkinlik yaşına çatanda öz seçimini doğru etmiş olacaq. Uşaqlar özlərinin gələcəyidirlər”.
Psixoloq hesab edir ki, insanların inancları özlərinə məxsusdur: “İnanmaq şəxsin öz seçimidir. Tanrıyla insanın arasına girmək olmaz. Hər kəs vicdanı qarşısında özü cavabdehdir. Dində məcburiyyət yoxdur və olmamalıdır. Nifrətə qarşı sevgi, sevgiyə qarşı da sevgi ifadə olunmalıdır. Uşaqlarla empatiya hissi qurulmalıdır. Düşüncə dəyişilməlidir. Uşaqların gələcəyi üçün sağlam düşüncə formalaşmalıdır. Sağlam düşüncənin formalaşması üçün psixoloji maarifləndirmə fəaliyyətləri genişəndirilməlidir. Uşaqlar dini mərasimlərin mahiyyətinin fərqində deyillər. Onlar valideynlərinə və ətrafa baxıb davranış sərgiləyirlər. Buna görə də onları radikal zehniyyətdən uzaq tutmaq lazımdır. Uşaqların istismar edilməsi gələcək üçün psixoloji travmadır. Onların inkişafında psixoloji meyarlar nəzərə alınmalıdır. Azyaşlıların şiddət əks etdirən cizgi filmlərinə baxmasına da icazə verilməməlidir. Körpələrin gözü önündə özünü döyən, bədənindən qan çıxaran insanlar onlara müsbət təsir edə bilməz. Rəqəmsal dünyada da diqqət olunmalıdır. İnkişaf mərhələsində olan uşaqlara qarşı davranışlara diqqət edilməlidir. İnsanlar şiddətdən uzaq cəmiyyətin formalaşmasında məsuliyyət hiss etməlidirlər”.
Gülnar Süleymanova
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO