Azərbaycanda "qocalan" evlilik yaşı: Bizi hansı fəlakət gözləyir?
Bizi izləyin

Sosial

Azərbaycanda "qocalan" evlilik yaşı: Bizi hansı fəlakət gözləyir?

Son illər ölkəmizdə gənclər arasında "subaylıq sindromu" hökm sürür. Evlənmək yaşına çatmış gənclər ailə qurmaqdan sanki ehtiyat edirlər. Buna əsasən işsizlik, evsizlik və digər problemlərin səbəb olduğu bildirilir. Aylıq qazanılan gəlirlə həm kirayə, həm də ehtiyacları qarşılamaq qeyri-mümkündür. Elə bu səbəbdən də gənclər ailə, uşaq sahibi olmaq istəmirlər. Bununla yanaşı, ailələrdə bir, iki, nadir hallarda üç uşaq dünyaya gəlir. Təbii artımda azalma müşahidə olunur. Bütün bunlar ölkəni demoqrafik böhrana aparır.

Bu vəziyyət digər ölkələrdə də müşahidə olunur. Lakin bir çox dünya ölkələrində bunun üçün qabaqlayıcı tədbirlər görülür. Məsələn, Türkiyədə bu il “Ailə ili” elan olundu. Yəni həm evlənəcək, həm də uşaq sahibi olacaq cütlüklər üçün xüsusi dəstək layihəsi hazırlanıb. Ailələrə bir sıra güzəştlər tətbiq edilib, dəstək paketi tətbiq edilib, sosial dəstək artırılıb. Yeni qəbul edilən sosial dəstək paketində doğuma görə birdəfəlik müavinət 5000 lirəyə (təxminən 250 AZN) qədər artırıldı. Bundan əlavə, birinci, ikinci uşaqlara aylıq ödənişlər, üç və daha çox uşaqlara daha yüksək ödənişlər tətbiq olunub. O cümlədən ailələrə iki illik güzəştli kreditlər tətbiq olunur. Belə dəstək paketləri digər ölkələrdə də həyata keçirilir. Məsələn, İran, Rusiya, Gürcüstan, Ermənistan, eyni zamanda Avropa ölkələrində.

Maraqlıdır, Azərbaycanda bu cür layihə həyata keçirilə bilərmi? Gənc ailələrin rifahını artırmaq və doğum göstəricilərini yüksəltmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, əslində bu gün tək bizdə yox, qlobal miqyasda təbii artımda enmə dinamikası müşahidə olunur:

“Özəlliklə də bu gün postsovet məkanında təbii artımda heç vaxt olmayacaq qədər ləngimə, geriləmə müşahidə olunur. Azərbaycanda da təbii artımın statistik təhlili göstərir ki, əvvəlki illərə nisbətən bir qədər ləngimə yaşanır. Hətta 2023-cü ilin statistikasında gördük ki, təbii artımda əvvəlki illərə nisbətən 15 faiz enmə dinamikası var. Bu il də təqribən oxşar statistika özünü göstərir.

Azərbaycan uzun müddət ənənəvi, patriarxat bir cəmiyyət olub. Belə cəmiyyətlərdə qaydalar, normalar daha çox cəmiyyət tərəfindən müəyyənləşir. Buradan daha çox ağsaqqal, ağbirçək arxetipləri var. Hətta ailə planlaşdırılmasında da bu cür arxetiplər təsir göstərirdi. Bildiyimiz kimi, Azərbaycan Sovet İttifaqının tərkib hissəsi olan dövrdə İkincisi Dünya müharibəsindən sonra itkilərin yerini doldurmaq üçün dövlət səviyyəsində demoqrafik siyasəti təşviq edən bir sıra alətlər işə salındı. O cümlədən uşaqpulu tətbiq olundu, “Qəhrəman ana” adı təsis olundu. Çoxuşaqlı ailələrə imtiyazlar, xüsusi üstünlüklər verilirdi. Bu da şübhəsiz ki, təbii artımı təşviq edirdi. Beləliklə də Azərbaycanda çoxuşaqlı ailə bir trend halını almışdı. Ancaq Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqillik əldə edərək, artıq qlobal dünyaya açıldı. İnsanlar dünya ölkələri ilə əlaqə qurandan sonra başa düşdülər ki, çox uşaq yox, daha keyfiyyətli uşaq böyütmək lazımdır. Yəni, uşağına syına yox, onun təhsili, karyerası, mənzil-məişət məsələlərinin həllinə fokslanmağa başladılar. Buna görə də, bu gün Azərbaycanda daha çox bir, iki, ən yaxşı halda üç uşağa üstünlük verirlər. Bu, həm insanların ailə-uşaq məsuliyyətini başa düşərək çətinliyə çiyin verməmək istəyi ilə bağlıdır. Yəni bunlar həm də daha eqoist həyat, daha rahat yaşamaq istəyi ilə bağlıdır".

Ekspert onu da qeyd etdi ki, insanların çoxuşaqlılığa marağını artırmaq üçün motivasiya edici dəstək tədbirləri olmalıdır:

“Düzdür, Azərbaycanda çoxuşaqlı ailələr üçün güzəştlər nəzərdə tutulur, imtiyazlar var. Beşdən çox uşağı olan ailələrə təqribən 105 manat civarında müavinət verilir. Ancaq bu, digər ölkələrlə, eləcə də qardaş Türkiyə ilə müqayisədə o qədər də təşviqedici dəstək aləti kimi görünmür. Hesab edirəm ki, əgər həqiqətən də Azərbaycanda təbii artımı təşviq etmək zərurəti varsa, o zaman bir sıra sosial dəstək tədbirləri görmək olar. Çünki təbii artımda gerçəkdən ləngimə müşahidə olunur. Bu isə yaxın perspektivdə olmasa da, orta və uzaq perspektivdə Azərbaycanın həm əmək bazarında, həm təhlükəsizlik, həm səfərbərlik məsələsində çətinliklər yarada bilər. Odur ki, bu cür problemlərlə üzləşməmək üçün lazımı tədbirlər görmək zəruridir”.

Ü.Şəfiyevin sözlərinə görə, on il əvvəlki statistika ilə müqayisədə Azərbaycanda gənclərin sayında da azalma müşahidə olunur:

“On il əvvəl Azərbaycanda gənclərin sayı 29-30 faiz idisə, indi 20-21 faiz təşkil edir. Eyni zamanda xaricə gedən gənclərimiz də var. Bu da şübhəsiz ki, təbii artırma təsir göstərir. Eyni zamanda rayonlardan paytaxtda axın güclüdür. Bu da şübhəsiz ki, nikahların bağlanmasına mənfi təsir göstərir. Çünki təbii artım həmişə bölgələrdə daha çox olub. Əgər gənclər paytaxta axın edirsə, demək bu, təbii artıma və nikahın bağlanmasına da təsir göstərir. Bütövlükdə gənclər arasında evlənmək həvəsi azaldıb, çünki gənclər sanki eqoist həyat yaşamaq istəyirlər. Ailə, uşaq məsuliyyəti çəkmək istəmirlər. Hətta Asiya ölkələrində, Çində, Yaponiyada gənclər arasında "subaylıq sindromu" deyiləm bir sindrom yayılıb ki, onlar virtual aləmə kökləniblər, ünsiyyət ehtiyaclarını virtual vasitələrlə ödəyirlər deyə, artıq heç real ailə həyatına bağlanmırlar. Ola bilsin ki, qlobal dünyanın bir parçası kimi həmin tendensiya Azərbaycan gənclərinə də təsir göstərir”.

Sosioloq gənclərin ailə qurmamasının digər səbəblərindən də danışdı. Bildirdi ki, gənclər arasında işsizlik əhalinin digər təbəqələrinə nisbətən daha çoxdur:

“Rəsmi statistikaya istinadən deyə bilərik ki, ölkədə işsizlik 5,6 faizdir. Ancaq gənclər arasında işsizlik 11 faizdən yuxarıdır. Bu da o deməkdir ki, gənclər əgər məşğul deyilsə, məşğulluq səviyyəsi aşağıdırsa, onlar demək ki, ailə qurmağa maraqlı deyillər. Həm də gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı daha təsiredici alətlərdən istifadə etmək lazımdır. Düzdür, Azərbaycanda güzəştli mənzillər fondu var. Hansı ki, bu gənclərin bəlli bir kateqoriyasını əhatə edir. Bu kateqoriyaları genişləndirmək və ipoteka şərtlərini gənclər üçün bir qədər də münasib etmək olar. Məsələn, yaxşı olar ki, regionlarda olan gənclərə pay torpaqları və onların mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün şəhərə nisbətən daha aşağı ipoteka kreditləri ayrılsın.

Qardaş Türkiyədə gənc ailə fondu yaradılıb və bu fond gənc ailələrə faizsiz kreditlər verir. 4 il sonra isə gənclər kreditləri yüksək güzəştli şərtlərlə ödəməyə başlayır. Oxşar layihə Azərbaycanda da tətbiq oluna bilər. Azərbaycan elə bir bölgədə yerləşir ki, buradan həmişə keyfiyyətli insan kapitalı olmalıdır və həm əsgərlik baxımından, həm rasional əmək qabiliyyətli keyfiyyətli insan kapitalı olmalıdır. Bu baxımdan Azərbaycanda da demokratik siyasi dəstəkləməyə tədbirlər davam etməkdədir.

Gənclərin məşğulluq məsələsinə daha çox diqqət yemək lazımdır. Onların mənzil, məişət şəraitini yaxşılaşdırmaq üçün daha güzəştli şərtlər tətbiq edilməlidir. Hətta sahibkarla sifariş vermək olar ki, mənzillər tikilsin və həmin mənzillər gənclərə, gənc ailələrə kirayə versin. Bəlli bir müddətdən sonra həmin mənzil gənclərə qalsın. Və həmin sahibkarlara da bəzi vergi güzəştləri etmək olar”.

Ü.Şəfiyev bütün bu məsələlərin həlli üçün gənclərin təhsil almalı olduğunu da vurğuladı:

“Birinci növbədə çalışmaq lazımdır ki, gənclər təhsil alsın, karyera qursun və işlə təmin olunsun. Bundan sonra onun mənzil, məişət şəraitini yaxşılaşdırmaq olar. Bu da şübhəsiz ki, gənclər arasında ailəyə, uşaq dünyaya gətirməyə marağı artacaq. Bütün bu aktiv və proaktiv layihələri tətbiq etmək lazımdır ki, Azərbaycanda da demoqrafik siyasət dəstəklənsin, daha çox təbii artım dinamikası müşahidə olunsun. Bunlar kompleks tədbirlərdir və mütəmadi olaraq dayanıqlı şəkildə edilməlidir ki, hədəfimizə nail olaq”.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm